Hakimiyyətin AXCP qorxusu

Partiyaya qarşı təqib-təzyiq kampaniyasının arxasında nə dayanır?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2013-cü ili “Ölkə boyu təşkilatlanma ili” elan edib. Bundan irəli gələrək, bir çox əyalət rayonlarında müşavirələr keçirilir. Bu müşavirələr haqqında “Azadlıq” vasitəsilə ictimaiyyətə ətraflı məlumat verilir.
O da məlumdur ki, hakimiyyət son aylarda AXCP-nin rayon müşavirələrinə ən müxtəlif yollarla müdaxilə edir, bu məqsədlə iyrənc üsullara da əl atılır. Qapalı və ya açıq bir yerdə müşavirə keçirilməsi üçün yer ayrılmaması bir tərəfə, insanlara şəxsi həyətlərində, evlərində də toplantı keçirməyə icazə verilmir. Toplantılar vəhşiliklə dağıdılır, Bakıdan gedən partiya nümayəndələri təqib və təzyiqlərə məruz qalır, həbs olunur, hətta bəzən 80-ə yaxın partiya üzvü saatlarla polis şöbəsində saxlanılır. Cəbhəçilərin həyəti, əşyaları dağıdılır, maşınları yumurta atəşinə tutulur. Martın 26-da Qazaxda, aprelin 20-də Sabirabadda, mayın 5-də Şəkidə, 19-da Ağdaşda, 24-də Lerikdə polislərin cəbhəçilərə qarşı zorakılığının şahidi olduq.
AXCP-yə qarşı bu cür münasibətin səbəbi nədir? Bütün bu qanunsuzluqlar, zorakılıqların qarşılığından AXCP-nin cavab addımları nədən ibarət olacaq? Bu suallarla AXCP Ali Məclisinin sədri Həsən Kərimova müraciət etdik.
Hakimiyyətin çürük mahiyyəti, mənəvi şikəstliyi
Həsən Kərimov ilk növbədə onu bildirdi ki, AXCP-yə qarşı bu təqib-təzyiq kampaniyasıyla əlaqədar hüquqi müstəvidə də mübarizə aparacaqlar, məsələni Avropa Məhkəməsinə çıxaracaqlar: “Baş verən qanunsuzluqlar, zorakılıqlar, AXCP-yə qarşı heç bir hüquqa, əxlaqa, tərbiyəyə sığmayan hərəkətlər birinci dəfə deyil. Bütün bunlar hər şeydən əvvəl hakimiyyətin özünün siyasi mahiyyətini, əxlaqını göstərir. Hakimiyyətə yaxın olan qadınların da prosesə qoşulması, təhsil şöbəsi müdirinin bu işlərə rəhbərlik etməsi, polisin zorakılıqlarda iştirakı hakimiyyətin mənəviyyatının nə qədər çürük olmasından, bunların mənəvi baxımdan nə qədər şikəst olmalarından xəbər verir”.
AXCP Rəyasət Heyətinin bu gün keçiriləcək iclasında bu məsələlərin də müzakirə olunacağını deyən Həsən Kərimovun sözlərinə görə, artıq beynəlxalq təşkilatlar, xarici ölkə səfirlikləri də baş verənlər haqda məlumatlandırılıb: “Biz bütün bunların üstündən sükutla keçmək fikrində deyilik. Beynəlxalq ictimaiyyəti məlumatlandırırıq. Məhkəmələrə müraciət edəcəyik. Hərçənd, onu da bilirik ki, Azərbaycanda məhkəmələr siyasi sifarişlə qərar çıxarır və bu səbəbdən ədalətli nəticə gözləmirik. Sadəcə, işi Avropa Məhkəməsinə çıxarmaq üçün ölkə daxilində bütün məhkəmə instansiyalarını keçmək tələb olunur. Bu səbəbdən məcburiyyət qarşısında formal olaraq, yerli məhkəmələrə müraciət edirik”.
AXCP yetkilisi deyir ki, seçki ilində belə mənəviyyatsızlıq bəlkə, heç Afrika ölkələrində də olmur: “Bu artıq Azərbaycan hakimiyyətinin iflası deməkdir. Baş verənlər Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı apardığı mübarizənin əxlaqsız etalonundan başqa bir şey deyil”.
Hakimiyyət özünə rəqib AXCP-ni və Əli Kərimlini gördüyündən…
Hüquqşünas Qurban Məmmədov da hesab edir ki, hakimiyyət  AXCP-ni özünə rəqib gördüyündən bu partiyaya qarşı repressiyaları gücləndirib: “Bu bir daha Azərbaycanda hakimiyyətin qəsb edilməsi və qanunsuz metodlarla əldə saxlanılmasının sübutudur. Bunlar başa düşə bilmirlər ki, vətəndaşların toplaşmaq, birləşmək, sərbəst hərəkət etmək azadlığı var. Məsələn, mən bu gün Bakıdayam, sabah Lerikdə. Istəyirəm, burada dostlarımla görüşürəm, sabah Lerikdə iclas edirəm. Buna heç kim mane ola bilməz. Hakimiyyətin bu hərəkətləri cinayətkar mahiyyətdən irəli gəlir”.
Seçki öncəsi hakimiyyətin çaşqınlıq içində olduğunu deyən Qurban Məmmədovun sözlərinə görə, rejim sonunun yaxınlaşdığını hiss edir: “Sonu gecikdirmək, daha çox pul qamarlamaq, daha çox sərvət toplamaq üçün xalqın toparlanmasına, təşkilatlanmasına mane olurlar. Ona görə də hakimiyyət özünə rəqib kimi gördüyü Xalq Cəbhəsinə və Əli Kərimliyə qarşı belə quduzcasına, vəhşicəsinə tədbirlərə əl atır”.
Hakimiyyət azad və ədalətli seçkidən qorxur
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus da hakimiyyətin fövqəladə vəziyyətdə olduğunu deyir: “Iqtidar çox qorxur ki, vətəndaşlar, cəmiyyət azad, ədalətli seçki tələb edəcək. Bu tələb də təbii ki, müxalifət partiyalarının, fəal vətəndaşların dilindən səslənəcək. Ona görə də onları susdurmağa çalışırlar. Bu ilin əvvəllərində Azərbaycanda faktiki fövqəladə vəziyyət elan olunub və repressiyalar baş alıb gedir. Nə açıq havada, nə otellərdə, hətta şəxsi evlərdə də toplaşmağa imkan verilmir. Fəal vətəndaşlara, xüsusən partiya üzvlərinə qarşı repressiyalar açıq-aydın görünür”.

Bəyim Həsənli