Avropa azərbaycanlıları UEFA-ya etiraz edəcək

Səbəb ARDNŞ-in bu qurumun sponsorlarından birinə çevrilməsidir

Avropa Azərbaycanlıları Milli Birlik Şurası UEFA qarşısında etraz mitinqi keçirməyi planlaşdırır. Bu barədə AAMBŞ-dən “Azadlıq”a daxil olan məlumatda deyilir.
Təşkilat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) UEFA-nın rəsmi sponsorlarında biri olmasına eiraz etmək niyyətindədir. AAMBŞ sədri Qabil Rzayevin fikrincə, Azərbaycandakı diktatura rejiminin UEFA kimi bir təşkilata sponsorluğu biabırçılıqdır.

“Əliyev rejimi 1993-cü ildən Azərbaycanı diktatura metodlariyla idarə edir. 2003-cü ildə atası Heydər Əliyevdən hakimiyyəti təhfil  alan İlham Əliyev ölkədə daha qəddar, avtoritarizmə əsaslanan bir rejim qurub. Eyni zamanda, ARDNŞ-in korrupsiyalaşmış bir struktur olması bütün dünyaya məlumdur. Bu gün Azərbaycan xalqının milli sərvəti olan neft və qaz ARNDŞ və onun ətrafinda yaradılmış offşor şirkətlər vassitəsilə talanır. ARNDŞ ölkə əhalisinin şəxsi mülklərinin əllərindən alınması və dağıdılması prossesində əsas funksiyanı həyata keçirir. Azərbaycandakı mövcud diktatura rejiminin əsas gəlir mənbəyi funksiyasını yerinə yetirən ARDNŞ beynəlxalq aləmdə mənfi imicini gizlətmək üçün bir sıra beynəlxalq tədbirlərə və idman yarışlarına sponsorluq edir. Son zamanlar aydın olur ki, ARDNŞ indi də UEFA kimi dünyaca məşhur bir təşkilata maliyyə baxımdan sponsorluq edir. AAMBŞ UEFA rəhbərliyinə müraciət edərək, korrupsiya mənbəyinə çevrilmiş bir qurumdan maliyyə yardımı almaqdan çəkinməyə çağırır”, – deyə Q.Rzayev bildirib.