Keçmiş prokuror Zakir Qaralovdan Avropaya şikayət etdi

Məlum olduğu kimi, insan hüquqları və vətəndaşların fundamental azadlıqlarının qorunması ilə bağlı Azərbaycan dövləti tərəfindən alınan öhdəliklərə baxmayaraq, Insan hüquqları və əsas azadlıqlarının Azərbaycan Respublikasında ciddi pozulması haqqında, eləcə də məhkəmə hakimiyyətinin və hakimlərin müstəqil olmaması faktlarının mövcudluğu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 may 2012-ci il tarixli və 13 yanvar 2013-cü il tarixli qərarlarında, eləcə də ABŞ Departamentinin insan haqları üzrə 2012-ci il hesabatında, habelə 30 aprel 2013-cü il tarixdə keçirilmiş BMT-nin Insan haqları Şurasının növbəti toplantısında xüsusən qeyd olunmuşdur.
Azərbaycanda insan hüquqlarının pozulması və məhkəmələrin müstəqil olmamasını qeyd edən AŞPA-nin qərarında göstərilmişdir ki, (olduğu kimi yazıram): “Azərbaycanda hakimlərin müstəqilliyinin olmaması, xüsusilə bəzi konkret işlərdə icra hakimiyyətinin onlara təsirinin davam etməsi üzüntü doğurur. Ədalət mühakiməsinin özəlliklə məhkəməyəqədərki mərhələsində ədalətin, bərabərliyin olmaması narahatlıq doğuran başlıca səbəblərdən biridir”.
Göstərdiyim bu faktların Azərbaycan Respublikasında mövcudluğu mənə qarşı törədilən ədalətsizlik və özbaşınalıq hərəkətləri nəticəsində də öz əksini tam şəkildə tapmışdır. Hörmətli oxucular, bundan əvvəl mənim müraciətimə əsasən Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinin tutan Qaralovun özbaşınalıq hərəkətləri nəticəsində mənim insan hüquqlarımın pozulması barədə ictimaiyyətə bizim “Azadlıq” qəzeti vasitəsi ilə məlumat verilmişdir.
Məqalələrdə göstərmişdim ki, Baş prokuror vəzifəsini tutan Qaralovun mənə qarşı şəxsi-qərəzli münasibətinin olduğu səbəbindən, məni (30 il iradsız işləmiş əməkdaşı), ögey qardaşımın nikahsız, cəmi 4 ay faktiki yaşadığı və 18 il bundan əvvəl boşadığı arvadının qardaşı Fərda Qədirovu, Azərbaycan Respublikasında qüvvədə olan qanunlara və normativ aktlarına zidd olaraq, mənə qohum hesab edib və mənə hec bir aidiyyəti olmayan, onun 30 aprel 2009-cu il tarixdə ADNA-da törətdiyi cinayət əməlinə görə məni prokurorluqdan qanunsuz xaric etmişdir.
Qaralov verdiyi əmrdə mənə qarşı göstərdiyi halların gülünc, absurd və özündən uydurma olması təqdim etdiyim konkret faktlarla tam təsdiq edilmişdir. Sizə məlum olduğu kimi,  cinayət hadisəsini törətmiş Fərda Qədirovun şəxsiyyətini müəyyən edən rəsmi sənəd – onun pasportu və mobil telefonu hadisə yerində aşkar edilərək götürülmüşdür və təbii ki, bununla da Fərda Qədirovun şəxsiyyətinin müəyyən edilməsində heç bir çətinlik olmadığı halda, Qaralov mənim barəmdə verdiyi əmrdə əsassız olaraq göstərmişdir ki, guya mən Fərda Qədirov haqda prokurorluğa məlumat vermədiyinə görə Fərdanın şəxsiyyətinin müəyyən edilməsində istintaqda ciddi çətinliklər yaranmışdir. Bundan əlavə, xüsusən onu da oxucuların diqqətinə çatdırıram ki, baş vermiş hadisə günü baldızım vəfat etmişdi və mən onun dəfn mərasimini təşkil etdiyimə görə özüm prokurorluğa üzürlü səbəbdən gedə bilməsəm də, Fərda Qədirov barəsində məlumatları olan onun xalasını və mənim əmimi, Fərda barəsində əlavə məlumat verməsindən ötrü, MTN-nə və Baş prokurorluğa göndərmişdim. Onların hər ikisi, mənim tapşırığım ilə Baş Prokurorluğa gedib orada baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşərək, ona və istintaqı aparan müstəntiqlərə ifadə vermiş və Fərda Qədirovun valideyinlərinin və digər yaxın qohumlarının harada olmaları barədə, eləcə də istintaqa zəruri olan digər müfəssəl məlumatların verilməsinini təmin etmiş, bunula da göründüyü kimi, Fərda Qədirovun şəxsiyyətinin müəyyən edilməsinə dair istintaqda heç bir çətinlik olmamışdır. Qaralov isə barəmdə verdiyi əmrdə göstərmişdir ki, guya istintaqda ciddi çətinlik yaranmışdır.
