qurban memmedov

“Xalq neçə ildir müxalifətin birliyini gözləyir”

qurban memmedov“Yatmış şir, yəni xalq ayağa qalxanda bu rejimin sonu olacaq”

Qurban Məmmədov: «Milli Şuradan kim müxalifətin vahid namizədi kimi seçkiyə qatılsa, xalq ona səs verəcək»

Milli Şura ideyasının hakimiyyət dairələrində yaratdığı narahatçılıq açıq formada hiss olunur. Eyni zamanda cəmiyyətdə Milli Şuraya olan ümid bu birliklə bağlı böyük gözləntilərin olduğunu deməyə əsas verir. Hüquqşünas  Qurban Məmmədovla müsahibəmizə Milli Şuranın yaradılması ətrafında baş verənlərə münasibət öyrənməklə başladıq:

– Əlbəttə ki, burada cəlbedici Milli Şuranın adı deyil. Burada söhbət Azərbaycan xalqının uzun müddət müxalifətin birləşmə arzusunun reallığa yaxın olmasından gedir. Xalq neçə ildir ki, bunu gözləyir, xalq dodaqları susuzluqdan çatlamış səyyah vəziyyətindədir. Bu baxımdan Milli Şuranın yaradılması artıq bir sosial sifarişdir. Hakimiyyətin baş verənlərdən narahat olmasına gəlincə, burada qeyri-adi heç nə yoxdur. Hakimiyyət baş verənlərdən təşviş keçirməlidir. Hakimiyyət gözəl bilir ki, xalqın 85 faizi hələ ki, onların cinayətlərini susqunluqla izləyir. Amma baş verənlərdən xəbəri var. Lakin bu yatmış şir məhz müxalifət pərakəndə olduğuna görə bu haldadır, gözləmə mövqeyindədir. Hakimiyyət gözəl bilir ki, müxalifət birləşən kimi yatmış 85 faizlik şir ruhlanacaq, onu gözləyən gələcəyi görərək, ayağa qalxacaq. Bu şir ayağa qalxanda isə rejimin sonu olacaqdır. Ona görə Milli Şuranın yaradılması hakimiyyət tərəfindən süngü ilə qarşılanacaqdır. Bunu hamı bilməlidir. Bu yolda yüzlərlə həbslər, təzyiqlər olacaq. Ona görə hamı götür-qoy etsin. Bu hücumlara, şantajlara dözə bilməyəcək adamlar  bəri başdan Milli Şuraya daxil olmasınlar. Çünki sonradan Milli Şuranı tərk edəndə təşkilat dağıldı, oradan kimsə getdi imitasiyasını yaratmasınlar.

