Vicdan məhbusu, ilahiyyatşı Tale Bağırzadə təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Məhbus ilahiyyatçının “Azadlıq”a daxil olan müraciətində əvvəlcə ölkədə hicaba qoyulan qadağa və buna qarşı etirazlar yada salınır. Müraciətdə deyilir:
“Bir daha bəyan edirik ki, bizi haqq yolunda heç kim sındıra bilməz. Mübarizəmiz ölkədə olan bütün qanunsuzluqlara qarşıdır. Qanunsuzluqların kökü Azərbaycanda olan rejimdədir. Üzümü hakimiyyətdə olanlara tutub deyirəm, nə qədər gec deyil ayılın. Islamçılardan Qərbə xoxan düzəltmək cəhdlərinizin hamısı boşa çıxmışdır. Bu fəaliyyətiniz əks effekt vermişdir və Azərbaycanda hicab qadağasının olması, Təhsil Nazirliyinin qarşısında hicaba azadlıq şuarı ilə keçirilən dinc aksiyada iştirak edənlərin həbslərinin qanunsuzluğu Qərb tərəfindən belə təsdiq edilmişdir.
Hakimiyyətin dinc aksiyaları Qərbə İslam radikalizmi kimi təqdim etməsi alınmadı və inanclıların bu hərəkatı ölkədə demokaritk islahatlar uğrunda hərəkatın tərkib hissəsinə çevrildi. Biz Azərbaycanda yalnız hicaba olan qadağa aksiyaları ilə kifayətlənməyib, digər qanunsuzluqları, problemləri qabardırıq. Buna misal 10 mart aksiyalarına dəstək bəyanatımız olmuşdur. Bundan sonra da Azərbaycanda haqsızlıqlara qarşı keçiriləcək bütün aksiyaları dəstəkləyəcəymizi indidən bildiririk.
Sonda yeni təyin olunmuş Təhsil Naziri Mikayıl Cabbarova müraciət edirəm. Biz inanmırıq ki, hicab qadağası təşəbbüsü bilavasitə əvvəlki nazir Misir Mərdanovdan gəlirdi, lakin məktəblərin idarə edilməsi bu nazirliyə aid olduğu üçün qeyri-ixtiyari bu qadağa onunla bağlanılırdı. Mərdanov inanclıların yaddaşında çox pis ad qoyub getdi. Onu əvəzləyən şəxs cavandır və sağlam düşüncəli təssüratı bağışlayır. Onun da yaddaşlarda əvvəlki həmkarı kimi qalmaması üçün heç olmasa müəyyən çabalar göstərəcyinə ümid edirik.
İnsan öləndən sonra bu dünyada onu yaşadan yalnız buraxıb getdiyi xoş səda ola bilər. Çalışın yaddaşlarda yaxşı insan kimi qalın, cənab Cabbarov”.


