“İşğal edilmiş əraziləri haqqında” qanunun qəbulu nələrə necə təsir edəcək?
Milli Məclisin qəbul etməyə hazırlaşdığı yeni “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi qəbul olunacağı təqdirdə, torpaqlar işğaldan azad edilənə qədər təcavüzkar dövlətin istənilən sahəyə məxsus təşkilatı və qurumu, həmçinin onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunacaq. Bu dövləti təmsil edən və xüsusi səlahiyyəti olan şəxslərə aid edilməyəcək. Eyni zamanda qanun xarici ölkə vətəndaşları ilə bağlı qadağalar da nəzərdə tutur. Belə ki, Ermənistanla hər hansı formada əməkdaşlıq edən xarici ölkələrin dövlət və qeyri dövlət subyektləri, onların təmsilçilərinin, həmçinin xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində fəaliyyət göstərməsi qadağan olunacaq.
Bu qanun layihəsi bir sıra suallara yol açır. Belə ki, bu qadağa beynəlxalq qurumların üstünlük verdiyi xalq diplomatiyasına əngəllər törədə bilər. Şübhəsiz ki, Azərbaycan ərazilərini işğal edən, minlərlə vətəndaşın qanını tökən düşmənlə görüşlərin keçirilməsini təqdir etmirik. Lakin bir çoxları hakimiyyətin belə bir qanunla məhz Azərbaycan həqiqətlərini dünyaya çatdıran şəxslərin və təşkilatların fəaliyyətinə mane olmağa çalışdığını deyir. Belədə, həm də, Beynəlxalq konfranslarda erməni həmkarları ilə ünsiyyət quran Azərbaycanı təmsil edən hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri hədəfə çevriləcək.
Zahid Oruc: “Beynəlxalq dairlərə müharibə elan etmək, onları tanımamaq niyyəti yoxdur”
Milli Məclisin üzvü Zahid Oruc bu tip iddialarla razılaşmır. 2003-cü ildən bəri dəfələrlə işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi təklif etdiyini deyən deputatın sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərini işğaldan sonra yaranmış vəziyyəti tənzimləyən hüquqi normalar toplusu yoxdur. Ərazilərin bir hissəsinin təcavüzə məruz qaldığını dünyaya çatdırmaq mümkün olsa da, bundan irəli gələrək vətəndaşların yaxud dövlətlərin arasında münasibətlərin müəyyənləşməsi normaları yoxdur. Baxmayaraq ki, konflikt situasiyaları yaşayan ölkələrdə bu məsələləri tənzimləyən qanun mövcuddur. Deputat “Işğal olunmuş ərazilər haqqında” qanunun bütövlükdə Qarabağ haqqında qanuna çevrilməsinin vacibliyini qeyd edir.
Deputatın sözlərinə görə, qanunda Azərbaycanın suveren hüquqlarına hörmət istənilir. Yəni hər hansı xarici şirkətlər, beynəlxalq təşkilatların təmsilçiləri Qarabağa getmək istəyirlərsə, bunu Azərbaycan üzərindən həyata keçirməsi yeni qanunun predmeti olmalıdır. Eyni zamanda maliyyə yardımlarının həyata keçirilməsi məsələləri də illərdi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərində problemli mövzu kimi qalmaqdadır. Buna qanunla etiraz etmək imkanı ilə isə məhduddur.
Z.Oruc işğal altında olan ərazilərlə beynəlxalq dairələrin iqtisadi əlaqələrin ölkənin hüquqlarına və səlahiyyətinə müdaxilə kimi qəbul olunduğunu, yeni qanunun bu məsələləri də əhatə edəcəyini vurğuladı. Xarici Işlər Nazirliyində böyüyən qara siyahılar da bu məsələnin ən mühüm həlqələrindən biridir.
Millət vəkilinin sözlərinə görə, xalq diplomatiyasını yasaq edən normaların tətbiqi nəzərdə tutulmur. Çünki bu sülh yaratma, birgə yaşayış normalarına aid məsələdir. Lakin kimsə bu istiqamətdə özfəaliyyətlə məşğul olmaq istəsə, bu, dövlətin iradəsindən kənar tədbir kimi qarşılanacaq: “Gerçəkdə Qarabağa səfərlər Azərbaycan vətəndaşının bir erməni ilə bağladığı müqaviləyə ictimai etirazdan, mənəvi qınaqdan başqa silahımız yoxdur. Ona görə bütün bu məsələlərlə əlaqəli qanunun qəbulu həqiqətən də işimizin faydasına olardı. Burda qətiyən xaricilərə, beynəlxalq dairlərə müharibə elan etmək, birmənalı şəkildə onları tanımamaq niyyəti yoxdur”.