Milli Şuranın yaradılması prinsiplərinə diqqət edilməlidir

– Özünə müxalifət deyən bəzi partiyalar da bütün gücü ilə Milli Şura ideyasını qaralamaqla məşğuldur. Hətta fərdi şəxslər, kiçik partiyalar böyük ambisiyalardan çıxış edirlər. Halbuki ən böyük partiyalardan birinin sədri  AXCP Əli Kərimli milli maraqlar naminə bu ambisiyalardan uzaq olmağı təklif edib?
– Mən sosail şəbəkədə iki status yaymışdım. Bu statuslar Milli Şuranın yaradılması prinsipi ilə bağlı idi. Birinci fikir bu idi ki, sən maşınsan, mən bir təkər. Maşın çarxsız hərəkət edə bilməz. Ona görə də bəzən ədalətsiz də olsa yarıbayarı təklifə razı olmalısan. Bu baxımdan özünü müxalifət elan edən və Milli Şuraya gəlmək istəyənlər qarşılarına konkret məqsədlər qoymalıdırlar. Birinci məqsəd hazırkı rejimin aradan qaldırılması, ikinci xalqın təşkilatlanmasıdır. Bunlara imza atan hər bir şəxs, hər bir partiya sədri həmin təşkilatda oturmaq haqqı əldə edir.
Necə ki, “La ilahə illalah” deyən dərhal müsəlman olur, bu şərtləri qəbul edən də Milli Şuraya daxil olur. Bu prosesdə kim özünü necə aparacaqsa, xalq da onun qiymətini verəcək. Qucağı geniş açmaq lazımdır. Mənim də adım Milli Şuraya namizədlər arasında mətbuatda hallanır. Amma mən fikirləşirəm ki, şəxsən mənim də, iri partiya sədrinin də təşkilatda bir səslə təmsil olunması ədalətsizlikdir. Çünki mənim çağırışımla yüzlərlə adam ayağa qalxmayacaq. Mənim tərəfdarlarım ailəm, dostlarım, tanışlarımdır. Bilmirəm, Milli Şuranı yaradan dostlarımız hansı prinsipə üstünlük verəcəklər. Amma yaxşı olar ki, Milli Şura partiya sədrlərindən, QHT, təşkilat, fond rəhbərlərindən təşkil olunsun. Həmin qurum ictimaiyyət xadimlərini, ziyalıları, hüquqşünasları bir məşvərət məclisinə yığsın və bu şəxslər də səs hüququna sahib olsunlar. Hörmətli Əli Kərimli bütün ambisiyalarından geri çəkilməyə hazır olduğunu bəyan edir. Bu çox gözəl təşəbbüsdür. Amma əvvəlcə o da nəzərə alınmalıdır ki, Milli Şuranın yaradılması prinsipləri ədalətli olmalıdır. Milli Şuranın yaradılması prinsipləri ədalətlidirsə və cəmiyyət də onları bəyənirsə, artıq bu quruma ağız büzənlər digər tərəfdən bu təşkilatı bəyənməyib, amma ora gəlmək istəyirsə, bu, hakimiyyətin maraqlarına xidmət edir. Amma Milli Şuranın yaradılmasında ciddi nöqsan görənlər və bunu sübut edənlər varsa, onları da dinləmək lazımdır. Milli Şuradan kim müxalifətin vahid namizədi kimi seçkiyə qatılsa, xalq ona səs verəcək. Amma bu gün vacib olan məsələ birliyə nail olmaqdır. Bu baxımdan Əli bəyin mövqeyi düzgün və reallığa uyğundur. Amma digər qüvvələrin də iradları tutarlıdırsa, onları dinləmək gərəkdir. Hazırda yaşananlar 2013-cü il seçkilərində sonuncu şansımızdır.

Milli Şura üzvü olmaq məşəqqətlər tələb edir

– Maraqlıdır ki, cəmiyyətdə pozitiv dəyişikliklərin tərəfdarı olan bəzi ziyalılar da Milli Şura ideyasına qoşulmur və bunu siyasətdən uzaq olması ilə izah edir. Belə bir həssas məqamda kənara çəkilmək nə dərəcədə doğrudur?
– Ona görə Milli Şuraya üzv olan adam gözünün önünə bütün təzyiq, çətinlikləri almalıdır. Azərbaycan xalqı 2003-cü ildən bu günə qədər kriminal, cinayətkar rejimlə üzbəüzdür. Bunu xalq başa düşməlidir və əxlaqa uyğun addımlar atmalıdır. Amma insanların da hamısından qəhrəmanlıq gözləmək olmaz. Ona görə bəzi ziyalıların mövqeyi başadüşüləndir.

– Bu günlərdə hakimiyyət növbəti bir “ilkə” imza atıb. Bir müddət əvvəl mitinqdə çəkinmədən qadını, Gözəl Bayramlını həbs etdilər. Indi də Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşını ona qarşı qaldırıblar. Buna nə ad vermək olar?
– Biz cinayətkar psixologiyalı cinayətkar dəstə ilə üzbəüzük. Cinayətkarın əxlaqı necə ola bilər? Bu adamlardan hər şey gözləmək olar. Müxalifətçilərin şəxsi həyatına müdaxilə edərək əldə etdiyi “faktları” ictimailəşdirənlərdən nə gözləmək olar. Axı bu proqramlara hakimiyyətdəkilərin ailə üzvləri də baxır. Bu əxlaqsız kampaniyaya yaşıl  işıq yandıranlardan nə gözləmək olar?

