Bəs 20 ildir azərbaycanlıların seçkidəki səsləri hara gedir?

“Eurovision” müsabiqəsində Azərbaycandan Rusiyaya gedən səslər yoxa çıxıb. Müəmmalı durumdu. Bizimkilər deyir, mobil operatorlardan öyrənmişik, Azərbaycandan Rusiyaya 10 xal getməli imiş, amma səsləri Almaniyada “yeyiblər”.

Açığı, mən bilmirəm “Eurovision” tarixində belə bir hadisə nə vaxtsa olubmu, yoxsa bu ilkdirmi? Hər halda, məsələ çox böyüyüb, hətta möhtərəm məsələnin araşdırılmasını istəyib.

Düzünə qalsa, mən bilmirəm, rus təmsilçisi müsabiqədə necə oxuyub, ola bilərmi, bizdə heç kim onun ifasını bəyənməsin və səs verməsin? Digər tərəfdən, adam fikirləşir ki, hardadır bizimkilərdə musiqi duyumu, zövqü? Manaf Ağayevdən “Toylar kralı”, Ilhamədən “Primadonna” düzəldən, Ibrahim Borçalını Pavarotti hesab edən bir toplumun hansısa ifanı bəyənmədi deyə, ona səs verməməsi çox komik görünür. Üstəlik, inandırıcı deyil ki, Azərbaycandan Rusiya təmsilçisinə səs getməsin.

Bəs hanı o səs?

Hər halda, əlahəzrət tapşırıbsa, araşdırılar, cavabı tapılar bu sualın. O cavabın nə olacağının mənə heç bir isti-soyuğu olmasa da!

Yeri gəlmişkən, görəsən, oxşar tapşırıq əsgər ölümlərinin araşdırılması üçün niyə verilmir?

Offşor şirkətlər niyə araşdırılmır?

1500 manat maaş alan icra başçısının həyətində “Hammer”in, “Rance Rover”in nə iti azdığını niyə araşdıran yoxdur?

Lap belə hesab edək ki, bizim ruslara verdiyimiz səsləri Almaniyada oğurlayıblar.

Bəyəm bizim səslərimiz ilk dəfəmi oğurlanır? Bəs 20 ildir oğurlanan səslərimiz nə vaxt araşdırılacaq? O səslərin hara getdiyini niyə açıqlamırlar?

Necə olur ki, Azərbaycan xalqının seçkidə səsləri oğurlamaqda, saxtalaşdırmaqda göstərdikləri məharətlərə görə bu ölkədə bütün Mərkəzi Seçki Komissiya sədrləri “Şöhrət” ordeni ilə şərəfləndirilir, amma hansısa mənasız musiqi müsabiqəsinə göndərilən səslər yoxa çıxdı deyə, Almaniya suçlu, günahkar elan olunur? Məzahir Pənahov məsumdur, Almaniya isə günahkar, eləmi?

Hə, əlbəttə, əgər doğrudan da bizim Rusiyaya verdiyimiz səsləri yoxa çıxarıblarsa, bu, biabırçılıqdır. Çünki səs oğurlamağın, saxtakarlığın heç yerdə, heç vaxt bəraəti yoxdur, ola bilməz.

Amma axı indi “Eurovision”a göndərdiyimiz səslərin axtarışına çıxanlar özləri 20 ildir verdiyimiz səsləri ilim-ilim itirirlər. 20 ildir səsimizə sahib çıxırlar, onu seçki qutularından çırpışdırırlar. Bəs bunu kim pisləyəcək? Bəs bunun hesabını kim soruşacaq? Bəs buna görə kim cavab verəcək?

Səs oğurlamaq, səs saxtalaşdırmaq “Eurovision”da pisdirsə, bəs niyə bizdə keçirilən bütün seçkilərdə bu yaxşıdır? Niyə bunsuz keçinmək olmur?

Hə, bu cür haqsız, ədalətsiz, saxtakar rejim olmağın da belə tərəfləri var, hər an, hər addımda içindən çıxılması zor suallar qarşısında qalırsan. Hətta haqlı olduğun vəziyyətdə də çətin suallarla, ittihamlarla qarşılaşırsan.

Öz ölkənin hansısa musiqi yarışında itən səslərini axtararkən də situasiya əleyhinə çevrilə bilir – sənə özünün xalqından çırpışdırdığın səsləri xatırladanlar tapılır…

***

Gələk daha bir vacib məqamın üstünə.

Indi möhtərəmin göstərişilə Azərbaycandan Rusiyaya bir xal belə verilməməsinin səbəbləri araşdırılır, amma hakimiyyətdəkilər deyə bilərlərmi: bəlkə xalq elə sizin onu da Rüstəm Ibrahimbəyov, yaranacaq Milli Şura, Ziyalılar Forumu, El hərəkatı kimi “Rusiya agenti” adlandıracağınızdan qorxub Rusiya təmsilçisinə səs verməyib? Telekanallarınızın, yandaş qəzetlərinizin, saytlarınızın sizə aykırı gedən hər kəsi aparıb Kremlin quyruğuna bağladığı, “vətən xaini” çıxardığı bu günlərdə sadə vətəndaşlar qorxularından rus ifaçısına səs verməmiş ola bilməzlərmi?

Bu versiyanı gözüyumulu rədd etmək mümkündürmü?

Qarşınıza keçən hər kəsi ruspərəst deyə damğalayıb suçlamaq nədir, sonra da durub “necə olur, Azərbaycandan Rusiyaya bir xal da verilmir?” söhbəti nə?

O nə pəhrizdir, bu nə turşu, cənab yaptokratlar?!