«Ayaz Mütəllibov təzyiq göstərsəydi YAP-çılar partiya yarada bilməzdilər”
Hacı Əbdül: “Xızıdan bir neçə ağsaqqal mənim yanıma gəldi. Dedilər ki, Maksim Musayev bizi incidir”
“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdülü Azərbaycanda bəlkə tanımayan az adam olar. O, bir zamanlar siyasi proseslərdə xüsusi fəallığı ilə seçilən şəxslərdən olub. Ayaz Mütəllibovun qızğın tərəfdarı olan Hacı Əbdül uzun illər onun Azərbaycana qayıdışını təmin etmək uğrunda mübarizə aparıb. Sonradan eks-prezidentlə münasibətləri pozulan “Tövbə” Cəmiyyətinin sədri siyasi səhnədə də görünməz olub. Onunla müsahibəyə də əvvəlcə siyasətdə görünməməsinin səbəbləri barədə sualla başladıq:
– Bu günlərdə Ayaz Mütəllibovun 75 yaşı tamam oldu. Zəng edib təbrik etdinizmi?
– Xeyr, təbrik eləmədim.
– Deməli, sizin üçün Ayaz Mütəllibov məsələsi birdəfəlik bitib?
– Mən Ayaz Mütəllibovu ona görə müdafiə edirdim ki, o dövrdə ona qarşı haqsızlıq olmuşdu. Indi münasibətlərimiz yaxşı deyil, amma haqdan qaçmaq olmaz, gərək haqqı deyəsən. Ona qarşı həqiqətən də haqsızlıq olmuşdu. Əslində bu haqsızlıq bütövlükdə millətə qarşı edilmişdi və böyük faciələr baş verdi. Bu günə qədər də baş verir.
– Ayaz Mütəllibov Bakıya qayıdandan sonra belə məlumatlar yayıldı ki, hakimiyyət ona vəzifə verəcək. Sizcə, bu reallaşa bilər?
– Mən onu deyə bilərəm ki, əgər bu hakimiyyət Ayaz Mütəllibova vəzifə versə uduzmaz. Onun hansısa vəzifəyə təyinatının dövlətə də, hakimiyyətə də xeyri dəyər. Savadlı, bacarıqlı yoldaşdır.
– Bəs siz Ayaz Mütəllibovun bu hakimiyyətlə işləməyinə necə baxarsınız?
– Bu hökumət Ayaz Mütəllibova qarşı heç nə etməyib. Bəlkə də bu hökumətin Ayaz Mütəllibova xeyri dəyib.
– Hacı, bu hökumət Ayaz Mütəllibovu cinayətkar elan etmişdi…
– Onu bu hökumət eləməmişdi. Bundan qabaqkı hökumət eləmişdi. Heydər Əliyev hökuməti.
– Siz hesab edirsiniz ki, Ilham Əliyev hökuməti ilə Heydər Əliyev hökuməti arasında fərq var?
– Xeyr. Söhbət ondan getmir. Ümumi götürəndə eyni siyasi xətdir. Amma diqqət edəndə görürsən ki, bu hökumət özündən əvvəlki hökumətin bəzi səhvlərini düzəltdi. Əgər indi bu hökumət Ayaz Mütəllibova vəzifə versə, ola bilər ki, digər səhvləri də düzəltsinlər.
– Bu günlərdə Heydər Əliyevin 90 illiyi qeyd edildi. YAP-çılar onun haqqında danışanda xüsusilə Ayaz Mütəllibovun dövründə ciddi təzyiqlərə qaldığını deyirdilər. Doğrudanmı belə idi?
– Xeyr, qətiyyən belə deyildi. Heç kim Heydər Əliyevə təzyiq etmirdi. Sadəcə o zaman bəzi qruplar var idi ki, Heydər Əliyevi qəbul etmirdi. Onu tanıyanlar, xarakterinə bələd olanlar ona qarşı çıxırdılar. Mən ad çəkmək istəmirəm. Amma belə adamlar var idi və özü də çox idi.
– Ayaz Mütəllibovun Heydər Əliyevə münasibəti necə idi?
– Ayaz Mütəllibovun Heydər Əliyevlə problemi olmayıb. Onun əleyhinə çıxmayıb. Sadəcə Ayaz Mütəllibov Heydər Əliyevin əleyhinə çıxanlarla bacara bilməyib. Heydər Əliyevin əleyhinə çıxanlara təsir göstərmək iqtidarında olmayıb.
– Amma YAP-çılar belə demir. Hətta bəzən o zaman partizan kimi fəaliyyət göstərdiklərini iddia edirlər.