Cəmiyyət aktiv olsa, beynəlxalq dəstək olacaq

– Hakimiyyətin interneti məhdudlaşdırmaq cəhdləri yenə də davam edir. Əli Həsənov yenə də bildirib ki, internet “sahibsiz pişikdir”, evlərə girir. Əslində hakimiyyət özü internet və televiziyadan rəqiblərinə qarşı istifadə edir. Interneti məhdudlaşdırmaqla nəyə nail olmağa çalışırlar?
– Onsuz da hakimiyyət interneti nəzarətdə saxlayır. Kimin nə yazdığını hakimiyyət görür. Amma internetdəki təhqiramiz fikirlərə qarşı tədbirlərin görüləcəyi normal addım sayıla bilər. Halbuki Mülki Məcəllədə elektron vasitələrdə də təhqirə görə məsuliyyət – cəza nəzərdə tutulur.
Amma hər halda biz bilməliyik ki, başqa adamın haqqında internetdə olsa belə təhqirə yol vermək yolverilməzdir.
Əgər hakimiyyət internetə çıxışı məhdudlaşdırmaq istəyirsə, bu, söz və mətbuat azadlığının boğulmasıdır. Buna cəmiyyətin reaksiyası çox sərt ola bilər. Suyun qabağını müəyyən həddə qədər kəsə bilərsən. Ondan sonra mümkün deyil. Çünki sonda su özünə yer tapıb axacaq. Su çıxmağa yol tapmasa, sonda bəndi dağıdacaq. Hakimiyyət əgər başını itiribsə, mənim  də internetə çıxışımı məhdudlaşdırsın. Belə çıxır ki, hüquqlarımın pozulmasına diqqət cəlb etmək üçün özümü şəhərin mərkəzində bir neçə nəfərlə yandırmalıyam.
Indiki hakimiyyət dövləti bu yol ilə terrora aparır. Bu qorxulu tendensiyadır.

 – Əli Həsənov Azərbaycana olan təzyiqlərdən də danışıb. Və belə məlum oldu ki, hazırda hakimiyyət bütün dünyanın hədəfindədir. Bir qayda olaraq cəmiyyət seçkidən sonra haqlı olaraq beynəlxalq təşkilatları hədəfə alır. Amma bu dəfə fərqli stuasiya ola bilərmi? Cəmiyyət aktiv olarsa, beynəlxalq təşkilatlar ölkəmizdə baş verənlərə müsbət reaksiya verə bilərmi?
– Düşünürəm ki, bu, sadəcə olaraq hakimiyyətin yaratmaq istədiyi bir görüntüdür. Hakimiyyət elə təəssürat yaratmaq istəyir ki, onun hədəfə alınması sonu yaxınlaşdıra bilər.
Bu səhv olaraq cəmiyyəti aktivlikdən yayındıra bilər. Çünki xalq deyəcək ki, bunlar onsuz da təklənib. Ona görə evdən çıxmağa dəyməz. Cəmiyyət aktiv olsa, mövqeyini ortaya qoysa, beynəlxalq dəstək də olacaq. Avropa və Amerika o zaman qəti mövqe ortaya qoyacaq ki, xalq ayağa qalxaraq hüquqların tələb edəcək.  Xalq yalnız özünə güvənməlidir.

Xalq hakimiyyəti dəstəkləyirsə, nəyə görə normal seçki keçirilmir?