Müzəffər Baxış: “Görünür bunların düşünmə qabiliyyəti o qədər dərin deyil”
Hüquqşunas Müzəffər Baxış müharibə vəziyyətdə olan Azərbaycana müəyyən beynəlxalq təşkilatların, dövlətlərin nümayəndələrinin beynəlxalq hüququn prinsiplərini pozaraq Dağlıq Qarabağa səfərlər etməsini müharibə prosesinin başa çatmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə maneəçiliklər törətdiyini deyir. Bu baxımdan istər beynəlxalq təşkilatların, istərsə də qüdrətli dövlətlərin vətəndaşlarının qanunsuz yollarla Dağlıq Qarabağa getməsinin qarşısının alınması üçün cinayət məsuliyyətinin müəyyən edilməsi əhəmiyyətli olardı. Çünki həqiqətən də onların əməlləri təhlükəlidir: “Onların əməllərinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünə ziyan dəyir. Bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini məqsədəuyğun hesab edirəm və düşünürəm ki, Cinayət Məcəlləsində düşünülmüş, sanballı, onların hərəkətlərini əhatə edən bilən cinayət məsuliyyətinin və müvafiq sanksiyanın müəyyən edilməsi düzgün olardı”.
Lakin ekspert Azərbaycanın bu şəxsləri cinayət məsuliyyətinə cəlb etməsində problemlərin olacağını da deyir. Bu mənada müəyyən çətinliklər meydana gəlir. Çünki həmin şəxslər Ermənistana gedir və ordan birbaşa Dağlıq Qarabağa səfər edirlər.
Ekspertin sözlərinə görə, görünür Azərbaycan bununla əcnəbilərə mesac ünvanlayır. Bu nöqteyi nəzərdən qanun əhəmiyyət kəsb edir. Hətta ola bilər bu şəxslərdən hansısa Azərbaycan dövlətinin əlinə düşər və qanun onun cinayət məsuliyyətinə cəlb edilməsini təmin edər: “Amma Azərbaycan elə bir qüdrətli dövlət deyil. Həm də qeyri-hüquqi dövlətdir. Dünyada elə bi nüfuzu da yoxdur ki, həmin şəxslərin Interpol, yaxud digər yollarla cinayət məsuliyyətinə cəlb edilməsini təmin etsin”.
Ekspert Ermənistanla sahibkarlıq əlaqələri quran Azərbaycan vətəndaşlarının, burda fəaliyyət göstərən hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini də müsbət hal kimi qiymətləndirir. Çünki hamıya bəllidir ki, Ermənistanda iqtisadi vəziyyət ağırdı və bizim sahibkarların, digər təşkitlatların onlarla hər hansı sahibkarlıq fəaliyyəti sahəsində əməkdaşlıq etməsi əslində Azərbaycan dövlətinə ziyan vurur. Çünki Ermənistan həmin sahibkarlıq fəaliyyəti nəticəsində möhkəmlənir, ərzaq ehtiyatını artırır və müharibə vəziyyətini davam etdirir. Ancaq siyasi partiyaların, QHT-in Ermənistanda fəaliyyət göstərən siyasi partiyalarla, QHT-lə Azərbaycanın ərazi bütövlüyünün bərpası sahəsində apardığı danışıqlara görə cinayət məsuliyyətinə cəlb edilməsini ekspert biabırçılıq adlandırdı: “Görünür bunların düşünmə qabiliyyəti o qədər dərin deyil. Həmin maddənin dispoziyasını elə təqdim etmək lazımdır ki, fəaliyyəti sülhün bərpa edilməsinə xidmət edən həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmasın”.
