“Vallah, sizə səs vermişik!”

Əcaib olay yaşandı dünən. Günlərdir Milli Şura ideyasının Rusiyadan gəldiyini deyib, onu-bunu Moskvaya bağlılıqda ittiham edən Azərbaycan hakimiyyəti “Eurovision” yarışmasında şimal qonşumuza yüksək səs verməyimizi sübut etmək üçün əl-ayağa düşdü.
Rusiyapərəst kimdir indi?
Ilham Əliyev də işə qarışdı, hətta. Indi bütün hakimiyyət strukturları və mediası sübut etməyə çalışır ki, Azərbaycanın qəlbi Rusiya ilə döyünür. Onda başqalarını niyə rusiyapərəst olmaqda ittiham edirsiniz?
Aydınca görünür ki, iqtidar dəhlizlərində qorxu və pərəstiş bir-birinə qarışıb…
Məgər Azərbaycan tamaşaçıları Rusiya müğənnisinə səs verməyə bilməz? Bəlkə doğrudan da səs verməyiblər! Mahnı xoşa gəlməyib – səs də verməyiblər. Bəs niyə əl-ayağa düşmüsünüz, cənablar?
Əgər sizi saxtakarlığın olması, Rusiyaya verilən səslərin düzgün sayılmaması narahat edirsə, bu, doğrudan da, talesizlikdir. Illərdir səsləri saxtalaşdırmısınız, indi özünüz saxtakarlıqdan zərərçəkən qismində hay-həşir qoparırsınız. Bəs bu ölkədə keçirilən prezident və parlament seçkilərində saxtakarlığa aid dağ boyda faktlar ortaya qoyanda niyə araşdırma aparan olmur?
Amma görün kənardan necə görünür: Azərbaycan xalqının səsini saxtalaşdıranlar bu gün Rusiyaya verilən səslərin müdafiəsinə qalxıb, saxtakarlıqdan şikayət edirlər. Səsin sahibi güclü olanda belə olurmuş…
Rusiya ilə gərginliyin sübutu
“Eurovision” ilk dəfə mənə nə iləsə mənalı göründü. Hətta mədəni yükünə görə ciddi əhəmiyyəti olmayan bu mahnı yarışması olduqca ciddi geopolitik bir məqama aydınlıq gətirdi. Bəlli oldu ki, Azərbaycan hakimiyyəti ilə Rusiya, daha doğrusu, Ilham Əliyevlə Vladimir Putin arasında gərginlik doğrudan da mövcuddur. “Bu, oyundur” deyənləri başa düşürəm, mənən çox doğma olan, illərdir bir-birinə ağuş açan iki rejimin üz-üzə gəlməsi o qədər məntiqli görünmür. Amma əməli eyni olan mafiyalar da üz-üz durur, biri-birini udmaq istəyir. Hər an dostlaşa bilərlər, hər an maraqları uyğunlaşdıra və barışa bilərlər, amma fakt odur ki, ortada böyük gərginlik var…
Ilham Əliyevin şəxsən özünün “Eurovision”da Rusiyaya səs verməməyimizdən narahat olması sübut edir ki, Moskvanın qəzəbinin artmasından çox çəkinirlər. Ortadakı gərginlik sadəcə söz deyil. Çamadanlar da problemi həll etməyib. Oyun olsaydı, bunu da oyun kimi davam etdirər, Moskvaya and-aman etməzdilər ki, “vallah, sizə səs vermişik”.
Rusiya səs davasına qalxarsa…
Azərbaycanın bir neçə qurumu dünən bəyanat verib: “Ümid edirik ki, bu olay Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinə xələl gətirməyəcək”.
Kimsə soruşa bilər ki, Rusiya bu hakimiyyətə neyləyə bilər, niyə narahatdırlar? Rusiyanın ipinin üstünə odun yığmağın mümkün olmadığını hamı bilir. Hər şey bir yana, gəlin elə seçkiləri götürək. Moskva indiyəcən bizdəki saxta seçkiləri necə qanuni, demokratik, ədalətli elan edirdisə, bu il də onu necə var, yəni saxta, ədalətsiz, qeyri-legitim elan edə bilər. Rusiya Qərb deyil ki, Azərbaycan hakimiyyəti vecinə almaya, birinin əvəzinə beşini qaytarıb üzünə deyə. Belə olanda Rusiyaya arxalanıb Qərbə ermənipərəst deyiblər, məhz rus üslubu ilə “bizim öz yolumuz var” söyləyiblər, bəs Rusiyaya nə deyəcəklər?!
Doğrudan da ermənipərəst olan Rusiyaya adi mahnı yarışmasında yarana biləcək narazılığa görə “qardaş”, “dost” deyib yaltaqlanırlar! Rusiya bunlar üçün asan aşırım deyil…