haciebdul2

Hacı Əbdül partiya sədrlərindən birini şallaqlayıb

haciebdul2«Tövbə» Cəmiyyətinin sədrindən qalmaqala səbəb olacaq açıqlamalar

«Ayaz Mütəllibov bəzi xəyanətkarlara inanırdı, bu baxımdan da aramızda soyuqluq yarandı»

“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdülü Azərbaycanda bəlkə tanımayan az adam olar. O, bir zamanlar siyasi proseslərdə xüsusi fəallığı ilə seçilən şəxslərdən olub. Ayaz Mütəllibovun qızğın tərəfdarı olan Hacı Əbdül uzun illər onun Azərbaycana qayıdışını təmin etmək uğrunda mübarizə aparıb. Sonradan eks-prezidentlə münasibətləri pozulan “Tövbə” Cəmiyyətinin sədri siyasi səhnədə də görünməz olub. Onunla müsahibəyə də əvvəlcə siyasətdə görünməməsinin səbəbləri barədə sualla başladıq:

İstəyirik ki, Azərbaycanda demokratiya olsun.

– Hacı vaxtilə siyasi proseslərdə fəal iştirak edirdiniz. Amma son illər görünməz olmusunuz. Siyasətdən bezmisiniz, yoxsa başqa səbəblər var?
– Siyasi proseslərdə görünməmək məsələnin görünən tərəfidir. Amma görünməyən tərəflər də var. Görünməyən tərəf odur ki, biz elə siyasi proseslərin içindəyik.

– Bəlkə bu görünməyən tərəflərə bir az aydınlıq gətirəsiniz?
– Görünməyən tərəfləri açıqlamaq məsləhət olsaydı o, görünərdi.

– Yaxşı, siyasi proseslərdə varsınızsa, fəaliyyətiniz konkret olaraq nədən ibarətdir?   
– Bu sizin ikinci sualınızın başqa formasıdır. Biz fəaliyyətdəyik, dayanmırıq. Bu qədər.

– Ümid edək ki, bu fəaliyyət Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması istiqamətindədir. Yoxsa yanılırıq?
– Xeyr, yanılmırsınız. Biz elə onun üçün çalışırıq. Məqsədimiz də odur.

– Yəni, Azərbaycanda demokratik cəmiyyət qurmaq üçün çalışırsınız?
– Bəli. Istəyirik ki, Azərbaycanda demokratiya olsun. Sözdə yox, əməldə.

Bizim təbiətimizdə xəyanətkar adamlara yer yoxdur

– Keçmiş prezident Ayaz Mütəllibova çox yaxın şəxs olmusunuz. Amma sonradan birdən-birə münasibətləriniz pozuldu. Səbəb nə idi?
– Bunun səbəbləri çox deyilib. Yəni, münasibətlər birdən-birə pozulmayıb. Xırda-xırda pozulub. Xırda-xırda pozulduqca da səbəblər deyilib. Qısaca deyim ki, Ayaz Müəllibov o vaxtdan başlayaraq son zamanlara qədər bəzi yoldaşlara, daha doğrusu xəyanətkarlara, onlara indi yoldaş demək olmaz, onlar xəyanətkardır,  inanırdı. Bu baxımdan da aramızda soyuqluq yarandı.
Bizim təbiətimizdə xəyanətkar adamlara yer yoxdur. Nə özümüz xəyanətkarıq, nə də xəyanətkarları xoşlayırıq.

– Hacı bəlkə ad çəkəsiniz?
– Çəkim də. Şeyx Əbdül, Sabir Hacıyev, Iqbal Ağazadə, Tahir Kərimli. Ayaz Mütəllibov bunlara və başqa adını çəkmədiklərimə meyl elədikcə biz ondan uzaqlaşmağa başladıq.

– Ayaz Mütəllibovun adını çəkdiyiniz şəxslərlə yaxınlaşması nə dəyişdi ki, siz də ondan uzaqlaşdınız?
– Ayaz Mütəllibov bu addımı ilə elektoratını, yaxın tərəfdarlarını dağıtdı. Hər dəfə belə addım atanda insanlarda ona inamsızlıq yarandı. Çünki axı milləti bu günə qoyan onun meyl etdiyi insanlar idi. Indi yenidən onlarla yaxınlıq qəlbən Ayaz Mütəllibova rəğbət bəsləyənləri sarsıtdı və onlar dağıldı. Biz də onun bu addımlarından narazı idik. Bir fakt deyim sizə. Orucluq ayı idi. Ayaz Mütəllibovun Azərbaycana qayıtması üçün imza toplayırdıq.  
Bax elə bu məsciddə yığışıb bu məsələni müzakirə edirdik. Söhbət Heydər Əliyevin hakimiyyəti illərindən gedir. Indi özünüz təsəvvür edin ki, belə bir vaxtda Ayaz Mütəllibov üçün imza toplamaq nə deməkdir. 300-ə yaxın adam səfərbər edilmişdi bu işə. Həmin yoldaşlar gecə-gündüz imza toplayırdılar. Özlərini sözün əsl mənasında təhlükəyə atmışdılar. Və bu zaman Şeyx Əbdül ortaya çıxdı. O Şeyx deyildi, adını Şeyx qoyub ortaya çıxardılar.

