Bu gün Cümhuriyyətin 95-ci ildönümüdü
Nə Hollandiyadan gül gətirilib, nə Azərbaycanın bölgələrində konsertlər təşkil olunub, nə də müğənnilər repertuarlarına “Rəsulzadə” mahnısı daxil ediblər. Heç lazım da deyil. Bizim dəyər verdiklərimizə bizdən olmayanların yalançı sevgisini istəmirik. Hakimiyyət onsuz da Cümhuriyyət dövrünə və onun liderlərinə öz münasibətini açıq etiraf edib.
Bəli, 90 yaşlı kişinin yubileyində, 95 yaşlı dövlətin tarixini gizlətmək yolunu tutdular. Bu, təkcə keçmişə hörmətsizlik deyil, həm də bu günə və sabaha münasibətdi. Cismən bu dünyada olmayan Cümhuriyyət liderlərinə qarşı qısqanclıq, yalnız tarixi maddiyyata qurban verənlərin düşüncəsinə xas ola bilər.
Məhəmməd Əmin Rəsulzadə öz adına park saldırmamışdı, muzey tikdirməmişdi, özünə heykəl qoydurmamışdı. Ancaq qəlblərdə özünə məhəbbət sarayı tikdirmişdi, beyinlərdə heç vaxt uçurula bilməyəcək heykəl ucaltmışdı.
Məhəmməd Əmin Rəsulzadə “Əsrin müqaviləsi”ni imzalayıb milyardlar mənimsəməyib, “Əsrimizin Siyavuşu”n yazıb.
Bu rejim özü kimi düşünməyənləri lənətləyir.
Bu gün də Rəsulzadə sevənləri bir yerə toplaşmağa qoymurlar. Azadlığa nifrət edirlər, bərabərliyi alçaqlıq sayırlar, qanunlardan güclü olmaq istəyirlər. Çünki madiyyatdan başqa sığınacaq komaları, dayaqları yoxdur.
Bu rejimin hakimiyyətdə sona qədər qalmaq istəyinin bir səbəbi də odur ki, pulsuz, vəzifəsiz heç kimə lazım olmadıqlarını bilirlər.
Bəli, bilirlər ki, insanlar qorxduqları üçün onlara hörmət eləyir.
Rəsulzadə və Cumhuriyyət dövrünə nifrət həm də ona görədir ki, bu gün məhrumiyyətlərə baxmayaraq zalımla mübarizə aparanlar Cümhuriyyət dövründən qidalananlar və onların ideyalarını miras alanlardı.
20 ildir müxalifətdə qalıb, qərargahdan məhrum olub, buna baxmayaraq hər gün təşkilatlanan, yeni üzvlər qəbul edən, həbslərə, təhdidlərə, pulsuzluğa, baxmayaraq əqidəsindən dönməyən insanlar hələ də varsa, bu, mənəvi zənginliyin göstəricisidi. Bu rejimsə heç vaxt o yüksəkliyə qalxmayacaq.
Ləyaqətli insanlar mübarizə aparmamaq üçün bəhanə axtarmırlar.
Bu hakimiyyətin heç bir repressiyası mübariz insanları dayandırmaq üçün səbəb olmur. Hətta Rəsulzadəni unutdurmaq cəhdi də, hər il onun heykəlini yad etməyimizə mane ola bilmir.
Bu hakimiyyət istəyir ki, Azərbaycan tarixi bunlarla başlayıb, bunlarla bitsin.
Ona görə də “Gül bayramı”, “Qurtuluş günü” kimi təqvimlər yaradıb, beyinlərə və kitablara hörmək istəyirlər.
Özlərinə heykəllər qoymaqla, xalqın düşüncəsini, yaddaşını, tarixini də heykəlləşdirmək istəyirlər.
Ancaq dünyanın heç vaxt dəyişməyən bir ənənəsi var. Həqiqət, ədələt, cəsarət anlayışları heç vaxt tamam məhv edilə bilməyib. Əgər bu dəyərlər yer üzündən köklü şəkildə silinsəydi, insan cəmiyyəti məhv olardı.
Bəli, pələng libası geyinmiş tülkülər özünü meşənin ağası elan edə bilər. Ancaq pələng həyatı yaşaya bilməz, meşənin təbiətin dəyişə bilməz.
Bir də ki, bütün libaslar cırılmağa məhkumdur. Hələ bu libas başqasına məxsusdursa, əynindən zorla çıxarılmaq ehtimalı da var.
Bu xalq ətrafa müvəqqəti ətir səpən güllərin təsirinə düşməyəcək. 95 ildir ətri burnumuzdan getməyən gülüstana üz tutacaq.
Bir də ki, yad ellərdən gətirilmiş milyonluq güllər, vətən sevdalılarının ürəyini bulandırar.
Biz unudulmalı olanları unuduruq, unudulmazlar isə yaddaşımızın əbədi qonağıdı.
28 mayda güllərimizə su verməyi unutmayaq.

Güllərin içində gizlədilən Cümhuriyyət
•