adil ismayilov

“Elşad Abdullayevin həbsinə hazırlıq gedir”

adil ismayilov“Məni prokurorluğa çağırıb Elşad Abdullayevə çatdırılması üçün məktub təqdim elədilər”

Adil İsmayılov: «Elşad Abdullayev hesab edir ki, iş düzgün tövsif olunmayıb, Gülər Əhmədovanın əməli dələduzluq deyil»

Fəaliyyəti ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova ilə bağlı istintaqdan narazıdır. Keçmiş rektor bu məsələ ilə əlaqədar prokurorluğu məhkəməyə verib. Elşad Abdullayevin vəkili Adil İsmayılovla söhbətimiz də sabiq rektoru narazı salan məsələlərdən başladıq:

– Deyəsən, prokurorluğun araşdırmaları Elşad Abdullayevi qane etmir…
– Elşad Abdullayevin şikayətlərilə əlaqədar hazırda prokurorluqda üç cinayət işi istintaq olunur. Bunların biri Mahir Abdullayevin oğurlanmasıyla bağlı cinayət işidir ki, onun istintaqını Müstəqil Istintaq Komissiyası aparır. O istintaq komissiyasının nəzdində istintaqı aparılan başqa işlər də var. Bunların biri Vaqif Hüseynlə (baş nazirin müavini Elçin Əfəndiyevin keçmiş köməkçisi) bağlı iş idi ki, o, ayrılıb məhkəməyə göndərilmişdi. Yeri gəlmişkən, bu gün (dünən-red.) hökm çıxarıldı, Vaqif Hüseynə dörd il həbs cəzası verildi.
Vaqif Hüseyndən söz düşmüşkən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Elşad Abdullayevlə bağlı cinayət işlərində videogörüntülər və digər materialları hüquq-mühafizə orqanlarına onun özü təqdim edib. Amma Vaqif Hüseynin işində maraqlı bir nüans ortaya çıxdı. Istintaq orqanı göstərir ki, Vaqif Hüseynlə bağlı araşdırmalara başlarkən Eynulla Fətullayevin təqdim elədiyi materialları əsas götürüb. Halbuki, o videoları vaxtilə hüquq-mühafizə orqanlarına Elşad Abdullayev özü təqdim etmişdi.
Eynulla Fətullayevin həmin materialları istintaqa göndərməyinin səbəbi hələ də mənim üçün anlaşılmazdır. Elşad Abdullayev mənimlə söhbətində bildirdi ki, həmin materialları Eynulla Fətullayevə istintaqa göndərmək üçün verməmişdim, çünki istintaq orqanlarına özüm təqdim eləmişdim. Eynulla Fətullayev o materialları jurnalist araşdırması aparmaq üçün istəmişdi.
Bir maraqlı məsələ də var ki, Eynulla Fətullayev həmin materialları prokurorluğa təqdim elədiyi gün Müstəqil Istintaq Komissiyası yaradılıb və iş Respublika Prokurorluğuna verilib.
Nəriman Ağayevlə bağlı iş də ayrılıb və yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Qalır Arzu Kazımovla bağlı məsələ, onun da istintaqı davam edir, bir də Mahir Abdullayevin oğurlanmasına dair cinayət işi.
Bakı şəhər prokurorluğunda isə sırf Gülər Əhmədovanın işilə bağlı istintaq gedir. Mahir Abdullayevlə bağlı işdə Elşad Abdullayevi zərərçəkmiş, məni də zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıyıblar. Yəni, o işdə prosessual fiqur kimi iştirak edirəm. Amma Gülər Əhmədova ilə bağlı işdə Elşad Abdullayev zərərçəkmiş qismində tanınmayıb. Bu özü-özlüyündə qanunsuzdur. Çünki Gülər Əhmədovaya dələduzluq yolu ilə Elşad Abdullayevin pulunu ələ keçirməyə görə ittiham verilib. Əgər prokurorluq bu faktı qəbul edirsə, avtomatik Elşad Abdullayevi də zərərçəkmiş kimi tanımalıdır. Amma bu günə qədər eləmir. Bundan Respublika Prokurorluğuna, ardınca da məhkəməyə müraciət eləmişik. Hələ ki, bir-birinin üstünə atırlar. Rayon məhkəməsi baxmadı ki, bizə aid deyil, Inzibati-Iqtisadi məhkəməyə aiddir. Bu qərardan apelyasiya şikayəti verdik, amma rayon məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Əslində, rayon məhkəməsinə aid iş idi, amma başqa çıxış yolu qoymadıqlarına görə məcburən Inzibati-Iqtisadi Məhkəməyə də müraciət etmişik. Orada da hələ ki, baxmayıblar, qərar yoxdur. Hesab edirəm ki, bu məsələdə Elşad Abdullayevin hüquqları kobud şəkildə pozulub.
Eyni zamanda, Vaqif Hüseyn, Nəriman Ağayev, Arzu Kazımovla bağlı işlərdə də Elşad Abdullayevi zərərçəkmiş qismində tanımayıblar. Arqument də bundan ibarətdir ki, Elşad Abdullayev rüşvət verməyə cəhd göstərdiyinə görə zərərçəkmiş ola bilməz. Əslində, anormal, qeyri-qanuni yanaşmadır. Çünki kiməsə qarşı dələduzluq varsa, bundan zərərçəkən olur.
Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı cinayət işindən başqa bir narazılığı da var. O, hesab edir ki, iş düzgün tövsif olunmur. O bildirir ki, Gülər Əhmədovanın əməli dələduzluq deyil, çünki ondan hədə-qorxu gəlməklə rüşvət alıb. Ona görə də rüşvət alma maddəsinə tövsif olunmalıdır. Bu haqda Bakı şəhər prokurorluğuna və Respublika Prokurorluğuna müraciət etmişik. Hələ ki, onun da nəticəsi yoxdur.