Bundan əlavə, onu da bildirirəm ki, mənim göndərdiyim şəxslərin məlumatından sonra cinayət işinin istintaqını aparan müstəntiq Telman Məmmədov tərəfindən Rusiya Federasiyasında ezamiyyətdə olaraq Fərda Qədirovun bacısı (4 ay gəlinimiz olmuş) Yeganənın ifadəsi alınan zaman onun kitabçasında (18 il bundan əvvəl yazılmış) mənim mobil və xidməti telefonlarım aşkar edilmişdir. Həmin kitabçada yazılmışdır ki, (olduğu kimi yazıram) “Qayınım Tofiqin telefonları”. Məlumat üçün bildirirəm ki, Yeganənin özünün və onun kitabçasında aşkar edilmiş mənim telefon nömrələrimin Fərdanın törətdiyi cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. Bu fakt cinayət işinin istintaqı zamanı yoxlanılmışdır. Lakin buna baxmayaraq, Qaralov “Prokurorluq əməkdaşları barədə xidməti yoxlama aparılması haqqında” Qaydaların tələblərini ciddi pozaraq, mənim telefonlarımın Yeganədə aşkar edilməsi faktını əsassız və qanunsuz olaraq özünə əsas götürüb, mənim barəmdə “təcili” xidməti yoxlama aparılması üçün tapşırıq vermişdir. Belə çıxır ki, törədilmiş cinayət hadisəsi ilə heç bir əlaqəsi olmayan və qanunvericiliyin tələblərinə heç bir ziddiyyət yaratmayan faktlar da yoxlanılmalıdır. Bu nə dərəcə də əsaslı və qanuna uyğundur?!.
Xüsusən onu da diqqətinizə catdırıram ki, mən heç vaxt Fərdanı görməmiş, onu tanımamış, ona görə də onun nə şəxsiyyəti barəsində, eləcə də törətdiyi cinayət hadisəsi barədə heç bir məlumatım olmamışdır. Bu faktı təsdiq edən, Fərdanın valideyinlərinin və digər 5 şahidin izahatlarını, eləcə də mənim prokurorluğa göndərdiyim şəxslərin izahatlarını Baş Prokurorluğun barəmdə aparılan xidməti yoxlama zamanı Qaralovun xüsusi göstərişi ilə gizlədilmiş, nəzərə alınmamış və yoxlama materiallarına bilərəkdən əlavə edilməmişdir. Bildirirəm ki, “xidməti yoxlama” adlanan materialları mənim izahatımdan əlavə cəmi 2 səthi arayışdan ibarət olan material təşkil etmişdir (1-ci mənim telefonlarımın Yeganədə aşkar edilməsi barədə müstəntiqin səthi təqriri, 2-ci isə mənim prokurorluğa getmədiyim və Fərda Qədirov barədə hec bir məlumat vermədiyim haqqında uydurma iradın Istintaqın rəisi cənab Eldar Əhmədovun səthi arayışı).
Göründüyü kimi, əmr üçün verilməsinə əsas götürülən “xidməti yoxlama materialları” qanun pozuntusuna yol verməklə  toplanmış, yoxlama zamanı tam və hərtərəfli araşdırılma aparılmamış, əksinə, araşdırma qeyri-obyektiv və mənə qarşı qərəzli olaraq aparılmış və üstəlik, material üzrə qərar “Inzibati icraat haqqında” Qanunun 58-ci və 61-ci maddələrinin tələblərini ciddi pozmaqla əsaslandırılmamış qəbul edilmişdir.
Ona görə də Qaralovun əmrdə mənə qarşı tutduğu uydurma, absurd, gülünc və mənasız iradı Azərbaycan Respublikasında heç bir qanunda və normativ aktlarında, eləcə də tərəfdar çıxdığı beynəlxalq normativ aktlarında nəzərdə tutulmamışdır. Verdiyi əmrin əsassız olduğunu qabağcadan bilən Qaralov, “Prokurorluq orqanlarinda qulluq kecmə haqqında” Qanunun 27.10 maddəsinin tələblərini kobud pozaraq, həmin əmrdən məhkəməyə şıkayət verilməsində mənə manecilik törətmək məqsədi ilə, əmrin surətini mənə 3 il ərzində verməmiş və bundan qəti yayınmışdır.
