Gələcək nə vaxt gələcək?

Əli Həsənov yenə öz ampluasındadır. Sanki hakimiyyətin qeyrətini çəkmək bu kişinin vəzifə borcu imiş. Hərə bir tərəfdə basıb yeyəndə, ofşorlara pul ötürəndə, xarici ölkələrdə villa alanda heç Əli müəllim yada düşmür. Sən də burdasan, neçə illərdir əziyyətimizi çəkib yeri gəldi-gəlmədi sağa-sola cavablar verirsən, bizi təmizə çıxarmağa çalışırsan. Yoxdur bunu deyən, ancaq indi hakimiyyətin ağır günlərində yenə onu qabağa veriblər. Mətbuata, müxalifət liderlərinə, xarici diplomatlara, bir sözlə, bu iqtidarın eyiblərini açıb tökənlərin hamısına cavab vermək məsuliyyətini qoyublar çiyinlərinə. Üstəlik, YAP-ın gənclərini ruhlandırmaq, onlarda partiyanın gələcəyinə, hələ bir müddət də hakimiyyətdə qalacağına inam hissi aşılamaq da Əli Həsənovun boynundadır. Adamı bir belə yükləməzlər axı. Yük ağır olanda ölçü və məsuliyyət hissi də itir. Bəzən nə danışdığının fərqinə varmırsan. Ola bilsin heç bunları demək istəmirsən, ancaq fiziki yorğunluq fikrini qarışdırır, demək istəmədiklərin də dilindən çıxır.
Əli Həsənov yapçı gənclərlə görüşdə onların qoltuğuna qarpız verib: “Yeni Azərbaycan Partiyası gənclərinin timsalında gələcəyin nazirlərini, nazir müavinlərini, icra başçılarını və digər dövlət məmurlarını görürəm”. Təvazökarlıq edən Əli müəllim hətta öz yerində də bu gənclərdən birini gördüyünü deyib. Bütün bunları ona görə deyib ki, gənclər bu seçkidə fəal olsunlar, Ilham Əliyevi dəstəkləsinlər, ona qarşı olanların cavabını versinlər. Ilham Əliyev də prezident seçilib növbəti 5 ildə bu gəncləri qabağa çəksin. Iclasdan mətbuata sızan məlumatlar bunlardır, gənclərin Əli Həsənova hansı cavabı verdiyi bəlli deyil. Ola bilsin nəsə deyiblər, yapçı gənc o demək deyil ki, ucdantutma hər şeyə “HƏ” desin. Bəlkə də nəsə soruşublar, Əli müəllimin sözünü yarıda kəsiblər, Ilham Əliyevin ötən 10 illik prezidentliyində onları niyə saya salmadığını soruşublar. 21-ci əsrdir, inanmıram ki, gənclik o dərəcədə manqurt olsun. Onlardan da evsizi, işsizi, bir qarın çörəyə möhtac olanı var. Yadımdadır, Kür daşqınlarında Sabirabaddan bir gənc YAP-ın üzvlük vəsiqəsini rayonda ezamiyyətdə olan jurnalistlərə vermişdi ki, onu hakim partiyanın rəhbərinə çatdırsınlar. Bu gəncin evini sel dağıtmışdı. Seldən ziyan çəkməyənlərə rüşvət qarşılığında ev tikilsə də, o gənc elə gənc ailəsiylə yaxınlarına sığınmışdı. Pulu da yox idi ki, rüşvət verib özünə ev tikdirsin. Belələri çoxdur, həm də YAP-da…
Gələk seçiləcəyi halda Ilham Əliyevin gənclərə qayğısına. Şübhə eləmirəm ki, yapçı gənclər Əli Həsənova bəzi suallar verib. Onlardan təxmin etdiklərimi sizin də diqqətinizə çatdırmağı özümün vətəndaşlıq borcum sayıram.
Baş nazir Artur Rəsizadənin 78 yaşı var. Onun müavini Elçin Əfəndiyev 70 yaşındadır. Başqa bir müavini – Abid Şərifov 73-ü tamamlayıb. Nəqliyyat naziri Ziya Məmmədov 61 yaşındadır.
PA rəhbəri Ramiz Mehdiyev 75 yaşını keçib. Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 69 yaşını tamamladı. Komitə sədri, PA Əlinin adaşı Əli həsənov 65-i keçdi.
Xaçmazın icra başçısı 74 yaşındadır. Kürdəmir – 69, Sabirabad – 61, Masallı – 60, Quba – 60, Ismayıllı – 63, Beyləqan – 57, Laçın – 63, Yasamal – 67, Tovuz – 69, Xəzərin icra başçısı 65 yaşındadır.
Əli müəllim, yenə misal çəkməyə ehtiyac var? Sizin məmurların əksəriyyəti pensiya yaşını keçib. Bu gənclər nə qədər gözləməlidir? 10 illik prezidentliyi dövründə Ilham Əliyev 10 gənci hansı mühüm posta – sizin dediyiniz nazir, nazir müavini, icra başçısı postuna irəli çəkib?
Çətin duruma salıblar sizi. Gənclərin bu arqumentlərinə, suallarına cavabınızı bilmək maraqlı olardı. Onlara vəd olunan gələcək nə vaxt gələcək?!