– Əli Həsənov gənclərlə bağlı tədbirdə çıxış edərək vurğulayıb ki, YAP hakimiyyətdən getməyə hazırlaşmır. O hakimiyyətyönlü gənclərə müraciət edərək onları  vəzifələrə hazırlaşmağı tövsiyə edib.
– Hakimiyyətin gəncləşdirilməsi mənim “Xilas düsturu” ideyama uyğundur. Mən də o fikirdəyəm ki, Azərbaycanın idarəçiliyindəki kadrların ən azı 85 faizi gəncləşməlidir. Mən hakimiyyətin bu siyasətin dəstəkləyirəm. Amma bir şərtlə həmin gənclər bu hakimiyyətin məktəbində zəhərlənmiş, tərbiyəsi pozulmuş, rüşvətə alışdırılmış gənclər olmasın.
Bu gənclər beynəlxalq təcrübələrini tətbiq edə bilmirlər. Yeni təhsil nazirini öz məktəblərindən keçirəndən sonra vəzifəyə qoyublar. Guya bu, təhsili düzəldəcək. Təhsil əksinə daha pis vəziyyətə düşəcək.

– Hakimiyyət keçirdiyi sorğularda guya xalqın böyük əksəriyyətinin onlardan razı olduğunu və dəstəklədiyini bəyan edir. Bu nə dərəcədə real nəticədir?
– Onlar yalnız yaxınlarının rəyini nəzərə alıb danışırlar. Əgər özlərinə güvənirlərsə, tərəfsiz xarici kanala çıxaq  və əhalinin səslərini hesablayaq. Əgər xalq sizi dəstəkləyirlərsə, nəyə görə normal seçki keçirmirsiz, korrupsiya ilə məşğulsuz, Qurban Məmmədovun mandatını  satırsız?

– Hakimiyyət müstəqil mətbuatı susdurmaq üçün böyük həcmdə cərimələr kəsdirir. Ancaq məlumdur ki, Azərbaycanda hətta xüsusilə ağır cinayətlərə görə 1600 manatdan artıq cərimə nəzərdə tutulmayıb. Belə olan halda qəzetlərin 30-35, bəzən 100 min manat cərimələnməsinə nə ad vermək olar?
– Burada məqsəd aydındır. Belə məsələlərdə rejim həyasız sifətini gizlətmir. Bunlar xalqla küçə uşağı kimi davranırlar. Hakimiyyət məhkəmədən intiqam dəyənəyi kimi istifadə edir. Bu, məhkəmə deyil. Bu hakim korpusuna, prokurorluğa, polisə sabah desən ki, ən yaxın qohumunu tut, bunu edəcək. Ona görə “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə qarşı cərimələr qanuni addım deyil. Məhkəmələrdə müxalifətçilərin üzünə adamlar çıxardaraq, yalan ifadələr alırlar.

– Adətən avtoritar rejimlər də seçki ərəfəsində həm beynəlxalq aləmin mövqeyini yumşaltmaq, həm də xalqın səsinin qazanmaq üçün pozitiv istiqamətdə addımlar atır. Azərbaycan hakimiyyəti isə tamamilə fərqli yol tutub.  Seçki ərəfəsində qanunlar daha da sərtləşir, beynəlxalq təşkilatlarla problemlər yaşanır. Bu tip addımlar hansı məntiqə söykənib?
– Bu görülən sərt tədbirlər Ilham Əliyevə verilən səviyyəsiz təkliflərdir. Onların heç biri nəticə verməyəcək. Əgər həbslə, cərimələrlə insanları susdurmaq olsaydı, Həzrəti Hüseyn Kərbəlada həlak olmazdı. Adam həlak olacağını bildiyi halda haqqı uğrunda mübarizəsini davam etdirdi. O tarixi yaşayan millətə qarşı cərimələr boş şeydir. Hakimiyyət milləti ilə barışmaq əvəzinə cinayətkar yol tutub.
Sadəcə olaraq başını itirib. Inşallah, xalq bunun  adekvat cavabını verəcək.

Xəyal