Vəfa Quluzadə: «Mən tək oluram, heç kimə birləşmirəm mövqeyi yanlışdır və əslində mümkün deyil»
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son günlər maraqlı fikirlərlə çıxış edir. Ə.Həsənovun dilindən səslənən maraqlı açıqlamalardan biri Azərbaycanın xarici siyasət kursu ilə bağlıdır. O bildirib ki, Azərbaycan özünün gələcək təhlükəsizlik modelini NATO-nun və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmür.
Onun sözlərinə görə, Bakı Qoşulmayanlar blokuna qoşulmaq yolunu seçib və bu iki təşkilatla da tərəfdaşlıq edərək özünün bitərəf təhlükəsizlik yolunu davam etdirir. Azərbaycan kimi kiçik və gərgin regionda yerləşən bir ölkə üçün belə bir qeyri-müəyyən mövqe sərgiləmək absurddur. Çünki Azərbaycanın qonşuluğundakı ölkələr birmənalı seçim etdiyi halda rəsmi Bakının qeyri-müəyyən xarici siyasət vektoru ciddi fəsadlar vəd edir. Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın seçim etməməsi əksinə ona olan təzyiqləri daha da artırır:
– Bu məsələlərdə Azərbaycan özbaşına deyil. Dünyada hazırda yeni əhval-ruhiyyə var. Indi nə 19-cu, nə də 20-ci əsrdir. Hazırda yaşadığımız 21-ci əsr dünyada demokratiyanın bərqərar olunması dövrüdür. Bu proses öz təsirini hər yerdə gözləyir. Hansı təhlükəsizlik çətirinin altına girmək sırf Azərbaycandan asılı deyil. Mən vaxtilə bəyanat verəndə ki, Azərbaycan NATO bazalarını yerləşdirməyə hazırdır. Azərbaycanın nümayəndə heyəti ABŞ-da olanda bildirildi ki, biz NATO bazalarının ölkəmizdə yerləşdirilməsini təklif edirik. O zaman ABŞ-dan bizə cavab verilmədi. Yalnız Pentaqonda şəxsi təmaslarım zamanı ABŞ rəsmiləri bildirdilər ki, bunun vaxtı var. Hələ ABŞ tələsmir, amma vaxtı gələndə Vaşinqton Azərbaycanla sıx hərbi əməkdaşlıq edəcək. Azərbaycanda qarşıdan seçki gəlir. Hakimiyyət də siyasi iqtidarda qalmaq istəyir. Ona görə açıqlanan bəyanatlar da bu məqsəd daşıyır. Hakimiyyət istəmir ki, seçki ərəfəsində ona nə ABŞ-dan, nə Rusiyadan mənfi reaksiya olsun. Mən tək oluram, heç kimə birləşmirəm mövqeyi yanlışdır və əslində mümkün deyil.
– Əli Həsənov eyni zamanda vurğulayıb ki, bəzi dövlətlərin hələ də Azərbaycanda qoşun yerləşdirmək niyyətləri var. Və bu niyyətin təmin olunmasının qarşılığında Azərbaycanın ərazi bütövlüyü məsələsinin hansı formada həllini tapacağı isə bilinmir. Hakimiyyət təmsilçisi konkret dövlətin adın çəkməyib. Sizcə, kimlər nəzərdə tutula bilər?
– Hazırkı şəraitdə Azərbaycanda heç bir dövlət qoşun yerləşdirmək fikrində deyil. Məsələn, Rusiya Azərbaycana çox yaxında yerləşir. Azərbaycanın Qarabağın ətrafında işğal olunmuş 7 rayonu Rusiyanın nəzarətindədir. Əslində bu rayonların işğalı Qərbin planlarını əngəlləmək üçün strateji, gələcəyə hesablanmış addım idi. Rusiya hazırda siyasətini bir qədər dəyişib. Əgər Rusiya Qərblə hesablaşmasaydı Azərbaycanda da qoşun yerləşdirər, Bakını da ələ keçirərdi. 1920-ci ildə Rusiya Azərbaycanın böyük hissəsini Zəngəzuru Ermənistana verdi. Amma hazırda Rusiya Qarabağı tanımaq belə istəmir. Çünki situasiya dəyişib. Irana gəlincə, rəsmi Tehran bu addımı atmaz. Hətta biz bunu istəsək belə Iran buna getməz. Ona görə də Azərbaycanda qoşun yerləşdirmək niyyəti sadəcə olaraq bir xəyaldır. Amma göz qarşısındakı situasiya açıq və yaxındır. Cənubi Qafqaz regionu ABŞ və Avropanın maraqlarına uyğun olaraq əməkdaşlıq mühitində inkişaf edəcək.
– Şöbə müdiri deyib ki, bəzi dövlətlər Bakı-Tiflis-Ceyhan neft kəmərini yetərli saymırlar və TANAP-ın çəklişində israr edirlər. Əli Həsənov hesab edir ki, bu, cibimizin pulunu çıxarıb başqalarına verilməsi deməkdir. Siz, TANAP-ın çəkilişinin zəruriliyinə münasibətiniz necədir?
– Hələ Bakı-Ceyhan kəmərinin taleyi həll olunanda belə bir fikir də səslənirdi ki, Xəzər hövzəsindən çoxsaylı kəmərlər olmalıdır. Ona görə Bakı-Ceyhan kəməri yetərli deyil. Bütün Xəzər hövzəsində böyük dəyişikliklər olacaq. Bütün Xəzər hövzəsinin enerji ehtiyatları Azərbaycan üzərindən Avropaya nəql olunacaq. TANAP strateji baxımdan gərəklidir. Başqa ölkələrin, Şimali Qafqazın da nefti bu kəmər vasitəsilə nəql olunacaq. Ona görə TANAP çox vacib layihədir və strateji baxımdan gələcəyə hazırlanan kəmərdir. TANAP çəkilməlidir və Azərbaycan da onun reallaşmasında iştirak etməlidlir.
Indiki mərhələdə Rusiya üçün ABŞ-la əməkdaşlıq Qarabağ problemindən daha əhəmiyyətlidir. Rusiya bu əməkdaşlığa gedir. Hazırda rus KIV-ində səslənir ki, bəsdir Qafqazı bəslədik, guya Putin Şimali Qafqaza külli miqdarda pul göndərir. Amma Rusiyanın bu bölgədən nələr daşıdığı heç kimə məlum deyil. Elə Şimali Qafqazın nefti TANAP üçün gözəl mənbə ola bilər.


