Ramiz Mehdiyev icra başçılarını niyə toplayıb?

Görüşdə prezident seçkilərinə hazırlıq müzakirə edilib

Prezident Administrasiyasında icra başçıları ilə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, dünən baş tutan görüş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilib. Görüşdə Azərbaycanın bütün rayonlarının, eyni zamanda Naxçıvan Muxtar Respublikasının rayonlarının icra başçıları iştirak ediblər.
Məlumata görə, görüşdə bu ilin payızında baş tutacaq prezident seçkilərinə hazırlıqla bağlı icra başçılarına müəyyən tapşırıq və tövsiyələr verilib. Eyni zamanda, yerlərdə sosial problemlərin həlli, əhali ilə münasibət və digər məsələlər ətrafında ciddi müzakirələr aparılaraq görüləcək işlərin hesabatı aparılıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, seçkiyə 5 ay qalmış bir vaxtda hakimiyyət ciddi narahatlıq içindədir. Icra başçıları ilə görüş də bu narahatçılıqdan doğur. Hakimiyyət xüsusilə müxalifətin bölgələrdə fəallaşmasının qarşısını almaq istəyir. Məlumatlara görə, icra başçılarına verilən tapşırıqlarda bu əsas yer tutur.