– Məlumata görə, Elşad Abdullayevin özünə qarşı da ayrıca cinayət işi var…
– Respublika Prokurorluğu vaxtilə Azərbaycan Beynəlxalq Universitetinin adı çəkilən bütün işləri gətirib Mahir Abdullayevin oğurlanmasıyla bağlı cinayət işinə birləşdirirdi. Eyni zamanda, Mahir Abdullayevin oğurlanmasına dair istintaqla paralel universitetlə bağlı da adamlardan şikayətlər, ifadələr alırdılar. Amma bizim çoxsaylı şikayətlərimizdən sonra nəhayət, o işləri ayırıb göndərdilər Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə.

– Elşad Abdullayev o iş üzrə təqsirləndirilən şəxs qismində tanınıbmı?
– Hələ ki, heç nə yoxdur. Amma görünən budur ki, istintaqın gedişində Elşad Abdullayevə qarşı material toplanır, Elşad Abdullayevin həbsinə hazırlıq görülür.

– Belə bir məlumat yayılmışdı ki, prokurorluq Elşad Abdullayevi ifadə verməyə dəvət edir…
– Məni Bakı şəhər prokurorluğuna çağırdılar və Elşad Abdullayevə çatdırılması üçün məktub təqdim elədilər. Elşad Abdullayev gəlib ifadə verməyə dəvət olunurdu. Elşad Abdullayev də bildirdi ki, Azərbaycanda təhlükəsizliyimə təminat olmadığına görə gəlmirəm. Hətta məsələni belə qoymuşdu ki, əvvəlcə məni zərərçəkmiş kimi tanıyın, bundan sonra mən istintaqla əməkdaşlıq eləməyə hazıram.

– Belə bir xəbər də var idi ki, Gülər Əhmədova dəymiş ziyanın ödənilməsinə razılıq verib. Elşad Abdullayevə və ya onun nümayəndəsi kimi Sizə bu haqda müraciət olubmu?
– Əmlakla bağlı cinayətlərdə bir qayda olaraq, ziyanın ödənilməsi təklif olunur. Çünki bu həm də məsuliyyəti yüngülləşdirən haldır. Ola bilsin ki, Gülər Əhmədovaya da bu barədə təklif olunub, onun nə cavab verdiyini istintaq bilər.

– Mahir Abdullayevlə bağlı cinayət işinin istintaqında hansısa yenilik varmı?
– Mahir Abdullayevlə bağlı iş üzrə zərərçəkmiş qismində tanınsaq da, qanunda zərərçəkmişin hüquqları geniş deyil. Istintaq başa çatmadan iş materialları ilə tanış olmaq imkanı yoxdur. Elşad Abdullayevin yaydığı videolarda yeni adlar çəkilirdi, Əli Zəngilanski və digərləri. Bildiyimə görə, üzə çıxan yeni adlarla bağlı araşdırma gedir, amma istintaq sirrini yaymamaq haqda iltizama imza atmışıq deyə, müəyyən məsələlərlə əlaqədar fikir bildirmək istəmirəm.

Aytən Məmmədova