Rusiya mətbuatı Azərbaycandan yazdı

Aleksey Vlasov: «Rəsmi Bakı ölkənin xarici oyunçulara qarşı siyasətinin necə olacağını hələlik müəyyən etməyibi»

Azərbaycanın XIN rəhbəri Elmar Məmmədyarov Moskvaya ikigünlük səfərə gedib. Rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.
Ekspertlər güman edirlər ki, E.Məmmədyarovun səfəri son zamanlar Rusiya-Azərbaycan münasibətləri ətrafında  yaranmış neqativin aradan qaldırılmasına yönəlib. Bu barədə “Nezavisimaya qazeta” yazır.
Rusiya XIN Informasiya və Mətbuat Departamentinin direktor müavini Mariya Zaxarova bildirib ki, danışıqların gündəliyinə Qarabağ nizamlanması da daxildir. Belə ki, Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində aparıcı vasitəçilərdən biri kimi çıxış edir.
“Azərbaycan Zaqafqaziya və Xəzər regionunda bizim strateci tərəfdaşımızdır”, – o bildirib.
Lakin Rusiya-Azərbaycan münasibətlərini daha geniş formatda götürsək, “Şimal-Cənub” Mərkəzinin politoloqu Aleksey Vlasov hesab edir ki, “rəsmi Bakı ölkənin xarici oyunçulara qarşı siyasətinin necə olacağını hələlik müəyyən etməyib”.   
“Bu gün Bakıda eyni vaxtda bir neçə istiqamət üzrə gərginlik  yaranıb: ATƏT, Iran və ABŞ” ,- A.Vlasov qeyd edib. E.Məmmədyarov ATƏT-in Azərbaycandakı missiyasının statusunun Koordinasiya Şurasına qədər endirilməsi barədə niyyətini bildirib. O, qarşıdakı seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakının mümkünlüyünü istisna etməyib, ancaq əgər missiyanın statusu aşağı salınarsa, ATƏT nümayəndələrinin hesabatı ən yaxşı halda qeyri-formal sənəd statusu alacaq.
Ikinci gərginlik nöqtəsi Azərbaycan vətəndaşlarının həbs edildiyi Iran, üçüncü maliyyələşdirdiyi bəzi QHT-lərin bağlanmasından narazı olan ABŞ-dır.
Rusiya ilə münasibətlərə gəlincə, Qəbələ RLS və ya Bakı-Novorossiysk boru kəməri üzrə müqavilələrin ləğvi ilə  bağlı son hadisələr xüsusi problem doğurmayıb.