“Azərbaycanda ictimaiyyətin müxtəlif təbəqlələrini əhatə edən belə bir koalisiya ilk dəfədir yaranır”
“El” hərəkatının sədri Eldar Namazov Milli Şuranın yaradılması ilə bağlı açıqlama verib. O, “ans press”ə açıqlamasında qurumun yaradılmasının gərgin müzakirələr fonunda elan edilməsi məsələsinə münasibət bildirib: “Milli Şurada Azərbaycanın 100-dən artıq ziyalısı, ictimai xadimi və gəncləri bir araya gəlib. Azərbaycanda ictimaiyyətin müxtəlif təbəqlələrini əhatə edən belə bir koalisiya ilk dəfədir ki, yaranır. Təbii ki, məsələlərə fərqli baxışları olan bu qədər insanı bir araya gətirmək üçün ortaq məxrəc tapılmalı idi. Bu müzakirələr təbii haldır. Qeyri-adi hal olan odur ki, biz buna nail ola bildik. Ən vacibi budur”.
Eıdar Namazov mətbuatda səsləndirilən özünün və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyovun Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsinə qarşı çıxmaları məsələsinə də münasibət bildirib: “Mən bu Avropaya inteqrasiya məsələsi ilə bağlı yeganə faktı sizə deyim, bununla da hər şey aydın olacaq. Mən, Eldar Namazov olaraq Azərbaycanın milli ictimai Avropaya İnteqrasiya Komitəsinin təsisçisiyəm və bir müddət sədr olmuşam. Avrointeqrasiya ilə bağlı Avropa Şurasının keçirdiyi tədbirlərdə hökumət nümayəndələri ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iştirak etmişəm. Yəni bu haqda mənim barəmdə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil“.
Eldar Namazovun Milli Şuranın yaradılması ilə bağlı müzakirələrdə Azərbaycanın xarici siyasət oriyentasiyasının necə olmasının müzakirə mövzusu olmadığını bildirib.
“El” hərəkatının sədri yaxın günlərdə Milli Şuranın bəyannaməsinin ictimaiyyətə açıqlanacağını bildirib.


