eabdullayev-enyeni

Elşad Abdullayevdən yeni açıqlamalar

eabdullayev-enyeni«Sevinc Babayevanın ölümü ilə bağlı saxta rəyinin alınmasında Ramiz Mehdiyevin əli var»

Gülər Əhmədovanın mərhum rəfiqəsinə ötürdüyü kompromatlar axtarılır

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev mandat alverinə görə həbs edilən sabiq deputat Gülər Əhmədovanın işilə bağlı fikirlərini açıqlayıb.

Sevinc Babayevanın ölümü ilə bağlı ekspert rəyi saxtadır

Elşad Abdullayev “Azadlıq”a ünvanladığı açıqlamasında bildirib ki, Gülər Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan duzgün tövsif olunmayıb: “Bildiyimə görə hazırda Gülər Əhmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, onun MTN zabiti Mahir Abdullayevin oğurlanması, Azərbaycan Beynəlxalq Universitetinin məndən tələb etməsi və deputat seçkiləri ilə əlaqədar cinayət əməlləri hədə-qorxu ilə xarakterizə olunur. Bu baxımdan Gülər Əhmədovanın konkret deputat seçkisi ilə əməli hədə-qorxu gəlməklə rüşvət alma kimi tövsif edilməlidir.  
Həmçinin onun əməllərində Cinayət Məcəlləsinin 144-cü(adam oğurluğu) və 110-cu (Insanları zorakılıqla yoxa çıxarma)  maddələrinin tərkibi var.
Şahid Sevinc Babayevanın qətli ilə bağlı da Gülər Əhmədovanın cinayətləri düzgün tövsif edilməyib.
Birincisi, qanunvericiliyə görə əsas fakt qətlə yetirilmiş Sevinc Babayevanın yaxınlarının ifadəsidir. Onun anası tesdiq edir ki, qızını Gülər Əhmədova öldürüb. Oğlu Ayxan Məmmədov da KIV-ə açıqlamalarında anasının Gülər Əhmədova tərəfindən öldürüldüyünü deyib. Həmçinin qeyd edib ki, məhz Gülər Əhmədova anasını Türkiyədə saxta pasportla gizlədib.
Beləliklə də, bu günə qədər Gülər Əhmədovanın əməlində olan “qəsdən adadmöldürmə” kimi cinayət əməlinə huquqi qiymət verilməyib. Ikincisi, Sevinc Babayevanın ölümü ilə bağlı ekspert rəyini saxta hesab edirəm. Saxta rəyin alınmasında Prezident Aparatının müdiri Ramiz Mehdiyevin əli var. O, mütəşəkkil cinayətkar təşkilatın əməlllərini ört-basdır etmək üçün daha təhlükəli cinayətlər törədir”.
Bu pullar məndən hədə-qorxu yolu ilə alınıb
Sabiq rektor daha sonra deyib ki, Mahir Abdullayevin oğurlanmasında bilavasitə iştirakı olan şəxslərin dələduz kimi məsuliyyətə cəlb olunması ilə razı deyil. Elşad Abdullayev Mahir Abdullayevin azad edilməsi üçün pul verdiyinə görə ittiham edilməsini də doğru saymır: “Bir daha qeyd etmək istəyirəm ki, qardaşımı oğurlayan mütəşəkkil cinayətkar təşkilat mənə işgəncə verərərək, hədə-qorxu gəllərək məndən pul almışlar, məni müntəzəm olaraq öldürməklə təhdid etmişlər.
Eyni zamanda, qanuni fəalyyət göstərən Azərbaycan Beynəlxalq Universitetinin bağlanması təhdidi ilə Ramiz Mehdiyevin adı ilə məndən hədə-qorxu ilə rüşvət alınıb. Mən Ramiz Mehdiyevin tələblərini yerinə yetirə bilmədiyim üçün ABU-nu bağlatdırdı. Burada da məndən alınan pullar özümün və qardaşımın öldürüləcəyi hədə-qorxusu ilə alınmışdır. Yoxsa hansı normal adam bu qədər pulu könüllü olaraq yalvara-yalvara Ramiz Mehdiyevin bandit şəbəkəsinə verərdi?!
Bunula bağlı növbəti video faktlar açıqlanacaq”.