– YAP-çılardı da yazırlar. Partiya yaratmaq üçün şərait var idi. Heç kimə təzyiq edilmirdi. Heydər Əliyevi təbliğ etdiyinə görə, YAP-ı yaratdığına görə heç kimə təzyiq olmayıb, yalandır hamısı. Ayaz Mütəllibov təzyiq göstərsəydi YAP-çılar partiya yarada bilməzdilər. Təzyiqlər barədə deyilənlər hamısı boş söhbətlərdi, sabun köpüyüdür. Amma yenə də deyirəm ki, Heydər Əliyevin əleyhdarları var idi ki, onun hakimiyyətə gəlməsini istəmirdi. Özü də hamısı imkanlı adamlar idi, oturmuşdular parlamentdə. Onlara təsir eləmək asan məsələ deyildi.
– Heydər Əliyev Bakıya qayıdan zaman ona sui-qəsd edildiyi bildirilir. Bu barədə nə deyə bilərsiz?
– Şəxsən mən inanmıram. Ola bilsin nədənsə ehtiyat edib belə şayiə yaymışdılar. Sui-qəsd filan yox idi. Heydər Əliyev müdafiəsini gücləndirmək üçün sui-qəsd barədə söz buraxa bilərdi.
Sonra deyirdilər ki, ay körpünün altına filan-filan şeylər qoyublar. Bu qədər şeyi körpünün altına qoymaq üçün texnika lazım idi. Necə qoydular onu ora ki, heç kimin xəbəri olmadı? Bunlar hamısı təbliğat məqsədi daşıyırdı sadəcə. Mən belə düşünürəm.
– Hacı, YAP-çılar arasında hakim partiyanın tarixi ilə bağlı mübahisə yaranıb. Məsələn, Sirus Təbrizli, Maksim Musayev, Əli Əlirzayev və başqa qocaman YAP-çılar partiyanın yaranmasında böyük xidmətləri olduğunu deyirlər. Amma indiklər bu iddiaları qəbul etmir. Siz o dövrü bilən adam kimi deyə bilərsinizmi YAP-ın yaradılması üçün kimlər daha çox fəallıq edirdi?
– Sirus Təbrizli, Maksim Musayev, Əli Nağıyev bunlar çox fəal idi. Onların həqiqətən YAP-ın yaradılmasında böyük xidməti olub. Ona görə də indi onların giley etməyə haqları çatır. Indi onları niyə qəbul etmirlər, bilmirəm. Amma çox böyük əmək sərf ediblər, YAP-ın yaranmasına.
– Siyavuş Novruzov deyib ki, siz Xızıya gedəndə Maksim Musayev qorxudan qaçıb gizlənib. Bu hadisəni təfərrüatı ilə danışa bilərsinizmi?
– Əvvəla onu deyim ki, o vaxt Hacı Əbdüldən qorxmayan var idi məgər? Ikincisi, Maksim Musayevlə bağlı məsələ Siyavuş Novruzovun dediyi kimi olmayıb. Deməli, günləri bir günü Xızıdan bir neçə ağsaqqal mənim yanıma gəldi. O zaman mən deputat idim. Dedilər ki, Maksim Musayev bizi incidir. Mən bunları apardım Isa Qəmbərin yanına. Isa Qəmbər o zaman Ali Sovetin sədri idi. Dedim ki, bu camaatın şikayəti var, dinləyin görün nə deyirlər. Isa Qəmbər dedi ki, bu işlərə Arif Hacılı baxır. Arif Hacılı da Prezident Aparatında işləyirdi. Zəng elədi Arif Hacılıya dedi ki, sənin yanına gəlirlər. Getdik Arif bəyin yanına. Arif Hacılı soruşdu ki, nə baş verib. Dedim bu adamlar şikayətə gəliblər. Onları dinləyəndən sonra dedi ki, bu məsələni yerində həll etmək lazımdır, gedin Xızıya mən də gəlirəm. Dedim nə vaxt gələcəksiniz, dedi uzağı sabahı. Açığı mən getmək istəmirdim. Amma ağsaqqallar təkid elədi, getməyə məcbur oldum. Orada Arif Hacılının gəlişini gözlədik. Bir stadion var idi orada idik. Camaata da dedik ki, gəlin bura, Arif Hacılı gələcək problemi həll edəcək. Amma Arif Hacılı gəlmədi. Əvəzində Isgəndər Həmidov üstümüzə ordu ilə gəldi və əhalini dağıtdılar. Məsələ belə olub. Indi mən bilmirəm Maksim Musayev həmin vaxt qaçıb, ya yox. Mən bu barədə konkret heç nə deyə bilmərəm.
Vidadi