Leyla Yunus: “Bu qanunun qəbulundan sonra avropalılara heç nə izah etmək lazım olmayacaq”
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus belə bir qanun layihəsinin hazırlanmasını anormallıq hesab etsə də, razılığını da ifadə etdi: “Belə bir qanunun hazırlanmasından çox razıyam. Çünki həmişə beynəlxalq konfranslarda Azərbaycan hakimiyyətinin şüurunun olmadığını, ölkənin orta əsrlər qaydaları ilə idarə olunduğunu izah etməyə çalışırıq. Bizə qulaq asırlar, ancaq tam inanmırlar. Avropada, ABŞ-da inanmırlar ki, burda insanların evləri qanunsuz olaraq əllərindən alınır. Ancaq bu qanunun qəbulundan sonra bunu iki saat izah etməyimə ehtiyac qalmayacaq, özləri bunu görəcək”.
Digər tərəfdən hüquq müdafiəçisi Azərbaycanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürdüyünü və yeni qanunun bu öhdəliyi pozduğunu deyir. Eyni zamanda belə bir qanun irqçi xarakter daşıyır. Çünki Azərbaycan ərazilərində ermənilər yaşayır: “Bu onu göstərir ki, iqtidarın heç vaxt Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilməyəcək. Müharibə yolu ilə də həll edə bilmir. Bundan sonra biz nəinki Qarabağı itiririk, həm də Azərbaycanın irqçi, çirkin imici formalaşdırılır. Ancaq hər halda bu qanun mənim işimi asanlaşdıracaq”.
Arif Yunus: “ Bu zərbə isə bütövlükdə vətəndaş cəmiyyətinə dəyəcək”
Mütamadi olaraq hakimiyyətin hədəfinə çevrilən politoloq Arif Yunus isə belə bir qanuna beynəlxalq aləmdə mənfi reaksiyanın veriləcəyini deyir: “Bu qanun Azərbaycana nə verəcək? Hər şeyin öz vaxtı var. 90-cı illərdə deyirdik ki, Ermənistanın təcavüzünə məruz qalmışıqsa, onlara müharibə elan etməliyik. Indi 20 il keçib, danışıqlar gedir, Məmmədyarov deyir xalq diplomatiyası münaqişənin həllində rol oynayır, özləri Qarabağa adamlar göndərir. Indi də belə qanun qəbul edirlər. Bu da dünyada çox pis qarşılanacaq”.
Ekspert bu qanunun hüquq müdafiəçiləri, QHT-lə yanaşı curnalistlərin də fəaliyyətini məhdudlaşdıracağını deyir. Hər hansı bir jurnalist beynəlxalq tədbirdə erməni həmkarı ilə görüsə, buna görə cəzalana bilər. Bu zərbə isə bütövlükdə vətəndaş cəmiyyətinə dəyəcək: “Biri var konkret şəxslərə, təşkilatlara qarşı qanun qəbul olunsun, biri də var Azərbaycanın imicinə zərbə dəysin. Bu qanun qəbul olunsa, biz ermənilərə çox gözəl imkan veririk. Onlar bütün dünyaya hay-küy salacaqlar ki, Azərbaycan irqçi ölkədir. Belə şeylərin üstünü neftlə ört-basdır etmək olmaz. Ermənilərin diasporası güclüdür. Deyəcəklər ki, baxın, bu da Azərbaycan. Neftdən-qazdan başqa heç nəyi yoxdur. Pulla Qərbi alırlar, ancaq erməni xalqını əzirlər. Ramil Səfərovla bağlı məsələ söz tapıb deyə bildik. Ancaq indi belə bir qanun qəbul olunsa, bu olacaq dövlətin siyasəti. Ramil Səfərov məsələsinə görə hay-küy bunun yanında heç nə olacaq. Ortalığa sual çıxacaq ki, danışıqlar kiminlə aparılmalıdır. Bunun Azərbaycana zərbəsi böyük olacaq”.
Ekspertin sözlərinə görə, hakimiyyət bunu prezident seçkilərində əlavə xal toplamaq üçün edir. Lakin bununla yanaşı Qarabağı tamamilə itiririk: “Hansı erməni bundan sonra Azərbaycanın tərkibində yaşamağa razılıq verəcək? Bu qanundan sonra Azərbaycan rəsmilərinin sözünə inanmayacaqlar.
Əgər indiyə qədər hər hansı formada ümidlərimiz var idi ki, Qarabağ danışıqlarında nəsə əldə etməyə imkan var, artıq bunu unutmalıyıq”.
Fizzə