“Azərbaycanın kriminal rejimi vətəndaşlarının aktivliyindən qorxur”

leyla yunus web“Situasiyanı dəyişmək Azərbaycan vətəndaşlarının üzərinə düşür, o zaman Qərbin də dəstəyi olacaq”

Leyla Yunus: «Görüşdüyüm beynəlxalq təşkilatların təmsilçiləri hazırda «Azadlıq»ın hələ də ayaqda olmasını jurnalistlərin fədakarlığı ilə əlaqələndirirlər»

Müsahibimiz Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusdur. Məlum olduğu kimi, bir neçə gün əvvəl L.Yunusa Almaniyada Theodor Haecker adına beynəlxalq mükafat təqdim olunub. Bu mükafat iki ildən bir azadlıq, demokratiya, sülh və humanizm ideallarının müdafiəsindəki cəsarətə, əzmkarlığa görə verilir. Bu mükafata layiq görülən L.Yunusu Avropanın digər tanınmış şəxləri ilə yanaşı Almaniya prezidenti Ioahim Qauk da təbrik edib. L.Yunus eyni zamanda Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunub. Xaricdəki görüşlərində Azərbaycanda insan haqları, demokratiya ilə bağlı problemləri, söz və mətbuat azadlığına olan basqıları qabardan L.Yunus bir daha ölkəmizə beynəlxalq diqqəti yönəldib. L.Yunusu iki mötəbər beynəlxalq mükafat alması münasibətilə “Azadlıq” olaraq təbrik etdikdən sonra suallarımıza keçdik.

– Leyla xanım, Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, beynəlxalq aləmdə ölkəmizin reallıqlarına münasibət adekvat deyil. Görüşlərinizdə bu istiqamətdə söhbətlər oldumu?
– Qərbin ölkəmizdə baş verənlərə reaksiyasının adekvat olmadığı barədə cəmiyyətdə formalaşan fikir əsassız deyil. Amma bir məqamı dərk etmək lazımdır ki, demokartik Qərb bütöv bir qüvvə deyil. Ona görə bəzi hallarda “kürü diplomatiyası” işə yarayır. Buna misal olaraq AŞ PA məruzəçisi Pedro Aqramondun loyal hesabat hazırlamasını, çıxışlarını göstərmək olar. AŞ PA sessiyasında onun çıxışı və Ştrasserin hesabatının əleyhinə səs verməyə çağırması  yaxşı xatirimizdədir. Amma Ştrasseri, Qrossu, Herkeli pul ilə almaq hakimiyyətə nəsib olmur. Hakimiyyət yalnız Malta kimi ölklərin təmsilçilərinin rəyini ala bilir. Bu insanların və onların fəaliyyətinin, prinsipialığının timsalında Qərbin yekdil bir orqanizm olmadığını görmək olar. Xarici siyasət də eyni prinsip üzərində qurulur. Qərb dövlətləri enerji maraqlarına görə hazırkı hakimiyyətlə əməkdaşlığa məcburdurlar. Baxmayaraq ki, ABŞ, Avropa dövlətləri, Türkiyə Azərbaycan hakimiyyətinin korrupsiyaya bulaşdığını gözəl bilirlər. Amma Qərbin, ümumiyyətlə, Azərbaycanda demokratik institutları dəstəkləmədiyini söyləmək düzgün olmazdı. Biz vaxtaşırı ölkədə insan haqlarının pozulmasına, demokratik prinsiplərin tapdanmasına etiraz olaraq bəyanatlar səsləndiririk. Almaniyada keçirilən tədbirdə çıxışçıların səsləndirdiyi fikirlərdən görünürdü ki, Azərbaycandakı durumu onlar çox gözəl anlayırlar. Müstəqil ekspertlər, KIV-lər Azərbaycandakı durumu obyektiv qiymətləndirirlər. Amma bizim cəmiyyət onu da bilməlidir ki, Qərb vətəndaşlarımızın yerinə Azərbaycanda zəruri dəyişiklikləri reallaşdırmayacaq. Situasiyanı dəyişmək Azərbaycan vətəndaşlarının üzərinə düşür. Passiv vətəndaş mövqeyi sərgiləndikcə beynəlxalq birliyin münasibəti adekvat olmayacaq.

