Samir Əliyev: «Iqtisadiyyatın başqa sahələri, xüsusən də aqrar sahə sıradan çıxır və ölkə büdcəsi daha çox neftdən asılı olur»
Neft ixracatçısı olan ərəb ölkələrində baş verən üsyanlar “qara qızıl”ın qiymətinin kəskin bahalaşmasına səbəb olub. Lakin ekspertlər bunu təhlükəli amil kimi qiymətləndirir. Artıq Rusiya baş naziri Vladimir Putin də neftin bahalaşmasının ölkə iqtisadiyyatına mənif təsir edəcəyini deyib. Bəs Azərbaycan iqtisadiyyatına neftin qiymətinin bahalaşması nə vəd edir?
Iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, Azərbaycandan fərqli olaraq Rusiya öz milli valyutası olan rublu ucuzlaşdırmaq siyasəti yürüdür. Çünki əsas məqsədi öz ixracını stimullaşdırmaqdır. Lakin son vaxtlar neftin qiymətinin artması rublun da bahalaşmasına gətirib çıxarıb. Bu da müəyyən narahatçılığa səbəb olub.
Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkədə son yarım ildə milli valyutanın bahalaşması müşahidə edilir. Baxmayaraq ki, Mərkəzi Bank manatın kursunun sabitliyini təmin etməyə çalışır. Neftin bahalaşması nəticəsində isə ölkəyə daxil olan neft dollarlarının həcmi artır. Bu da ölkə iqtisadiyyatının neftdən asılılığını bir qədər də artırır. Eyni zamanda iqtisadiyyatın digər sahələri, xüsusən də aqrar sahə sıradan çıxır və ölkə büdcəsi daha çox neftdən asılı olur. Nəticədə ölkə iqtisadiyyatının diversifikasiya imkanları azalır.
S.Əliyevin sözlərinə görə, milli valyutanın bahalaşması nəticəsində ölkənin ixrac potensialı zəifləyir və arzuolunmaz vəziyyət yaranır. Digər tərəfdən, ölkədə yerli istehsalın rəqabət qabiliyyəti aşağı düşür. Xarici məhsullarla müqayisədə yerli məhsulların qiyməti baha olduğundan onlar alınmır. Bu da yerli istehsalın sıradan çıxmasına gətirib çıxarır. Bir sözlə, milli valyutanın bahalaşması nəticəsində ölkə bazarlarında idxal məhsullarının sayı kəskin artır. Bu da ümumilikdə ölkə iqtisadiyyatını xarici idxaldan asılı vəziyyətə salır.
Fizza