Getdik Şeyx Əbdülün qapısını döydük, dedik uduzmusan qonaqlığı verməlisən

– Kimlər qoydu bu adı?
– Əlbəttə ki, burda hakimiyyətin rolu var idi. Bunlar Əbdülləri qarışdırmaq üçün bunu elədilər. Camaat çaş-baş qalmışdı. Elə bilirdilər ki, Şeyx Əbdüllə Hacı Əbdül eyni adamlardır. Ayaz Mütəllibov bizə dedi ki, birgə fəaliyyət göstərin. Amma mən bunlara inanmırdım. Çünki dünən Ayaz Mütəllibovun adını çəkməyə qorxan insanlar, bu gün açıq şəkildə onun təbliğatını aparırdılar. Bu elə-belə ola bilməzdi. Həmin adamlarda birdən-birə qəhrəmanlıq etmək istəyi baş qaldıra bilməzdi. Burada hakimiyyətin barmağı var idi. Ona görə mən birgə fəaliyyətə razı deyildim.
Onların gördüyü iş də qondarma idi. Təsəvvür edin, Şeyx Əbdül çıxıb bəyanat verirdi ki, 1 günə 10 min imza topladıq. Ətrafında 20 adam var idi. Bizim isə 300 adamımız bu işə cəlb edilmişdi. Deməli, bu 300 nəfər gecə-gündüz çalışıb bir günə 1000 imza toplamışdı, amma Şeyx Əbdül 20 adamla 10 min imza. Bu inandırıcı görünmürdü. Bizə deyirdilər ki, yığdınız imzaları bizə təqdim edin, bir yerdə iş aparaq. Dedim, elə şey yoxdur. Ayrı-ayrı imza toplayaq, axırda cəmləşdirərik. Nə isə daha sonra Şeyx Əbdül bəyanat verdi ki, 100 min imza toplamışıq. Mən ona dedim ki, a kişi bu nə bəyanatdır verirsən, hanı 100 min imza, göstərə bilərsənmi mənə o imzaları, o adamları. Mərc gəldim onunla, dedim göstərsən, bu məsciddə nə qədər adam var – bura (Imam Hüsen məscidini nəzərdə tutur) da adamla dolu idi – hamısına qonaqlıq verəcəyəm. Göstərə bilməsən sən 3 nəfərə – mən və başqa iki yoldaş – qonaqlıq verəcəksən. Yanımdakı yoldaşlar dərhal mərc gəldi. Şeyx Əbdül isə dedi ki, 100 min imza yoxdur. Dedim o zaman bu gün axşam səni

“Ləvəngi” restoranında gözləyirik.

– Verdi qonaqlığı?
– Vermək istəmirdi. Getdik Şeyx Əbdülün qapısını döydük, dedik uduzmusan qonaqlığı verməlisən. Dedi sabah verərəm. Dedim yox, elə bu gün verməlisən. Və beləcə onu gətirdik “Ləvəngi” restoranına. Mən bunu ona görə etdim ki, bu adam yalan danışırdı. Təsəvvür edin, günün birində bəyanat verdi ki, 1 milyon imza toplamışıq. Dedim, a kişi sən nə danışırsan? Sabah səndən soruşsalar ki, hanı 1 milyon imza nə deyəcəksən? Cavab verdi ki, deyəcəm imzaları Ayaz Mütəllibova göndərmişəm. Başqa məsələlər də var idi. Ona görə də biz narazı idik.

– Həmin “başqa məsələlər”dən də danışsanız yaxşı olardı.  
– Pul söhbəti var idi. Təsəvvür edin, günün birində Ilham Şahverdiyev adlı bir yoldaş var idi, mənə dedi ki, Hacı, o pullardan bizə ver. Dedim, nə pul? Dedi Ayaz Mütəllibov sizə bu işlər üçün xeyli pul ötürüb, bizə niyə vermirsiniz. Dedim mən pul görmüşəm və bu işləri də pula görə etmirəm. Bəlli oldu ki, Ayaz Mütəllibov Şeyx Əbdülə pul ötürübmüş. Bunlar da imza toplamaq adı ilə həmin pulları xərcləyiblər. Ilham Şahverdiyevə pulun Şeyx Əbdülə verildiyi məlum olanda onun yanına getdi. Şeyx Əbdül isə demişdi ki, pul yoxdu, hamısını imza toplama kampaniyasına xərcləmişik. Bu cür hadisələr çox olub, danışsam, bir kitab yazmaq olar.         