“Rejim maliyyə hesabına Fransanı demokratik prinsiplərdən döndərə bilməz”

– Leyla xanım, mükafat aldığınız ikinci ölkə – Fransa bir qayda olaraq hazırkı hakimiyyətin əsas müttəfiqlərindən sayılır. Fransanın özündə Azərbaycanda hazırkı durum necə dəyərləndirilir?
– Fransa və Almaniya Avropa Birliyinin aparıcı ölkələri olaraq demokratik ənənələrə olduqca sadiqdirlər. Bu ölkələrdə hakimiyyətlərin dəyişməsindən, ölkəyə kimin rəhbərlik etməsindən asılı olmayaraq demokratik dəyərlər elə dərin kök atıb ki, onları dəyişmək mümkün deyil. Bu dövlətlərin mövqeləri qısa müddətə hər hansı bir siyasətçidən asılı ola bilər. Amma ümumilikdə Fransa kimi dövlətin prinsiplərini dəyişmək mümkün deyil. Bəli, Azərbaycanın hakim ailəsi beynəlxalq aləmdə imiclərinin formalaşdırılması üçün külli miqdarda vəsait xərcləyib. Strasburqda kilsənin bərpasına, Luvrda xalça kolleksiyasının bərpasına külli miqdarda vəsait ayrılıb. Halbuki Azərbaycanın özündə tarixi abidələr acınacaqlı durumdadır və onların qorunması üçün əksinə, Norveç kimi ölkələr qrant ayırırlar. Hakimiyyət Qərbin onlara loyal münasibət bəsləməsi mövqeyini hər cür satın almağa çalışır. Amma bütün bu məqamlara baxmayaraq, Fransa hakim rejimin qatı əleyhdarı olan bir şəxsə Şərəf Legionu Kavaleri Ordeni verilir. Bu bir daha göstərir ki, onlar öz mənəviyyat və əxlaq normalarını heç nəyə dəyişən deyirlər.

– Qarşıdan Azərbaycan üçün mühüm mərhələ gəlir. Amma hakimiyyət bu seçkini də hansı şəraitdə keçirəcəyinin “anonsunu” verib. Belə olan halda Avropanın iki aparıcı ölkəsi Almaniya və Fransa hakimiyyətin Azərbaycandakı son addımlarını necə dəyərləndirir?
– Hazırda Avropada Azərbaycandakı durumla bağlı tam fikir formalaşdığını söyləmək olmaz. Azərbaycanla bir qayda olaraq işləyən diplomatlar, əlbəttə, ölkəmizdə baş verənləri tam başa düşür. Məsələn, Avropa Birliyinin komissarı Ştefan Füle ölkəmizin hansı şərtlər altında seçkiyə getdiyini gözəl bilir. Bunu onun verdiyi bəyanatlar da sübut edir. Hazırda Azərbaycanda hətta şəxsi mənzillərdə belə insanlar toplaşa bilmirlər. Demək olar, hər gün nəinki siyasi partiya mənsubiyyəti olan şəxsləri, sosial şəbəkələrdə aktivlik edən gəncləri də həbsə atırlar. Hazırda hakimiyyətin reallaşdırdığı addımlar, qanunvericiliyin sərtləşdirilməsi artıq bütün beynəlxalq təşkilatları Azərbaycanla bağlı yekdil mövqeyə gəlməyə vadar edəcək. Hazırda hakimiyyət ictimai aktivlikdən o qədər qorxur ki, ölkəni dünyanın üzünə bağlayır. Nəticədə Azərbaycan tədricən Şimali Koreya modelinə yaxınlaşır. Çünki hakimiyyətin qanunvericiliyə etdiyi dəyişikliklər, ələlxüsus ermənilərlə əlaqəni qadağan edən qanun və ATƏT-in fəaliyyətinin məhdudlaşdırılmasına çalışmaq, onu göstərir ki, Azərbaycanın kriminal rejimi vətəndaşlarının aktivliyindən qorxur. Hakimiyyət bu il devrilə biləcəyi ilə bağlı fikirlərin möhkəmləndiyi bir halda heç beynəlxalq reaksiyaya məhəl qoymur.

