Həyatın acısı

Bilmirəm ölümün acısı haqda yeni nəsə yazmaq olarmı, ümumiyyətlə, bu haqda tam aydın və bütünlüklə doğru bir şey yazmaq mümkündürmü. Onu da bilmək olmur ki, bu haqda yazmaq və oxumaq nəyi dəyişə bilər. Heç bir xüsusi söz axtarmağa, heç bir təsirli kəlməyə ehtiyac qalmır, başqalarına bunu fərqli və dərin anlatmağa da gərək yoxdur. Elə başqaları da hər şeyi başa düşür. Sadəcə, ölümündən sonra da həyatını və qəlbini tərk etməyən əziz insana “sağ ol!” deyirsən. Sağ ol! Çox sağ ol! 
Bundan sonra bu acı ilə yaşamağa güc tapmalısan. Bəlkə sən o acıdan həmişəlik bükülərsən, bəlkə o acı səni daha güclü edə bilər. Bəlkə nə vaxtsa yenidən dikələrsən, ola bilsin də, taleyin bu acı ilə həmişəlik yöndəm alar. Çünki ölümün acısı asan deyil. Ölümün acısı hər zaman, hər yerdə, hər kəs üçün ağırdır. Ölkəyə, insana, əsrə və heç nəyə baxmır.
Amma birdən də həyatın acısı ölümün acısına qarışır. Şiddəti də ölümün acısından gücsüz deyil…
Adamı yandırır axı… 200 il öncə aydın diaqnozu verilən xəstəliyi sənin ölkəndə 2 il həkimlərin qapılarında dolaşdıqdan sonra görə bilirlərsə, yaşadığın həyatın acısı ölümün acısını üstələməyə başlayır. Sonra da illərlə hərə bir müalicə sxemi yazır, yanlış yazanı hiyləgər və axmaq, düzgün yazanı özündən o qədər razıdır, sən onun qapısında kölgələnməyincə bir dəfə maraqlanmaz ki, xəstəsinin halı necə oldu. Bu ölkənin insanını reanimasiyanın qarşısından pul verməyincə, pul ödəməyincə içəri almırlar, nəbzini də yoxlamırlar. Bu gün sənə müalicə yazan həkim yoxa çıxır, aylarla tapılmır. Həkiminə gecə zəng edə bilmirsən, mızıldanır. Yalnız tək-tük vicdanlı və peşəsini bilənlərə ümid edirsən, onları da tapana kimi xeyli iş-işdən keçmiş olur, xeyli əlavə fəsad toplayırsan. Üstəlik, dərmanına inamın yoxdur, yüksək qiymətlərə də güc çatmalıdır. Hər kəs də bu tale ilə üzləşə bilər.
Ölümü bəzən başa düşürsən – həyatın ən böyük reallığı kimi, bəs bunları necə başa düşəsən?! Ölüm həyatın böyük reallığıdır, amma həyatımızın kiçik və rəzil reallıqlarından doğursa necə? Səni o yandırır ki, bu ölkənin insanının həmin böyük reallıqdan öldüyünə əmin ola bilmirsən.
“Ölüm haqdır” deyirik, bəs bu ölümlərin hamısı haqdırmı? Ölüm bir yana qalsın, həyatımızdakı acıların hamısı haqdırmı? Biz onlara haqq edirikmi?
Bu hisslər, bu suallar məndə ilk dəfə yaranmır. Onlar məni həmişə düşündürüb. Ötən aylarda “Özünü keçmişdə hiss etmək” adlı yazımda söyləmişdim ki, ən gözəl ölkələrdə də dərd və ölüm var, ən yüksək inkişafa çatmış ölkələrdə də problemlər var. Biz bunu başa düşürük. Yaxşı anlayırıq. Onu da qəbul edirik ki, insan istənilən halda və hansı ölkədə yaşamasından asılı olmayaraq, üzülə bilir, şəxsi uğursuzluğu yarana, onu talesizlik izləyə bilər, xəstələnər, sevgilisindən ayrılar, doğmasını itirə bilir. Bunlar hər zaman var, hər yerdə var, olacaq da.
Amma elə dərdlər var ki, onlar müasir toplumun, müasir həyatın problemi ola bilməz. Elə problemlər var onlar çoxdan keçmişdə qalmalı idi. Onlar bizim həyatımızda olmalı deyil. Insan yaramaz idarəçiliyin, korrupsiyanın, ədalətsizliyin nəticəsi kimi meydana çıxan həyat acıları ilə üz-üzə gəlməli deyil. Insan dövlətindən qorxmalı deyil, ondan qayğı görməlidir. Insan səhiyyəsinə inanmalı, ondan şəfa tapmalıdır, əksinə, onun qurbanı olmalı deyil. Insan övladına təhsil verən məktəbin faydasına arxayın olmalıdır, onun pozuculuğunun zərərini yaşamalı deyil və s.
Bir sözlə, insanın həyat acıları ölüm acıları qədər şiddətli olmalı deyil. Təəssüflər olsun ki, çarəsi çoxdan bilinən çox sayda həyat və yaşamaq acılardan milyonlarla insanımızı qurtara bilmirik.