Hakimiyyət bizi dağıtmaq, zəiflətmək istəyirdi

– Bəs Iqbal Ağazadə, Sabir Hacıyev, Tahir Kərimli ilə bağlı nə problem var idi?
– Bilirsiniz, bunlar hamısı oyun idi. Yəni, bu adamları hökumət yönəltmişdi. Onlar səmimi şəkildə Ayaz Mütəllibovu müdafiə etmirdi. Mən bunları görürdüm, bilirdim. Ona görə də Ayaz Mütəllibovun həmin adamlara meyl etməsini narazılıqla qarşılayırdım. Bunların işini dağıtmaq, parçalamaq idi.

– Yəni, sizi neytrallaşdırmaqla Ayaz Mütəllibovun müdafiəsini zəiflətmək üçün hökumət bu adamların da rol aldığı ssenari cızmışdı?
– Bəli. Çünki biz güclü idik. Hakimiyyət bunların əlilə bizi dağıtmaq, zəiflətmək istəyirdilər. Bir dəfə gəlib dedilər ki, qoşulun Sabir Hacıyevlə, Iqbal Ağazadənin partiyasına. Mən dedim ki, kim qoşulur qoşulsun, mən qoşulmuram. Buna görə Ayaz Mütəllibovla aramızda bir inciklik yarandı. Daha sonra mən Moskvada olanda eşitdim ki, Tahir Kərimlinin adamları gəlib Ayaz Mütəllibovu öz partiyalarına dəvət ediblər. O da razılıq verib. Inanmadım. Ayaz Mütəllibovun özü ilə görüşdüm. Təsdiqlədi, mənə də dedi ki, gedin qoşulun. Dedim axı bu həmin Tahir Kərimlidir ki, “Ayaz Mütəllibov istefa verməlidir” deyə saçlarını yolurdu. Indi nə oldu bəs. Bu Həmin Tahir Kərimlidir ki, mən həbs olunanda Ali Məhkəmənin sədri idi. Dəfələrlə ona məktub yazmışdım, bildirmişdim ki, mənim günahım yoxdur. Amma bu məktublarıma cavab verməmişdi. Indi nə üçün ona qoşulmalıyıq? Amma Ayaz Mütəllibov təkid elədi ki, get birləş onun partiyasına. Mən də bir anlıq fikirləşdim və dedim ki, razıyam, amma şərt kəsdim.

Tahir Kərimlinin tövbəsi

– Nə şərt?
– Dedim bir şərtlə onun partiyasına qoşularam ki, gəlib məsciddə camaatın qarşısında etdikləri əməllərə görə tövbə eləsin. O da razılaşdı. Əslində onun tövbəsi məni maraqlandırmırdı. Mənim məqsədim hayıfımı almaq idi.
Mən Moskvadan qayıdandan sonra Tahir Kərimli gəldi məscidə. Zalda oturduq, camaatın qarşısında. Mən tövbə ilə bağlı sözləri dedim bu da təkrar elədi. Sonra dedim ki, tövbə elədin, indi uzan. Qayıtdı ki, arxası üstə uzanım, yoxsa üzü üstə? Dedim arxası üstə. Bu arxası üstə uzanan kimi götürdüm şallağı və üzümü göyə tutub dedim: Pərvərdigara şükr olsun sənin böyüklüyünə. Vaxt var idi mən bu adama ərizə yazıb xahiş edirdim ki, məni azad etsin, indi uzanıb qabağımda.  
Buna üç dənə şallaq vurdum.

– Bərk vurdunuz?
– Elə bərk vurdum ki, hələ indiyə qədər yadından çıxmaz onun. Ürəyim sakit oldu. Sonra da dedim ki, qurtardı, çıx get, birləşmək filan da yoxdur.

– Umu-küsülərə baxmayaraq Ayaz Mütəllibovun ağır günündə yanında oldunuz, oğlunun dəfninə gəldiniz. Bundan sonra münasibətlərdə bir dəyişiklik oldumu?
– Mənim o rəhmətliyə böyük hörmətim var idi. Mən Moskvada olanda, xəstə idim, ölürdüm. O düşdü mənim dalımca, Moskvada həkim axtarırdı. Onun ölümü məni çox sarsıtdı. Hər zaman mənim qulluğumda dayanıb. Mənim dəfnə getməyim onun atasına görə deyildi. O rəhmətliyin özünə görə idi.

– Bu günlərdə Ayaz Mütəllibovun 75 yaşı tamam oldu. Zəng edib təbrik etdinizmi?  

ardı var

Vidadi