“Azadlıq” söz azadlığının simvoludur

– Siz ölkədə olmadığınız müddətdə hakimiyyət bir sıra mürtəce qanun dəyişiklikləri etdi. Bunlara misal olaraq inzibati cəza müddətinin artırılmasını, internetdə səsləndirilən fikirlərə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını göstərmək olar. Bundan başqa, qəzetimizə qarşı basqılar da ötən müddət ərzində güclənib. Bu məsələlərə beynəlxalq təşkilatların münasibəti necədir?
– Bütün görüşlərdə çıxışımı bir neçə hissəyə bölərək bu məqamlara toxunmağa çalışıram. Vətəndaş cəmiyyətinin fəallarına qarşı hücumlar, qanunvericilikdə edilən dəyişikliklər diqqət mərkəzində olub. Internetdəki fikirlərə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına gəlincə isə bu da sadəcə olaraq azad fikrə qarşı basqıdır. Avropalı diplomatlar da Azərbaycanda tətbiq olunan qanun dəyişikliklərini həyəcanla qarşılayırlar. Güman ki, bu dəyişikliklərə münasibət yaxın zamanlarda bəlli olacaq. Çünki hazırda Azərbaycanda atılan bu son mürtəce addımlar müzakirə predmetidir. “Azadlıq”a qarşı hücumlar isə görüşlərdə Azərbaycanın ilk müstəqil qəzeti kimi, azad sözün simvoluna basqılar kimi dəyərləndirildi. “Azadlıq” hələ totalitar sovet rejimində çıxmağı bacaran bir mətbu orqanıdır. Ona görə “Azadlıq”ın bağlanması Azərbaycan üçün rüsvayçılıq olardı. Bu, ölkədə birmənalı şəkildə azad sözün olmadığının təsdiqi olacaq. Görüşdüyüm beynəlxalq təşkilatların təmsilçiləri hazırda “Azadlıq”ın hələ də ayaqda olmasını jurnalistlərin fədakarlığı ilə əlaqələndirirlər. Hətta Almaniyada görüşlərin birində Belarusdan olan jurnalist etiraf etdi ki, o, “Eurovision” Bakıda keçirilən zaman tədbirlərin birində Prezident Administrasiyasının təmsilçisinin jurnalisti necə təhqir etməsinin şahidi olub. Bu mənzərə onda Azərbaycandakı durum barədə fikir formalaşdırmağa imkan verib.

“Azərbaycan kimi rejimlər məhvə məhkumdur”

– Hakimiyyətin cəmiyyətdəki aktivliyi azaltmaq məqsədilə atdığı addımlarla Azərbaycan kimi ciddi problemləri olan ölkədə nəticə əldə etmək olarmı?
– Tarixdən misal çəkmək olar. Qısa müddət üçün Azərbaycan kimi rejimlər müəyyən uğurlar əldə edə bilirlər. Bu kimi rejimlər cəmiyyətin aktiv kəsimini məhv etməklə müəyyən müddət hakimiyyətdə qala bilirlər. Liviyada, Misirdə baş verənlər bunun sübutudur. Amma bu ölkədəki proseslərin nəylə nəticələndiyini də gördük. SSRI-nin nə zamansa dağılacağı heç kimin ağlına gəlməzdi. SSRI nüvə silahına sahib bir ölkə idi. heç kim bu dövlətə qarşı dura bilməzdi. Əgər SSRI dağıldısa, Azərbaycan kimi ölkənin taleyi bəllidir. Sual budur ki, dəyişiklik necə baş verəcək? Insanlar islahatlar yolu ilə quruluşu dəyişə biləcəklərmi, yoxsa dağıdıcı proseslərə ehtiyac olacaq?

