Türkiyə və Gürcüstan vətəndaşları bu iki ölkəyə pasportla yox, şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Türkiyə və Gürcüstan vətəndaşları yaxın aylardan etibarən iki ölkəyə pasportla yox, şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər. Türkiyənin diplomatik mənbələrindən APA-ya daxil olan məlumata görə, bu məsələ ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Hər iki ölkə vətəndaşlarının müvafiq icazə olmadan digər ölkədə yaşamaq hüququ isə 1 ilə çıxarılacaq. Məsələnin həlli üçün Gürcüstan vətəndaşlarının şəxsiyyət vəsiqələrinə ad-soyadlarının latın hərfləri ilə yazılması kifayət edəcək.
Hazırda Gürcüstanın müvafiq dövlət orqanları vətəndaşların şəxsiyyət vəsiqələrinə ad-soyadların latın hərfləri ilə yazılması məsələsinin həlli ilə məşğuldurlar.
Qeyd edək ki, indiyədək Gürcüstan vətəndaşlarının müvafiq icazə almadan Türkiyədə 3 ay yaşamaq icazəsi vardı. Azərbaycan vətəndaşları isə icazə almadan Türkiyəyə giriş tarixindən etibarən bu ölkədə 2 ay yaşaya bilirlər.
Yaşamaq icazəsinin müddəti keçən vətəndaşlar polisə yaxalandıqda ölkədən deportasiya edilir və onların Türkiyəyə girişinə uzun müddətli qadağa qoyulur.