Hakimiyyətin “Azərbaycan saatı” təlaşı

Proqramın qarşısını almaq üçün hansı yollara əl atırlar?

Türkiyənin “Medya TV” kanalı vasitəsilə həftənin şənbə və bazar günləri yayımlanan “Azərbaycan saatı” proqramı texniki səbəblərdən efirə getmir. Mayın 19-da saat 20.00-da efirə çıxan veriliş yarımçıq kəsilib. Araşdırmalardan sonra verilişin texniki səbəblərdən dayandığı bəlli olub. Veriliş təyin olunduğu vaxtda tam efirə getmədiyindən, həmin gecə saat 3-də yayımlanıb.
Hakimiyyət Azərbaycan həqtqətlərindən bəhs edən və istər Bakıda, istərsə də bölgələrdə kifayət qədər tamaşaçı auditoriyası olan bu proqramın yayımının qarşısını almaq üçün ən müxtəlif yollara əl atır. Sözügedən veriliş əvvəlcə “Kanal Avropa”da yayımlanırdı. Bir müddət sonra telekanalın rəhbərliyi verilişi yayımlamaqdan imtina etdi. Indi isə Azərbaycan hakimiyyəti “Medya TV”yə yaradılan əngəllər vasitəsilə proqramın qarşısını almağa çalışır.
Məlumata görə, tamaşaçıların “Azərbaycan saatı”nın izləyə bilməməsi üçün veriliş efirə gedən vaxtda kanala peyk vasitəsilə hücumlar olur.
Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı deyir ki, ilk növbədə verilişə olan hücumun necə baş verdiyini aydınlaşdırmaq lazımdır: “Bilmək lazımdır ki, bunun kökü hardan qaynaqlanır. Bununla bağlı ekspertlərin rəyinə ehtiyac var. Hökumət peyk, yaxud başqa vasitələrlə hücum edirsə, bu, ifadə azadlığıyla bağlı çox ciddi pozuntudur. Bu, bir daha Azərbaycan hökumətinin fərqli fikrə, alternativ informasiya imkanlarına yanaşmasının göstəricisidir. Bu, o deməkdir ki, hökumət fərqli fikirdən qorxur”.

Ramin