– Hakimiyyətin reallaşdırdığı mürtəce islahatlara beynəlxalq aləmdən sərt reaksiya gəlsə də, Prezident Administrasiyasının təmsilçisi bu fikirlərin onlar üçün əhəmiyyətli olmadığını söyləyib?
– Hakimiyyət hazırda öz vətəndaşlarının aktivliyindən elə qorxur ki, beynəlxalq aləmin reaksiyasını sadəcə olaraq nümayişkaranə inkar edir. Onlar üçün əsas bu il hakimiyyəti qorumaqdır. Mən hətta hərdən təəccüblənirəm. Hakimiyyət nədən belə qorxur? Həqiqətənmi vətəndaş cəmiyyəti, müxalifət bu qədər onlar üçün təhlükə törədir. Görünür, hakimiyyət situasiyanı daha yaxşı bilir və müxalifətdən qorxur.

Hazırda əsas olan kriminal hakimiyyətə qarşı birlikdir

– Hazırda Milli Şuranın yaradılması istiqamətində danışıqlar gedir. Milli Şura ideyasını necə dəyərləndirir və perspektivlərini necə görürsünüz?
– Bu çox doğru seçimdir. Başqa bir yol da yoxdur. Demokratik qüvvələrin bir araya gəlməsi və vahid mövqedən çıxış etməsi zərurətdir. Hazırkı durumda baş verənləri yalnız alqışlamaq olar.

– Yeri gəlmişkən, müxalifətdaxili inteqrasiyanın getdiyi bir zamanda AXCP sədri siyasi liderlərə çağırış edərək milli maraqlar naminə şəxsi ambisiyalardan uzaq olmağa dəvət edib…
– Çox dəyərli addımdır. 2003-cü ildə baş verənləri unutmaq lazım deyil. O zaman müxalifət liderləri vahid mövqeyə gələ bilmədilər. Ümid edirəm ki, siyasi liderlər və fəallar bu məsuliyyəti dərk edirlər. Hazırda əsas olan kriminal hakimiyyətə qarşı birlikdir. Qələbənin 50 faizi inamdır. Yerdə qalan 50 faiz isə birlikdən keçir. Qarabağ müharibəsində niyə uğur qazana bilmədik? Çünki birlik yox idi. Biz vahid dövlət olduğumuz halda Heydər Əliyev Ermənistanla separat danışıqlar apararaq Naxçıvandan hücumun olmayacağını bəyan etmişdi. Bu isə Ermənistana bütün hərbi qüvvələrini Qarabağ göndərməyə imkan vermişdi.

– Hakimiyyət növbəti seçkilərə beynəlxalq müttəfiqlərdən Rusiya və Iranın dəstəyindən məhrum olunmuş formada gedir. Belə bir situasiyada Milli Şuranın yaradılması seçkidə demokratik qüvvələrə dəstəyi təmin edə bilərmi?
– Həmişə qalib dəstəklənir. Əgər Azərbaycandakı proseslər dönüş nöqtəsinə çatsa və bəlli olsa ki, dəyişikliklər qaçılmazdır, xalq işğalçı rejimdən daha güclüdür, beynəlxalq aləm demokratik düşərgəni dəstəkləyəcək. Bundan başqa, polis də böyük əksəriyyətin bu hakimiyyətə qarşı olduğunu gördükdən sonra yuxarıdan əmrlərə baxmayaraq zor tətbiq etməyəcək. Biz oxşar hadisələrin Misir, Gürcüstanda şahidi olmuşuq.

Xəyal