Gülər Əhmədovanın bir kisə kompromatı hardadır?

Bu arada Gülər Əhmədova ilə bağlı sensasion məlumat yayılıb.
Aznews.az-ın məlumatına görə, sabiq deputata məxsus bir kisə kompromat xarakterli dosye Bakıda gizlədilib. Iddia edilir ki, Gülər Əhmədova mərhum Sevinc Babayevanı ölkədən çıxarmazdan əvvəl ona Elşad Abdullayevlə mandat alış-verişi,  başqa kompromat xarakterli məlumatları özündə cəmləşdirən dosye verib ki, Sevinc Babayeva həmin dosyeləri özüylə Türkiyəyə aparsın. Lakin Sevinc Babayeva ölkədən çıxarkən yaxalanacağından qorxduğu üçün həmin dosyeləri Türkiyəyə aparmayıb.
Sevinc Babayeva Gülər Əhmədovadan aldığı təxminən bir kisə həcmində olan həmin dosyeləri ölkədən çıxmazdan bir gün əvvəl özünə yaxın şəxslərdən birinə verib. Həmin şəxs bəhs edilən sənədləri Sevinc Babayevanın ölümünə qədər öz evində saxlayıb. Lakin Sevinc Babayevanın gözlənilməz ölümünün ardından qorxuya düşən həmin şəxs ölüm xəbərinin ardınca evindəki bir kisə sənədi Biləcəri qəsəbəsində bir ərazidə basdırıb.
Sevinc Babayevanın məlum dosyeləri Bakıda kimə verdiyini, hətta Gülər Əhmədova da bilmir. Sevinc Babayeva Gülər Əhmədovaya həmin sənədləri Türkiyəyə gətirmədiyini deməyib. Hazırda həmin dosyelər bir növ itkin düşmüş vəziyyətdədir və Gülər Əhmədovaya heç bir köməyi dəyə bilməz. Qeyd olunan kompromat xarakterli sənədlərin ortaya çıxması üçün Sevinc Babayevanın etibar etdiyi həmin şəxs cəsarət göstərib, dosyelərin onda olduğu barədə Gülər Əhmədovaya məlumat ötürməlidir. Ancaq o, özünü bu qalmaqallı işin tam ortasına atmaq fikrində olmadığı üçün həmin dosyeləri harada basdırdığı barədə heç kimə məlumat vermək fikrində deyil.
“Yeni Müsavat” qəzeti də belə bir məlumat yayıb. Qəzet iddia edir ki, istintaq da sabiq deputatın ölkədən belə sənədlər çıxardığına əmindir.
Qəzetin yazdığına görə, istintaq həmin kompromatları ələ keçirmək üçün hərəkətə keçib. Hazırda istintaq qrupunun üzvləri Gülər Əhmədovanın əlində olduğu ehtimal edilən dosyeləri (burada fotolar, videolar, müxtəlif sənədlər var) Türkiyədə axtarır. Istintaqın ehtimalına görə, Gülər Əhmədova əlindəki dosyelərin bir qismini mərhum Sevinc Babayeva vasitəsilə ölkədən çıxarıb. Bu səbəbdən də hazırda Türkiyədə Sevinc Babayeva ilə təması olmuş hər kəsin evi, iş yeri, yaxınlarının evləri qəfil basqınlarla axtarışa məruz qalır. Bundan başqa, həmin şəxslər sorğu-suala tutulur, onlardan həmin sənədlərlə bağlı müfəssəl məlumat tələb edilir. Bu məsələdə Türkiyə polisi Azərbaycan hüquq-mühafizə orqanlarına yaxından dəstək verməkdədir.
Hazırda istintaqa rəhbərlik edən Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emzar Qocayevin bir neçə gündür Istanbulda olması, orada istintaq hərəkətləri aparması bu xəbərləri daha da möhkəmləndirir.