Əhalinin durumu gündən-günə pisləşir
Azərbaycanın bütün rayonlarının, demək olar, mərkəzi hissəsi gözəgəlimlidir. Qonaqları qarşılamaq, istirahət etmək üçün bir neçə yerə də əl gəzdirirlər və bu olur əsl abadlıq. Ancaq bu sadaladıqlarımızı Goranboya aid etmək olmaz. Goranboyun mərkəzinə daxil olanda artıq burada həyatın bitdiyini görə bilərsən. Bu barədə az sonra…
İşsizlik, pay torpaqları
O biri bölgələrdə olduğu kimi Goranaboyda da iqtisadi-sosial vəziyyətin, insanların maddi rifahının yaxşılaşdırılmasına bir sıra əngəllər var. Bunu məmur özbaşınalığından, məmur bürokratiyasından tutmuş başqa xoşa gəlməyən hallara qədər saymaq olar.
Sovetlər dövründə sözügedən ünvan pambıqçılıq, taxılçılıq, heyvandarlıq rayonu kimi tanınıb. Müstəqillik illərində aqrar sektor burada da sıradan çıxıb. Bu gün insanlar pay torpaqlarında taxıl, yonca əkməklə, həm də həyətyanı təsərrüfatla iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa cəhd edirlər.
Rayonda su çatışmazlığı var. Kəndlərə su vaxtilə “Sərsəng” su anbarından gəlirdi. Indi isə vəziyyət əksinədir. Su çatşmazlığı insanların əlavə pul xərcləməsinə gətirib çıxarır. Artezian quyuları var ki, fasilələrlə işləyir.
Belə bir vəziyyətdə işdən də söz açmaq gülüncdür. Xüsusilə ucqar dağ kəndlərində də işsizlik yüksək səviyyədədir.

Rayonda mövcud problemlərdən biri də Qarabağ döyüşlərində iştirak edənlərə veteran vəsiqəsinin verilməməsidir. Müharibə başlayandan atəşkəs rejiminə qədər döyüşənlər olub. Onların bəziləri hətta yaralanıblar, əlil olublar, ancaq indiyə qədər veteran vəsiqələrini, status ala bilmirlər. Sakinlərin bildirdiyinə görə, ciblərində vəsiqə gəzdirənlərin əksəriyyəti müharibə üzü görməyənlərdir.
Tikinti işləri dayandırılıb

Rayonun bir neçə yolunu çıxmaq şərti ilə bütün yerləri bərbad vəziyyətdədir. Dağ kəndlərinə gedən yolları deməyə dəyməz. Heç olmasa çınqılla, daşla yolu düzəltmək olar. Elə yollar var ki, ora at-araba ilə getmək mükün deyil. Əgər bir kəndlə rayonun mərkəzinə taksi 8 manata gətirirsə, həmin kəndlə qonşuluqdakı kəndə 10 manata gedə bilməzsən.
Goranboyun mərkəzindən isə söz açmağa dəyməz. Ilk baxışdan ciddi şəkildə tikinti-quruculuq işlərinin getdiyini zənn edirsən. Ancaq mərkəzdə bir az var-gəl edəndən sonra hər şeyin əksinə olduğunu anlayırsan. Istər Heydər Əliyev adına muzeyi, istər 1941-45-ci illərdə həlak olanların abidəsi, istərsə də başqa tikinti işlərin aparılması sadəcə görüntüdür. Rayon sakinləriylə söhbət zamanı bəlli oldu ki, burada aparılan quruculuq işləri aylardır davam edir.

“Neçə aydır toz-tozanaq rayonun mərkəzini bürüyüb. Guya tikinti işləri gedir, ancaq faktiki olaraq hər şey dayanıb. Bir ildən çoxdur ki, Heydər Əliyev muzeyini tikirlər. Gəl ki, ortalıqda heç nə yoxdur”,- deyə rayon sakini bildirir.
Biz Heydər Əliyev muzeyinə də, 1941-45-ci illərdə həlak olanlar üçün tikilən abidəyə də baş çəkdik. Hər iki sözügedən ünvanda iş dayanmışdı. Heç nə etmirdilər. Fəhlə belə tapa bilmədik ki, onunla söhbət edək.
Halbuki, ötən ilin iyun ayında dövlət büdcəsindən yolların təmiriylə bağlı 4 milyon 600 min manat rayon icra hakimiyyətinə ayrılıb. Ancaq bu pulun hara xərclədiyi məlum deyil. Əgər yollara xərclənsəydi, ortalıqda olardı. Məşhur lətifədə deyildiyi kimi: Ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?
Bütün bu olanlarla yanaşı mərkəzi yolların asfaltı da qazılıb. Azca yağış yağan kimi hər yeri su basır. Nəticədə yollarda dərin çalalar əmələr gəlir.

Elə biz səfərdə olduğumuz gün yağan aramsız yağış Kürəkçay, Qazançı, Goranlı, Gülməmmədli, Qırıxlı, Qarapirimli, Həmənli kəndlərində həyat iflic oldu. Günün ikinci yarısından etibarən sözügedən ünvanlarda elektrik enerjisi dayandırıldı.
Ramin DEKO,
Bakı-Goranboy-Bakı


