Moskva göz yaşlarına inanmır

“Nə əkərsən, onu da biçərsən”; “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Əliyevlər hakimiyətinin belə çağları gəlib çatıb. 20 illik xalqa yağı siyasətləri ardıcıllıqla BUMERANQ effekti verməkdədir. Elə bil bütün dünya sözü bir yerə qoyub bunlara qarşı çıxmaqdadır. “Avrovizion” hələlik son çağlar baş verən oxşar görsənişlərin sonuncusudur. Hələlik. 20 ildən bəri milyonların səsini oğurlayanların səsi oğurlanıb. Özü də xalqın səsi kimi milyonlarla səs yox, vur-tut 10 səs oğurlanıb. Ancaq bu 10 səs də səsdir ha! 
Bu 10 səsə görə Rusiya bunların 20 illik hakimiyətini az arada alt-üst edər. 20 ildən bəri Azərbaycanda xalqın milyonlarla səsinin oğurlanıb ata-oğul Əliyevlərin adına yazılmasında Rusiya ən böyük-arxa dayaq rolunu oynayıb. KQB generalları Ruşaylo, Levedev Azərbaycan xalqının səsinin oğurlanması işində Əliyevlərin ən güvənli, ən yaxın yardımçıları rolunda çıxış ediblər – özlərinin kiçik qoşun kontingentləri ilə! Üstəlik, Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlı seçicinin də səsi avtomatik oaraq Əliyevlərin adına yazılıb. Düzdür, bu “yardımçı” işlərin hamısı milyonlar bahasına başa gəlib; hakimiyətə gəlmək üçün də, hakimiyətdə qalmaq üçün də Əliyevlər Rusiyaya illərlə VERGI ödəməli, DAN verməli olublar. Elə Qarabağın özü də başlanğıcdan VERGI-DAN kimi verilib. Bunu ATƏT-in dəhşətli dərəcədə ünlü Minsk qrupu da bilməmiş deyil. Qrup üyələri bunu çox gözəl bilir, bildiklərinə uyğun da oyun qurub oynayırlar.
Indi ortaya belə bir görsəniş çıxıb: 10 səs oğurlanıb. Bu, iki oğru hakimiyət arasında ortaya çıxan bir görsənişdir. Hər ikisi oğru olduğundan aralarında bir-birinə inam-güvən yoxdur. O buna inanmır, bu onu inandıra bilmir. Oğrunun oğruya inanmağı necə çətindirsə, bunların da bir-birinə inanmağı eləcə çətindir. 20 il Moskvanın əlilə öz xalqını aldatmış, öz xalqına kələk gəlmiş bir hakimiyətə Moskva necə inansın? Indiyədək bir çox strateji ortaqlarını yarı yolda qoymuş, onlara arxadan zərbə vurmuş Moskvadan bunlar necə arxayın olsunlar? Sözü gedən 10 səsə görə bunlar bütünlüklə öz səslərini itirə bilərlər. Özü də yalnız 10 səslə iş bitmir, axı. Rusiya yalnız bunların hakimiyətləri üçün arxa-dayaq rolunu oynamır: Rusiyada bunların milyardlarla dəyərində biznes-yatırımları var. Bəlli olduğu kimi, H.Əliyev fondunun da başlıca filialı Rusiyadadır. Bu filial isə bizim düşündüyümüz anlamda filial deyil, hər baxımdan hakimiyəti qoruma, bərkitmə araçlarındandır. Üstəlik, Rusiya klan üçün gələcəyin iki başlıca sığınacaq ölkəsindən (B.Britaniya ilə yanaşı) biridir.
Bildiyimiz kimi, son çağlar B.Britaniya Əliyevlər klanının qamçılanıb dışlandığı başlıca ölkələrdən birinə çevrilib. Bu isə sığınacaq ölkəsi olaraq Əliyevlər üçün Rusiyanın dəyərini istər-istəməz artırmış olur. Bu sığınacaq, arxa-dayaq görsənişinin getdikcə daha artıq aktuallıq qazandığı bir dönəmdə ortaya 10 səs itkisi çıxır. Bu bizlər üçün eləcə səs itkisidir, klan üçün, klana bağlı olanlar üçünsə çox yaxın gələcəkdə, az qala gözlə qaş arasında, hakimiyətin əldən verilməsi qorxusunu doğuran bir itkidir. Elə buna görə də klanın Dış işlər baxanı gedib Moskvada az qala göz yaşları içində bildirir: “Evrovizion” yarışmasında Azərbaycanın verdiyi qiymətlər açıqlandıqdan sonra biz, demək olar, ŞOK keçirdik”. Bunlar illərlə çoxlu yalan danışdıqlarına görə kimsə bunu da yalan sayar, inanmaz. Ancaq inanmaq gərəkdir: axı, burada Ölkə, Millət, Dövlət maraqlarına deyil, onların özəl maraqlarına, başqa cxür desək, hakimiyət maraqlarına qorxu yaranır!
Lap elə bu günlərdə Rusiyanın bizə düşmən “Ermənistana” çox böyük ölçüdə yaraq-sursat yardımları etdiyi bildirilir. Elə bil qurbağa gölünə daş atılıb – susqunluqdur. Ancaq itkin düşmüş 10 səsə görə Ictimai Televiziyadan Almaniyayadək dünyanı ayağa qaldırıblar…