Partiya öz üzvlərinə qarşı hücuma görə məsuliyyəti İlham Əliyevin üzərinə qoydu
AXCP Lerik rayonunda partiya üzvlərinə qarşı polis və mülki şəxslərin hücumunun təşkil edilməsilə bağlı bəyanat verib.
Bəyanatda AXCP Lerik şöbəsinin müşavirəsini keçirmək istəyən rayon cəbhəçilərinin və Bakıdan rayona ezam olunan Ali Məclis sədri Həsən Kərimov, partiya sədrinin müavini Gözəl Bayramlı, Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli və partiya fəalı Ağaseyid Hüseynovun hücuma məruz qaldığı, öyrədilmiş adamların onları yumurta atəşinə tutması, avtomobillərini əzməsi xatırladılaraq bildirilir ki, bu “vandalizm aktına” görə məsuliyyət birbaşa siyasi hakimiyyətin üzərinə düşür.
Bəyanatda qeyd olunur ki, Lerikdə baş verənlər Azərbaycan iqtidarının son vaxtlar AXCP-yə qarşı gücləndirdiyi repressiv siyasətin davamı olmaqla yanaşı, artıq bütün əndazənin aşıldığını göstərir. Hakimiyyət təkcə polis və hüquq mühafizə əməkdaşlarını deyil, öz tərəfdarı olan mülki şəxsləri də siyasi rəqibinə qarşı qanunsuz hərəkətlərə sövq edir və bununla ölkədə vətəndaş qarşıdurmasına rəvac verdiyini sanki, anlamır.
Qanuni qeydiyyatdan keçmiş bir partiyanın leqal fəaliyyətinə belə zorakı yollarla mane olmaq qanunun ayaqlar altına atılması ilə yanaşı, hakimiyyət məsuliyyətini anlamamaq deməkdir. Azərbaycan iqtidarı opponentinə qarşı özünün mülki tərəfdarlarını belə, zorakı hərəkətlərə səfərbər etməklə ölkənin siyasi həyatına hansı təhlükəli gələcək vəd etdiyini dərk etmir.
AXCP bəyan edir ki, bütün bu baş verənlərin məsuliyyəti bilavasitə ölkə başçısı və hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin üzərinə düşür. AXCP hesab edir ki, üzvlərinə qarşı getdikcə azğınlaşan, daha absurd xarakter alan qanunsuz hərəkətlər birbaşa İlham Əliyevin bu partiyaya, eləcə də ölkənin prinsipial müxalif qüvvələrinə qarşı düşmən münasibət bəsləməsindən qaynaqlanır.
AXCP iqtidarı üzərinə düşən məsuliyyəti nəhayət dərk etməyə, belə qanunsuz və bütövlükdə ölkə üçün təhlükəli, utancverici hərəkətlərdən çəkinməyə çağırır.
AXCP bəyan edir ki, üzləşdiyi zorakı və qanunsuz maneələr onu haqlı mübarizəsindən və fəaliyyətindən çəkindirə bilməz. İlham Əliyev hakimiyyəti tutduğu yolun səmərəsizliyini anlamalı, siyasi rəqiblərinin, o cümlədən AXCP-nin qanuni fəaliyyətinə imkan yaratmalıdır.
Hakimiyyət dərk etməlidir ki, onun siyasətini qəbul etməyən AXCP-yə, başqa siyasi rəqiblərinə və bütövlükdə fəal ictimaiyyətə qarşı repressiv davranışı xalqın ona nifrətini artırır, cəmiyyətdə qisasçılıq hisslərini körükləyir. Bu isə bir siyasi qüvvə kimi onun gələcəkdə, hakimiyyətdən getdikdən sonra ölkədə fəaliyyət imkanlarını heçə endirir.