Əli Həsənov İlham Əliyevi ifşa edib

KTMT ilə NATO arasında bərabərlik işarəsi qoymaq nə deməkdir?

Əli Həsənov yenə Ilham Əliyevi ifşa edib. “Azərbaycanın Avropa yolu: irəliləyişlər və potensiallar” mövzusunda Almaniya-Azərbaycan dialoq forumunda bir-birindən ziddiyyətli çıxışlar edib. Məsələn, o, birinci cəhddə belə deyib: “Avropa inkişaf yolu Azərbaycan xalqının maraqlarına tam cavab verir, Azərbaycan xalqının tarixi ənənələrinə uyğundur. Biz gələcək inkişafımızı Avropa dövlətləri və Avropa Birliyi ilə inteqrasiyada görürük. Azərbaycan artıq 1992-ci ildə Avropa inkişaf yolunu seçib və bu seçim Azərbaycan dövlətinin siyasətində, Konstitusiyasında və dövlət quruculuğu ilə bağlı bütün sənədlərdə öz təsdiqini tapıb”.
Bunu oxuyanda elə anladım ki, Azərbaycan hökuməti   AB ilə assosasiya sazişinə girməyə razılıq verib. Bunun üçün lazım olan islahatları həyata keçirib. Bunların olmadığını biləndə isə Əli Həsənovun sözlərinin əhəmiyyət dərəcəsi, demək olar, yoxa çıxdı. Belə duruma düşən bir hakimiyyət yetkilisi nədənsə hələ də ciddi-ciddi danışmağa davam edib və deyib: “Azərbaycan özünün gələcək təhlükəsizlik modelini NATO-nun və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmür, Bakı tərəfsiz ölkələr blokuna qoşulmaq yolunu seçib və bu iki təşkilatla da tərəfdaşlıq edərək özünün bitərəf təhlükəsizlik yolunu davam etdirir. Bu o demək deyil ki, Azərbaycan gələcəkdə seçimini dəyişməyəcək və ya dəyişə bilməz. Seçim istənilən zaman dəyişə bilər. Azərbaycanın milli maraqları burda həlledici amildir, milli təhlükəsizlik maraqları sabah tələb etsə ki, NATO-ya qoşulmaq lazımdır, deməli, belə olacaq. Yaxud, milli maraqlar Azərbaycanın KTMT-da iştirakına yenidən baxılmasını tələb edəcəksə, deməli, o məsələyə baxılacaq. Yəni bizim təhlükəsizlik, enerji, iqtisadi, siyasi, sosial maraqlarımız Azərbaycan xalqının ehtiyaclarından, onun maraqlarından doğur və ona əsaslanır”.  
Bunu oxuyarkən məlum olur ki, Ilham Əliyev hələ də inanır ki, sözlə dünyanı aldatmaq olar. Bitərəf təhlükəsizlik siyasəti yürüdən Isveçrə bütün dünyanın pullarını təhlükəsiz qaydada qoruya bilir. Amma buna iddia edən Azərbaycan hakimiyyəti təkcə 48 milyardı off şor zonalarda gizlətməyə məcbur olub. Bunu bilə-bilə belə bəyanatlar vermək, təkcə hakimiyyətin özü üçün deyil, dövlət və xalq üçün də mənfi haldır. Sadəcə, bir müsbət məqam var ki, dünya Əliyevlərin Azərbaycan xalqının iradəsini ifadə etmədiyini bilir. Başqa  tərəfdən, Əli Həsənov KTMT ilə NATO-nu müqaisə edib. Deyib ki, hər ikisi ilə eyni məsafədəyik, hansı maraqlarımıza uyğun olsa, onu seçəcəyik. Bunu demək üçün lazım olan meyarları tapmaq çox çətindir. KTMT-də Ermənistan və Rusiya var. Ermənistanda Rusiyanın iki hərbi bazası var. Ermənistanla Rusiya arasında 50 illik hərbi müqavilə var. NATO isə bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və işğalın aradan qalxmasına çağıran sənədlər qəbul edib. Bu boyda faktlardan sonra bu iki təşkilatın arasında necə bərabərlik işarəsi qoymaq olar? Bunu da Əli Həsənov açıqlamalıdır.