«Demokratiya ya olur, ya olmur»
Nurəddin Məmmədli: «Ölkədəki idarəçilik nə qanunlara, nə də konkret məntiqə əsaslanır»
Beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətindən insan haqları və demokratiya tələblərinə rəsmilərin cavabları özlərinə sərf edən formada olur. Təpkilər sərtləşəndə, rəsmilər Azərbaycanın dərin ənənəsi olan demokratik dövlətlərə tay tutulmasını doğru hesab etmir. Hakimiyyət təmsilçiləri 20 illik müstəqillik tarixi olan bir dövlətə Avropa səviyyəsinə çatmaq üçün vaxt tələb olunduğunu iddia edir.
Bu tip fikirlər PA rəhbəri Ramiz Mehdiyev, millət vəkili Səməd Seyidov və digər rəsmilərin dilindən səslənib. PA rəhbərinin hətta bununla bağlı məqaləsi də var. Bəzi hallarda isə, xüsusilə də seçkilərin saxtalaşdırılması, insan haqlarının pozulması ilə bağlı təpkilər artanda hakimiyyət nümayəndələri Azərbaycanın demokratik dövlət olduğunu və hətta bu məsələdə Avropaya nümunə ola biləcək səviyyəyə çatdığını deyirlər. Bu günlərdə rəsmi mətbuata açıqlama verən YAP-çı deputat Əli Hüseynli də bu tip fikirlər səsləndirib. Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar bilməlidir ki, artıq Azərbaycan keçid dövrünü yaşayan ölkə deyil. On görə də Avropa təsisatları ölkəmizlə bağlı baxışlarını dəyişməlidir. Ə.Hüseynlinin iddiasına görə, Azərbaycanda demokratiya elə səviyyədədir ki, kənardan müşahidə etməyə ehtiyac da yoxdur. Bu da yuxarıda deyilənləri bir daha təsdiqləyir, hakimiyyət özünə nə vaxt necə sərf edirsə, elə də reaksiya verir.
Seçkilər yaxınlaşdıqca iqtidar beynəlxalq rəyin daha da sərt olacağından ehtiyatlandığından əks hücuma keçmək qərarına gəlib. ATƏT-in mandatının azaldılması da məhz buna hesablanıb. Çünki artıq indidən demək olar ki, bütövlükdə seçki prosesinə müsbət rəyin veriləcəyini gözləmək olmaz. O da məlumdur ki, ATƏT-in seçkilərlə bağlı verdiyi rəy mühüm sayılır. Hakimiyyət bu qurumun mandatını azaltmaqla seçkiyə verilən qiymətin əhəmiyyətini də azaltmağa çalışır. Lakin istisna deyil ki, hansısa məqamda rəsmilər yenə də Azərbaycanın demokratikləşməsi üçün vaxt tələb olunacağını dilə gətirəcək. Belə fərqli fikirlərin ortalığa atılması əslində nəyin göstəricisidir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli ölkənin nə qanunlara, nə də konkret məntiqə əsaslanmadan idarə olunduğunu deyir. Bu səbəbdən də hakimiyyətin ayrı-ayrı funksionerləri arasında tamamilə razılaşdırılmamış, bir-birini təkzib edən fikirlər səslənir: “Bunlar guya öz aləmlərində siyasi situasiyaya uyğunlaşaraq açıqlamalr verirlər. Bu açıqlamalar da ciddi şəkildə rejimin idarəolunmazlığını, hakimiyyəti saxlamaq üçün bütün üsul və vasitələrin mümkün olduğu qənaətini ortaya qoyur. Vaxtilə Ramiz Mehdiyev 150 il bundan əvvəl dünyanın demokratikləşmədə olan ölkələrində təklif olunan və yararsız bir ideologiya kimi kənara atılan milli demokratiya ideyasını ortaya qoydu. Guya Azərbaycan xalqının bütün xüsusiyyətləri, milli cəhətləri demokratiyaya uyğunlaşmadığına görə bizim özümüzə məxsus bir demokratik rejimin qurulmasına ehtiyac olduğunu konseptual olaraq irəli sürmüşdü. Bu yerimədi. Çünki demokratiya ya olur, ya olmur. Demokratiyanın milli xüsusiyyətləri, hər hansı ölkənin etnik və tarixi köklərinə söykənən cəhətləri olmur”.
Demokratiyanın standart dəyər olduğunu deyən N.Məmmədlinin sözlərinə görə, bütün bunlar Azərbaycan hakimiyyətinin imzaladığı beynəlxalq konvensiyalarda öz əksini tapır. Eyni zamanda Azərbaycanda kütləvi şəkildə demokratik prinsiplərin pozulması insan hüquq və azadlıqlarına aid məsələdir. Bu da Azərbaycan konstitusiyasında ən böyük bölmələrdən biridir. Bu isə deməkdir ki, bu qanun səviyyəsində təsbit olunur və ona əməl edilməlidir. Hakimiyyət təmsilçiləri isə özlərinə sərf edəndə gah milli demokratiya ideyasını ortaya atır, gah da demokratikləşmə üçün 150 il tələb olunduğunu deyirlər. Bir sıra hallarda isə “biz müstəqil ölkəyik, heç kim bizə təzyiq göstərib nəyisə qəbul elətdirə bilməz” ideyasını gündəmə gətirirlər. Bütün bunlar hamısı kompleks şəklində Azərbaycan hakimiyyətinin praktikaya uyğunlaşma cəhdidir ki, bunu da arxasında nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq cəhdi dayanır. Bu da Azərbaycanda hakimiyyətin idarəolunmazlığını şərtləndirən əsas prinsipial məqamlardan biridir.
Fizzə


