«İlham Əliyevin biznes maraqları ona böyük var-dövlət toplamaq imkanı yaradıb»
Son dövrlər Qərb mediasında Azərbaycandakı rejimin mahiyyətindən bəhs edən materialların sayı artıb. Nüfuzlu qəzet və jurnallar, telekanallar auditoriyalarına Azərbaycandakı avtoritar hakimiyyətin özbaşınalıqlarını, ölkədə insan hüquqlarının acınacaqlı vəziyyətini çatdırırlar. BBC korporasiyası da vaxtaşırı bu mövzuda materiallar yayımlayır. Təkcə son bir neçə gündə BBC Azərbaycanın tarixi və hazırkı durumundan bəhs edən üç material hazırlayıb.
Bunlardan biri də “Azərbaycanın profili” adlı məqalədir ki, burada ata və oğul Əliyevin fəaliyyətindən, o cümlədən seçkilərin saxtalaşdırılması, müxalifətə qarşı təzyiqlərdən bəhs olunur.
Məqalənin tərcüməsini təqdim edirik:
Qərb Əliyevin “rekordlarını” tez-tez tənqid edir
İlham Əliyev hakimiyyəti 2003-cü ildə atasından miras alıb. Heydər Əliyev öz oğlunu “siyasi varis” kimi təsvir edirdi. Atası öləndə Ilham Əliyev artıq baş nazir, Dövlət Neft Şirkətinin vitse-prezidenti və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini idi.
Ilham Əliyev 2003-cü ildə keçirilən seçkidən sonra prezident oldu. Qərb müşahidəçiləri həmin seçkini kəskin tənqid etdilər. Onların sözlərinə görə, bu seçki kampaniyası seçicilərin qorxudulması, zorakılıqla müşayiət olunub. Müxalifətin mitinqləri polis zorakılığıyla dağıdılıb. Çoxsaylı həbslər həyata keçirib.
Keçmiş sovet kommunist lideri olan Heydər Əliyev Azərbaycan müstəqilliyini qazanandan sonra 1993-cü ildə yenidən hakimiyyətə gəldi və Azərbaycanı dəmir yumruqla idarə etdi. Insan hüquqları və media azadlığı sahəsində onun nail olduğu “rekordlar” Qərbdə tez-tez tənqid olunur.
Müxalifətin Ilham Əliyevin demokratiya yoluyla gedəcəyinə ciddi şübhəsi var.
2005-ci ilin noyabrında parlament seçkisindən sonra Bakıda müxalifətin mitinqi polis zorakılığıyla dağıdıldı. Avropa Ittifaqı və ATƏT-dən olan müşahidəçilər bəyan etdilər ki, həmin seçki də beynəlxalq standartlardan çox uzaq olub.
2008-ci ildə əsas müxalifət partiyaları prezident seçkisini boykot etdi. Cənab Əliyev ikinci müddətə prezident oldu. Qərb müşahidəçiləri bildirdilər ki, bu seçki də demokratik standartlara cavab verməyib.
Hakimiyyətini möhkəmləndirmək və üçüncü müddətə prezident seçilmək üçün Ilham Əliyev 2009-cu ildə referendum vasitəsilə Konstitusiyada bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə qoyulan məhdudiyyəti aradan qaldırdı.
2010-cu ildə keçirilən parlament seçkisində YAP parlamentdəki yerlərinin sayını daha da artırdı və müxalifət partiyalarına bircə yer də verilmədi. Beynəlxalq müşahidəçilər yenə də seçkini kəskin tənqid etdilər.
Ilham Əliyev 1961-ci ildə anadan olub. Ilham Əliyevin biznes maraqları ona böyük var-dövlət toplamaq imkanı verib. Evlidir və üç övladı var.
Siyasət şöbəsi