Yazıçılar bir-birlərini içdən sevə bilərmi?

(I yazı)
Ədəbiyyat tarixi həm də böyük dostluqların və düşmənçiliklərin tarixidir.
Bir az heç nəyin sarsıda bilmədiyi dostluqların…
Bir az da heç nəyin sarsıda bilməyəcəyini düşündüyün, amma sonradan geridönüşü olmayan düşmənçiliklərin tarixidir həm də ədəbiyyat tarixi.
Eyni çağda, yaxın və ya uzaq coğrafiyalarda yaşamış, ədəbiyyata möhürünü vurmuş yazıçıların bir-birilə həqiqi dost ola biləcəklərinə hər zaman böyük şübhə ilə yanaşanlar var.
Içlərindəki ədəbi eqo…
Fərqli ideoloji dünyagörüşlər…
Şöhrətin özü ilə gətirdiyi özündənrazılıq, müştəbehlik və daha nələr, nələr!
Bütün bunların eyni çağı bölüşən böyük yazıçıların bir-birinə içdən, səmimi bağlılığına həmişə şübhə ilə yanaşmağa əsas verir.
Bu yaxınlarda Nobel ödüllü türk yazarı Orxan Pamukun bir müsahibəsini oxudum. Dublin Ədəbiyyat Ödülünə layiq görülməsi haqqında soruşurlar, Pamuk cavabının bir yerində söhbəti özündən əvvəlki laueratların üzərinə gətirir və… cəmi bir il əvvəl həmin ödülü alan fransız yazıçısının adını xatırlamaqda çətinlik çəkir. Ilk baxışda qəribə heç nə yoxdur, amma nəzərə alsaq ki, həmin yazıçı çağdaş dünya nəsrinin ən tanınmışlarından Mişel Uelbekdir, o zaman Pamukun məhz yaddaşsızlıqdan əziyyət çəkdiyinə inanmaq çətindir. Pamuk qeyri-iradi Uelbeki xatırlamalı ikən, niyə dilini dolaşdırır? Bu nədir? Həqiqətən hafizə problemimi, yoxsa ikilinin arasında bilinməyən gizli bir ixtilafmı, ya da Pamukun müştəbehliyindən irəli gələn, fransız yazıçını kiçik görmək və göstərmək istəyimi?
Hər halda, nədənsə mənə səbəbin bəsit bir hafizə problemi olduğu inandırıcı görünmədi. Olsa, Pamuk Dublin mükafatının iki il əvvəlki sahibi, şöhrəti, məşhurluğu Uelbekin çox gerisində qalan ispan yazarı Xavyer Mariası niyə dərhal xatırlasın ki?
Bəzən böyük yazıçıların onların ədəbiyyatdakı yerlərilə uyuşmayan kiçik mərəzləri olur.
Deyək ki, Markeslə Lyosanın dillər əzbəri olan dostluğunun düşmənçiliyə çevrilməsi kimi! Onlar da illərdir bir-birlərinin adlarını çəkmirlər. Bütün müsahibələrində bir-birləri haqqında danışmaqdan qaçırlar.
Doğrudur, hər ikisi fərqli dünyagörüşlərin, ideologiyaların adamları idilər. Amma kənardan heç nəyin və heç kimin sarsıda bilməyəcəyi kimi görünən bu dostluq (1976-cı ildən heç vaxt görüşməyən Markes və Lyosa o çağacan az qala, hər gün birlikdə idilər, biri digərinin kitabını az qala öz sevinci kimi paylaşırdı, bir-birlərinin oğullarının vaftizi belə, olmuşdular!) sırf şəxsi səbəblər üzündən hələ də davam edən, qarşılıqlı kin və nifrətlə müşahidə olunan düşmənçiliyə dönüşdü. Bunun konkret motivi yoxdur, heç iki məşhur “Nobel” mükafatçısının özü də 30 ili aşan düşmənçiliyin hardan alovlandığı barədə danışmaq istəmir; amma istər-istəməz sual yaranır insanda – düşmən ideologiyaların belə düşmənə çevirə bilmədiyi bu iki yazıçını bir-birinin qəniminə çevirən hansı güc olub, görəsən? Qadınmı?
Bəlkə də!
Amma bəzən böyük dostluqları böyük düşmənçiliklərə çevirən heç də kiçik səbəblər olmur. Məsələn, uzun müddət aralarından su keçməyən Sartrla Kamyunun düşmənçiliyi fərqli xarakter və dünyagörüşdən qaynaqlanmışdı. Xeyli vaxt Kamyuya başqaları tərəfindən toz qondurmayan Sartr, dostluqları pozulunca öz jurnalında dəfələrlə Kamyunu “yıxıb-sürüyən” məqalələrin yayımlanmasına “yaşıl işıq” yandıracaqdı.
Ədəbiyyat tarixinin ən qəribə dostluqlarından birinə Samuel Bekketlə Ceyms Coys imza atmışdılar. Dostluqları bir yana, Bekket Coysu müəllimi hesab edirdi; amma günlərin birində onun təsirindən xilas ola bilmədiyini, əksinə, get-gedə daha çox Coysun bədii təsiri altında qaldığını görüncə, xilas yolunu nədə görmüşdü, bilirsinizmi? Ana dilindən imtina etməkdə! Bəli, bəli, məhz ana dilindən imtina etməkdə! Bekket ingiliscə yazmaqdan əl çəkmiş, növbəti əsərlərini fransız dilində yazmağa qərar vermişdi!
Amma dostluqlarının “dil”i heç vaxt dəyişməmişdi.
“Dost insanın ikinci özüdür” – Qədim Roma natiqi və filosofu Siseronun bu sözləri yazıçılar üçün nə qədər keçərlidir? Bir yazıçının başqa bir yazıçının “ikinci özü” olması mümkündürmü?
Əgər Höte və Şillerin bir-biri ilə münasibətindən danışırıqsa, bu suala qəti cavab vermək əlbəttə, mümkündür…
(Ardı növbəti bazar ertəsi davam edəcək)