Kazarma, yoxsa məktəb?

Sosial şəbəkələrdə bir müəllimin şagirdi necə döyməsi ilə bağlı video yayılıb. Videoda bir coğrafiya müəlliməsinin, xəritə üzərində büdrəyən şagirdin üstünə necə hücuma keçib döydüyü görünür.
Bu videodan danışmazdan əvvəl bir az keçmişə qayıtmaq istəyirəm. Son vaxtlar bu günkü bərbad təhsildən söz düşəndə adamlar mütləq keçmişə qayıtmalı olur, müqayisə aparır və mütləq də üstünlüyü sovet təhsil sisteminə verirlər. Əslində, belə məqamlarda söhbət heç də təhsil sistemindən getmir, tədrisin keyfiyyəti nəzərdə tutulur, sadəcə, bu istilahın yardımıyla daha intellektual görünməyə çalışırlar. Rüşvət korrupsiya olmadığı kimi, tədrisin keyfiyyəti də təhsil sistemi deyil.
Indiki 9 milyonluq vətəndaşımızın çoxu sovet dövründə təhsil alıb. Demək ki, çoxumuz o “sistemi” yaxşı xatırlayırıq.
Keçmişlə bağlı yaddaşım sıfra yaxın olsa da, məktəbdə baş vermiş bir neçə faktı, xüsusilə indi işgəncə kimi qəbul olunan hadisəni yaxşı xatırlayıram və yəqin ki, ömrümün sonuna kimi də unutmayacağam. Bu işgəncə faktlarından qabaq onu da xüsusi vurğulayım ki, atam Rayon Xalq Maarif Şöbəsinin müdiri idi və bu vəzifədə 20 il çalışdı. Lakin bu, mənim üstümdə icra olunan işgəncələri dəyişmədi…
Birinci sinfə getdiyim 3-4 ay olardı. Bir il də erkən getmişdim. Çox sısqaydım, boyum balacaydı, hətta məktəb çantam özümdən hardasa böyük və ağır idi. Dizə qədər palçığa bata-bata, yoldakı itlərin qorxusundan ləngiyə-ləngiyə dərsə 10-15 dəqiqə gecikmişdim. Mən çatanda artıq məktəbin soyuq dəhlizində, müəllimlər kabinetinin önündə on beşə kimi şagird, əsasən də onuncular idi, sıraya düzülüb direktoru gözləyirdilər. Onların arasında cücə kimi görünürdüm. Direktorumuzun hansı üsullarla gecikənləri cəzalandırdığını mən də bilirdim, o üzdən də mənim xofum onların boyundan çox yekə idi. Direktor isə gəlib çıxmaq bilmirdi. Nəhəng xof, ağır çanta, soyuq məni həlak eləyirdi. Göyərmiş əllərimin bir azdan nə hala düşəcəyini düşünməkdən sarımı udmuşdum. Direktor görünmür, sıralarımız isə artırdı. Mən başına torba keçirilərək rəsmən ölüm hökmünü gözləyən məhkum kimiydim. Nəhayət, direktor öz heybətli vücuduyla dəhlizin o başında göründü. Ürəyim şiddətlə döyünməyə başladı. Cərgənin sonunda durmuşdum. Sıra mənə çatınca öldüm…
Direktor bir topa fil dişi kimi heybətli açarını çıxarıb gecikənlərin əllərinə döyəcləyə-döyəcləyə gəlirdi… Son anda hökmdarın titrəyən cücəyə yazığı gəldi və bu dəfəlik əfv olunduğumu dedi.
Sonralar da çox işgəncələr çəkdim. Başqasına bir zərbə düşürdüsə, bu məndə iki olmalıydı. Bir dəfə kimya müəllimim qismən zəif cavabıma görə iri əlləriylə baldırımdan yapışıb məni havaya qaldırdı. Üç ay qançırı getmədi. Yadıma düşəndə yeri indi də sızıldayır…
Lakin məni bu işgəncələr tərbiyə etdimi? Axı mənimlə yanaşı o işgəncələri hər gün görənlər vardı və bu tərbiyə üsulundan da heç nə götürmədilər. Zərərdən, psixoloji zədədən başqa. Bu gün qorxudan dili qarnına getmiş xalq həmin kazarmalardan çıxıb.
Bəli, o zaman bizə çox gözəl dərs keçirdilər. Müəllim öz adına, sənətinə hörmətlə yanaşırdı. Yaxşı tədris maarifin, işgəncə və xof isə kazarma təhsil sisteminin məhsulu idi. Lakin keyfiyyətli tədris də sovet təhsil sisteminin dünyada birinci və ən yaxşı olması deyildi. Dünyanın ən inkişaf etmiş dövlətləri ilə hərbi sənaye yarışına çıxmaq təhsil sisteminin ali olmasına dəlalət eləmirdi. Insanlar ən xırda məişət əşyasına, texniki avadanlıqlara, hətta alışqanlara kimi daim xarici mallara meyl edirdilər. Hələ xarici avtomobildən danışmıram.
Haqqında danışdığım videoda şagirdi döyən müəllimə də sovet kazarmasından çıxıb. Döyülüb və sonunda müəllim olub. Indi də borcunu qaytarmaqla məşğuldu. Lakin yalnız işgəncə borcunu. Bu da təhsil “dedovşina”sıdı və bu günə qədər davam edir. Müstəqillik dövrünün müəllimləri də çağımızın ali məktəbində gördüklərini verirlər şagirdlərə. Yəni heç nə. Sovet tədrisiylə indikinin də fərqi bu. O həm xof, həm dərs verirdi. Indiki isə yalnız nadanlıq və gözüqıpıqlıq. Yeni nəsil sovetdən də o yana gedib.