Abbas Abbasovdan ilginc mesajlar

abbas abbasov“Biz demokratik cəmiyyətdə yaşamaq istəyirik; Bizə qarşı duranlar gedəcəklər”

Rusiya Azərbaycan Təşkilatları İttifaqı və «Azərros»un Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasov hər iki qurumun Azərbaycanlılar Liqası ilə birgə Samara vilayətində təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri ilə bağlı «Azərros» informasiya agentliyinə müsahibə verib. Tədbir barədə geniş məlumat verən A.Abbasov bildirib ki, təmsil olunduğu qurumun əsas vəzifəsi həmvətənlərinin birliyinə nail olmaqdır. Lakin o bu işdə Azərbaycanın bəzi təşkilatları və dövlət strkturlarından dəstək almadıqlarını da dilə gətirib. Bununla bağlı suala cavab verən A.Abbasov bunları deyib: «Bu həmin təşkilatların və dövlət strukturlarında təmsil olunanların bədbəxtçiliyidir. Onların bizi dəstəkləməməsi nə qədər pərakəndə olduğumuzu, birləşməyimizə nə dərəcədə mane olduqlarını göstərdi. Biz buna çalışırıq, ancaq müqavimət görürük. İndi hamı anlayır ki, belə vəziyyət təkcə Rusiyadakı Azərbaycan icmaları arasında deyil, həm də Ukraynada, Belarusda, Özbəkistanda, hər yerdə eyni vəziyyətdir. Bütün bunlar bizə sırınan yanlış milli özünüdərk siyasətidir. Bu kökündən bizim milli maraqlarımıza ziddidir. Bu xalqımızın birləşməyinə xidmət etmir. bütün bədbəxtçilik də bundadır».
A.Abbasov bu situasiyada RATİ və «Azərros»un ata biləcəyi addımlara da toxunub: «Bu ictimai təşkilatların əsas məqsədi həmvətənlərimizi birləşdirməkdir. Buna mane olacaqlar, müqavimət göstərəcəklər, ancaq biz yenə də üstün gələcəyik. Millət olaraq bizi ayırmağa, pərakəndə salmağa imkan verməyəcəyik. Onsuz da ayrılmışıq. İnsanlarımız dünyanın hər yerinə «səpələnib». Ancaq birləşəcəyik. Biz güclüyük. Heç kim millətimizin birləşməyinə mane ola bilməz. Biz bir-birimizi sevirik və hörmət edirik. Hazırda bizə qarşı duranlar isə gedəcək, inanın mənə. Onlar gedəcək. Onlar olmayacaq. İstəsəniz onların adlarını da çəkə bilərəm. Ancaq xalq onları tanıyır və onlara layiq olduğu qiyməti verəcək. Kimliyindən asılı olmayaraq, heç kimə millətimizi tapdalamağa imkan verməyəcəyik. Biz bütün insanların azad olduğu, seçki hüququna malik olduğu demokratik cəmiyyətdə yaşamaq istəyirik. Deyirlər Allah adamı cəzalandırmaq istəyəndə ağlını əlindən alır. İstəyirəm ki, hamımız bilək: xalqımız güclü olmalıdır, ona görə də bir yaşamalıdır”.