Rövnəq Abdullayev xalqın pullarını niyə beynəlxalq yarışlara səpələyir?
Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorlarından biri olacaq. ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov bildirib ki, bu, 2012-ci ildə Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatından sonra şirkətin beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəsidir.
Onun fikrincə, bu sponsorluq ARDNŞ-nin beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda SOCAR-ın “premium brendinin” əsasının qoyulmasına yardımçı olacaq.
Şübhəsiz ki, belə nəhəng bir yarışın əsas sponsorlarından biri olmaq ARDNŞ-yə böyük pullar hesabına başa gələcək. Ilk baxışda SOCAR brendini daha geniş miqyasda təbliğ etmək niyyəti normal görünə bilər. Amma məsələ ondadır ki, bu gün Azərbaycanın özündə sosial-iqtisadi vəziyyət olduqca ağırdır və həmin pulla ölkənin daxilində bir çox sosial layihələrə dəstək vermək olardı.
Iqtisadçı Samir Əliyevin sözlərinə görə, beynəlxalq idman yarışlarının ayrı-ayrı şirkətlər tərəfindən dəstəklənməsi təcrübəsi dünyada geniş yayılıb: “Adətən bu cür yarışları tanınmış aviaşirkətlər maliyyələşdirirlər. Məqsədləri də o olur ki, adlarını tanıtsınlar və özlərinə müştəri cəlb etsinlər. Amma neft şirkətləri buna çox da meyl göstərmirlər. Adətən, bu məsələdə postsovet ölkələri fəallıq edirlər. Məsələn, Rusiyanın bir neçə şirkəti bu sahədə geniş fəaliyyət göstərir. Bu cür fəaliyyətlər şirkətə öz brendini tanıtmaq üçün lazımdır. Amma məsələ ondadır ki, ARDNŞ-nin buna ehtiyacı yoxdur. Təbii ki, Azərbaycanın adının beynəlxalq yarışda hallanması bir azərbaycanlı kimi bizə xoş gələ bilər. Amma nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın kifayət qədər daxili problemləri var. Ölkədə istər səhiyyə, istər təhsil bərbad gündədir. Bu qədər vəsaiti SOCAR brendini dünyada tanıtmağa yönəltməkdənsə, ölkədə istehsal edilən məhsulların keyfiyyətini, rəqabət qabiliyyətini artırsınlar. Nəzərə almaq lazımdır neft tükənən sərvətdir. Və Azərbaycan neftinin hasilatının getdikcə azalacağı proqnozlaşdırılır. Belə olan halda SOCAR brendini tanıtmaq və təbliğ etmək üçün bu qədər pul sərf etməyə heç bir ehtiyac yox idi. Və bu açıq-aşkar israfçılıqdır”.