Ağdaş cəbhəçiləri yenə polisə çağırıldı

AXCP-nin Ağdaş rayonunda müşavirə keçirməsinə imkan verilmədiyi haqda məlumat vermişdik. Belə ki, yerli polis partiya rəhbərliyini və yerli cəbhəçiləri müşavirədən əvvəl həbs edərək, saatlarla polis bölməsində saxlamışdı. Bunu isə yuxarıların göstərişi kimi izah etmişdilər.
Ötən gün eyni zamanda Partiyanın Ağdaş rayon Aşağı Ləki kənd dayaq dəstəsinin sədri Mehdi Məmmədovun avtomobili cərimə meydançasına aparılıb. Guya Mehdi Məmmədov polisə sənədləri təqdim etməkdən imtina edib. Bu gün Mehdi Məmmədov polis idarəsinə gedərək baş verənlərə etirazını bildirib. Son anda  Mehdi Məmmədovu 30 manat cərimə ediblər.
Bu gün AXCP Ağdaş rayon şöbəsinin sədri Həmid Azəri də rayon polisinə çağırılıb. Həmid Azəri qazetimizə açıqlamasında bildirdi ki, polisə çağırılmasının səbəbi keçirmək isdədikləri müşavirə ilə bağlı olub. “Mənə dedilər ki, belə müşavirələri keçirəndə icazə almaq lazımdır ki, biz də sizin təhlükəsizliyinizi təmin edək. Mən onlara başa salmağa çalışdım ki, biz mitinq keçirmirik, öz həyətimizdə yığışıb ümumi söhbət aparırıq. Həm də biz yer üçün müxtəlif vaxtlarda müraciətlər etmişik. Amma müsbət cavab almamışıq.
Mən onların nəzərinə çatdırdım ki, istənilən halda biz öz tədbirlərimizi keçirəcəyik və buna bizim haqqımız var”