Hacı Allahşükür Paşazadənin İran səfəri Azərbaycan hakimiyyətinin işinə yaradımı?
Iranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat Institutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə məlumatı ANS-in Iran bürosu verib. Xalidə Xalid və onun sürücüsünün azadlığa buraxılması faktını Iranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də təsdiqləyib.
AMEA-nın əməkdaşı və sürücüsü aprelin 30-da Iranın xüsusi xidmət orqanı ETELAAT tərəfindən saxlanılmışdı.
Xalidə Xalidin azadlığa buraxılması bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Irana səfəri ərəfəsinə təsadüfi edir. Bəzi mülahizələrə görə, Xalidə Xalidin azad edilməsi məhz Şeyxin xidmətidir. Iranın xarici işlər naziri Əli Əkbər Salehi də AMEA əməkdaşı və sürücüsünün Şeyxin səfərilə əlaqədar azad edilə biləcəyinə işarə vurmuşdu. O, ANS-ə açıqlamasında bildirmişdi: “Bu iş məhkəmə qüvvələrinin səlahiyyətindədir, mənim əlimdə bu barədə xüsusi bir məlumat yoxdu. Amma ümid edirəm ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Irana səfəri ilə əlaqədar olaraq məhkəmə qüvvələri xoş məramlı addım atacaq və problem öz həllini tapacaq”.
“Anamın azadlığa buraxılmasını təsadüfən televiziyadan eşitdik. Sevincimizin həddi-hüdudu yoxdur”. Bu sözləri isə Modern.az saytına Xalid Xalidin qızı Ləman Məmmədova bildirib. Xalidə Xalidin azadlığa buraxılmasını ilk dəfə televiziyadan eşitdiklərini bildirən Ləman Məmmədova hələlik bununla bağlı rəsmi məlumatın verilmədiyini qeyd edib:
“Anamın azadlığa buraxılması xəbərini televiziyadan eşitdik. Çox sevindik. Amma hələ anamın azadlığa buraxılması haqda bizə rəsmi açıqlama verilməyib. Gözləyirik. Rəsmi qurumlarla əlaqə saxlamışıq. Onlar gün ərzində bizə məlumat verəcəklərini bildiriblər. Hazırda anamın harada olmasından sözün açığı məlumatsızıq. Bir daha anamın azadlığa buraxılmasında köməklik edən hər kəsə dərin təşəkkürümüzü bildiririk”,- deyə L.Məmmədova bildirib.
***
Hacı Allahşükür Paşazadənin isə Irana səfəri davam edir. Dünən onun rəhbərlik etdiyi nümayəndə heyəti Iranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşüb. ANS-in məlumatına görə, Iranın ali dini lideri Azərbaycan nümayəndə heyətini Azərbaycan dilində salamlayıb.
Xamneyi Azərbaycanla bağlı aldığı şad xəbərlərdən sevindiyini gizlətməyib, Azərbaycan və Iranı bir-birinə bağlayan tellərin çox olduğunu vurğulayıb. O, Heydər Əliyevin hələ Naxçıvanda işlədiyi dövrdə Irana səfərini xatırladıb və maraqlı bir hadisəni danışıb: “O vaxt mənimlə Məşhəddə görüşən Heydər Əliyev dedi ki, Sovet Ittifaqı rəhbərliyində işləyərkən çoxlu binalar, zallar və s. tikib, amma məscid inşa etdirməyib. Indi isə məscid tikdirmək istədiyini dedi, özü də bunu farsca dedi. Biz uğur arzuladıq, hətta kömək də etdik”.
Şeyx Azərbaycan xalqı adından Xamneyidən Azərbaycan dövləti, millətimiz üçün, Qarabağ məsələsinin həlli üçün namazlarında dua etməyi xahiş edib. Xamneyi isə səmimiyyətlə bunu edəcəyinə söz verib.
Sonda Şeyx Bakının rəsmini Iran Inqilabının rəhbərinə təqdim edərkən zarafat da edib: “Mən Sizi Bakıya dəvət etmişəm, amma gələ bilməmisiniz. Bu dəfə Bakını gətirdim ki, baxıb həvəslənəsiz və gələsiniz”.
***
Xatırladaq ki, bundan əvvəl Prezident Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyev Irana səfər etmişdi. Bu səfər Iran-Azərbaycan münasibətlərindəki gərginliyi azaltmaq məqsədi daşıyırdı. Lakin gözlənilənlərin əksi oldu. Ramiz Mehdiyevin Iran rəsmiləri ilə kofidensial danışıqları Tehran tərəfindən ictimailəşdirildi, üstəlik PA rəhbərinin səfəri ərəfəsində Xalidə Xalid həbs edildi. Beləliklə bir daha aydın oldu ki, Bakı ilə Tehran arasında fundamental ziddiyyətlər mövcuddur və bunu aradan qaldırmaq o qədər də asan deyil.
Lakin Azərbaycan hakimiyyəti cəhdlərini davam etdirərək bu dəfə Şeyxi Irana göndərdi. Rəsmi Bakı Hacı Allahşükür Paşazadənin Iranın dini elitası ilə münasibətlərinin olduğunu nəzərə alıb bu səfərə böyük ümidlər bəsləyirdi. Hakimiyyət istəyinə nail oldumu? Ekspertlər hesab edir ki, Şeyxin səfəri də əslində heç nəyi dəyişməyib. Onların fikrincə, Xamneyinin Ramiz Mehdiyevdən fərqli olaraq Hacı Allahşükür Paşazadəni qəbul etməsi, Xalidə Xalidin azadlığa buraxılması sadəcə Tehranın bütövlükdə Azərbaycana deyil, Azərbaycan hakimiyyətinə mənfi münasibət bəsləməsinin mesajıdır. Deməli, rəsmi Bakı Tehranla münasibətləri qaydaya salmaq üçün səylərini davam etdirməlidir.
Analitik şöbə