Azər Ayxan həyatına təhlükə hiss edir

O, İlham Əliyevə müraciət edəcək

“Yeni Müsavat” qazetinin baş redaktorunun birinci müavini Azər Ayxan həyatına qarşı təhlükə olduğunu bildirib.
Belə ki, Azər Ayxan mayın 12-də və 13-də üç açıq mobil telefon nömrəsindən (050 648-02-02; 051 540-32-32; 055 872-73-56) zəng edən şəxslərin təhqir və təhdidinə məruz qalıb.
Zəng edən şəxslər onu, rəhbərliyində olduğu qazeti təhqir edib, onu ölümlə hədləyib.
Azər Ayxan hadisə ilə bağlı Hüquq mühafizə orqanlarına müraciət etsə də 10 gündür heç bir tədbir görülmür.
Azər Ayxan “Azadlıq”a açıqlamasında bildirdi ki, günün sonuna qədər Ölkə başçısı ilham Əliyevə və Daxili İşlər Naziri Ramil Usubova rəsmi müraciət ünvanlayacaq. “ Mənim və ailəmin mühafizəsi təmin edilməlidir. Əgər mənim başıma bir hadisə gəlsə bunun məsuliyyəti siyasi hakimiyyətin və hüquq mühafizə orqanlarının boynundadır.
Mənim həyatıma açıq təhdid olduğu faktı kənarda qalıb, mətbuatda kimlərinsə fikrinin təhrif olunmasından danışırlar. Birincisi, mən heç kimin fikrin təhrif etməmişəm. İkincisi, isə tutalım təhrif etmişəm, bu əsas verirmi ki, günahkarları tapıb məsuliyyətə cəlb etməyələr. Mənim şikayətim əsasında yalnız bir dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışam, başqa heç bir addım atılmayıb. Biz bu ölkənin qanunları ilə yaşayırıq və buna uyğun olaraq da bizim təhlükəsizliyimiz təmin edilməlidir”