«Nezavisimaya qazeta» XİN rəhbərindən Putinlə Əliyevin niyə indiyədək görüşməməsinin səbəbini soruşdu
«Hazırda Azərbaycanla Rusiya arasında dövlət başçılarının birbaşa müzakirə etməli olduğu məsələ yoxdur»
«Israilə səfərimdən sonra bəzi mollaların açıqlamalarını nəzərə almasaq Iranla problemimiz yoxdur»
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada səfərdə olarkən Rusiyanın tanınmış “Nezavisimaya qazeta” qəzetinə müsahibə verib. Müsahibəni qısa ixtisarlarla diqqətinizə çatdırırıq:
– Qəbələ RLS-in icarəsi ilə bağlı Azərbaycan Rusiya ilə müqaviləni uzatmadı. Rusiya isə Novorossiysk neft kəməri ilə neftin nəqlini dayandırdı. Bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlandığını deməyə əsas verdi. Münasibətlərin perspektivini necə görürsünüz?
– Biz xarici işlər naziri Sergey Lavrovla konstruktiv şəkildə fikir mübadiləsi apardıq. Əgər bizim bu və başqa situasiyaya müdaxiləmiz vacibdirsə, o zaman biz tərəfləri bu məsələyə cəlb edirik. Keçən il Lavrov Bakıya, bu il isə mən Moskvaya səfər etmişəm. Bizim üçün önəmli olan kommersiya əlaqələrində siyasətin olmamasıdır. Adı çəkilən müqavilələrin dayandırılması iqtisadi səbəblərlə bağlıdır. Qara otaqda qara pişik axtarmağa dəyməz. Xüsusilə o pişik orada yoxdursa. Prinsipcə, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Biz qarşılıqlı maraqlarımızı, dost, qonşuluq əlaqələrimizi yüksək qiymətləndiririk. Biz Rusiyada baş verənləri və Moskvada Azərbaycandakı hadisələri yaxşı başa düşür. Bütün bunlar strateji əməkdaşlıq adlanır.
– Amma o da qeyd olunmalıdır ki, Putinin hakimiyyətə qayıtmasından sonra yüksək səviyyədə görüşlər baş verməyib…
– Amma prezidentlər arasında əlaqə mövcuddur. Lavrovla bu məsələyə də toxunduq. Dövlət başçılarının görüşünü hazırlamaq lazımdır. Amma hazırda Azərbaycanla Rusiya arasında dövlət başçılarının birbaşa müzakirə etməli olduğu məsələ yoxdur. Görüşün nə vaxt baş tuta biləcəyini prezidentlər özləri müəyyən edəcək.
– Bir müddət əvvəl Azərbaycan ATƏT-in fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflə çıxış etdi. Bu nə dərəcədə realdır və yalnız Qarabağ probleminin həlliyləmi bağlıdır?
– ATƏT-in iyirmi il Azərbaycanda iştirakı müddətində ölkəmiz xeyli inkişaf edib. Paradoksal haldır. Onlar həmişə qanunun alilyiindən və qanunlara sadiqliklərindən danışırlar. Amma həmin an ofislərinin statusunun dəyişməsinə qarşı çıxdılar. Halbuki ev sahibi kimi biz ATƏT-in hansı statusla ölkəmizdə fəaliyyət göstərməli olduğunu biz müəyyən etməliyik. Mən bu sualı Vyanada verən zaman heç kim cavab verə bilmədi. ATƏT-in regionumuzdakı fəaliyyətində, hətta daxili məsələlərdə ikili standartlar var. Təşkilatın hesabatında bir ölkədə bir namizədin digərini öldürməsinə cəhd göstərməsi, digərinin isə aclıq aksiyası keçirməsi əksini tapmadığı və seçkilərə azad, demokratik rəyi verildiyi halda, başqa ölkədəki proseslər az qala mikroskob altında nəzərdən keçirilir.
– Azərbaycan-Ermənistan münaqişəsinin dinc və iki tərəfi də qane edə biləcək formada həll olunması mümkündürmü?
– Prinsipcə, mən həmişə bu sözü söyləməyi sevirəm – diplomatiya hələ tam tükənməyib. Biz səylərimizi artırmalıyıq ki, hazırda düşdüyümüz qapalı dairədən çıxaq.
– Cəbhə xəttindəki insidentlərin sayı hər ötən il daha da artır. Əgər dörd il əvvəl təmas xəttində 600 insident baş vermişdisə, bu il bu göstərici 3000-dir.
– Təhlükə də məhz bundadır. Biz artıq prosesləri əvvəlcədən proqnozlaşdırmaq imkanını itiririk. Biz bir neçə il əvvəl insanların qarşılıqlı gediş-gəlişi prosesini bərpa etməyi təklif edirik. Bu təşəbbüs Rusiyadan gəlmişdi və iki bu tip səfər reallaşmışdı. Amma sonradan bu proses Ermənistan tərəfindən dayandırıldı. Siz özünüz vurğuladınız ki, cəbhə xəttində gərginlik artır. Daha sonra nə olacaq? Daha sonra böhran baş verəcək. Ölkələr arasındakı fərq getdikcə artır. Münaqişələrin həllində iqtisadiyyatların oynadığı mühüm rolu dəfələrlə görmüşük.
– Azərbaycanın Israil ilə hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməsi Iranla əlaqələrə neqativ təsir edir. Bu üçbucaqdakı münasibətləri necə qiymətləndirirsiniz?
– Azərbaycan həmişə öz milli maraqlarından çıxış edərək siyasətini qurmağa çalışır. Mən deməzdim ki, bizim Iranla problemimiz var. Təbii ki, mənim Israilə səfərimdən sonra bəzi mollaların açıqlamalarını nəzərə almasaq. Bu günlərdə mənim iranlı həmkarım Əli Əkbərlə danışığım oldu. O məni Tehrana konfransa dəvət etdi. Mən tədbirə qatıla bilməyəcəyimi söyləyəndə, o, Iranda prezident seçkisinə qədər Bakıya səfər etmək istəyini açıqladı. Bütün qonşularda olduğu kimi əlaqələrdə bəzən problemlər yaşansa da, biz ortaq dil tapırıq. Məsələn, Iranda həbs olunan Azərbaycan vətəndaşı bu günlərdə azad olundu”.
Hazırladı: Xəyal