Qaralovun bu qanunsuz hərəkətləri nəticəsində mənim pozulmuş insan hüquqlarımın müdafiəsi üçün, eləcə də əmrin surətini Qaralovdan almağa mənə köməklik göstərilməsindən ötrü tərəfimdən Azərbaycan Respublikasının Prezidentinə – 168 məktub (2 dəfə də KIV-lə acıq müraciət) göndərilmiş, bundan əlavə 4 dəfə PA-na qəbula getsəm də, PA-nın Hüquq-mühafizə orqanlari ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərov məni qəbul etməkdən qəti imtına etmişdir. Acınacaqlı hall odur ki, 5-ci dəfə məni PA-da qəbula yazmaqdan qəti imtina etdilər və açıq-aydın mənə bildirdilər ki, “Baş prokuror Qaralovun işdən azad etdiyi şəxsləri qəbula yazmağa Rəhbərlik tərəfindən QADAĞA QOYULUBDUR”. Bundan sonra, mən öz hüquqlarımı müdafiə etmək məqsədi ilə MM-nin sədri cənab Oqtay Əsədova 55 ərizə, MM-nin sədrinin birinci müavini Ziyafət Əsgərova – 4 ərizə (qəbulunda da oldum), MM-nin Insan Hüquqları Komitəsinin sədri, Rəbiyyət Aslanovaya – 4 ərizə (qəbulunda da oldum), MM-nin Hüquq siyasəti və dövlət quruculuğu Komitənin sədri cənab Əli Hüseynliyə – 6 ərizə (qəbulunda da oldum), MM-nin digər 3 deputatı, millət vəkilləri xanım Qənirə Paşayevaya, cənab Adil Əliyevə və cənab Zahid Oruca, eləcə də Insan Hüquqları müdafiəsi üzrə müvəkkil Ombudsmana – 23 məktubla müraciətlər etmişdim. Bundan əlavə, xüsusi olaraq diqqətinizə onu çatdırıram ki, pozulmuş insan hüquqlarım barədə müraciət etdiyim ATƏT-in Bakı Ofisindən və Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyindən də Azərbaycan Respublikası PA-ya 4 dəfə məktublar göndərilməsinə baxmayaraq, bundan sonra da Azərbaycan dövləti tərəfindən heç bir tədbir görülməmiş, hətta mənə cavab da belə verilməmişdir.
Belə olan halda, mən oxuculara MM-nin deputatı cənab Zahid Orucun sözlərini xatırlatmaq istəyirəm. O, çıxışında xüsusi qeyd edərək demişdir ki, (onun sözünü olduğu kimi yazıram): “Cənab prezident, xalqa xidmətin çox unikal – səmimi, sadə, insanlara yaxın, heç bir bufer zonası, keçilməz səddi olmayan bir obrazını yaradıbdır”.
Mən cənab Zahid Oruca sual verirəm: “Haradadır Sizin dediyiniz bu kecilməz səddi olmayan obraz?..”.
Ən acınacaqlı hal odur ki, bundan sonra 12 dəfə rəsmi məktubla müraciət etdiyim və sonra qəbulda da olduğum Heydər Əliyev Fondundan da mənə heç bir cavab verilmədi. Orada  məni qəbul edən Məlahət adlı xanım isə qəbula gələn insanların yanında mənə açıq-aydın dedi: “Əgər xoşunuza gəlmirsə, Miqrasiya Idarəsinə müraciət edin”, yəni ölkəni tərk edin.
Budur Azərbaycanda “Insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində” dövlətin öz vətəndaşlarına qarşı ALI MƏQSƏDI VƏ TƏMINATI…
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti 27 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında sərəncam da vermişdir. Görəsən bu sərancam və Proqram hansı məqsədlə, nə ücün, kimin ücün verilmiş və onun  əhəmiyyəti HARADADIR?..
Əgər mən, 30 il prokurorluqda işləyən professional hüquqşünas olaraq, öz hüquqlarımı müdafiə edə bilmirəmsə, onda gəlin görək hüquq sahəsi üzrə heç bir savadı və məlumatı olmayan şəxslər pozulmuş hüquqlarıni belə bir vəziyyətdə necə müdafiə edə bilər?
Hörmətli oxucular! Azərbaycan Respublikasında (Sizə yaxşı məlum olduğu kimi) məhkəmə hakimiyyətinin dırnaqarası “ədalət mühakiməsi” aparıldığı səbəbindən də, mən ədalətli və səmərəli məhkəmə müdafiə hüququndan da məhrum edilmişəm.
Sizin diqqətinizə mənim Qaralova qarşı məhkəməyə verdiyim iddialarımın baxılması zamanı Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin dırnaqarası “səmərəli ”məhkəmə müdafiəsinin təminatı” vəziyyətini təsdiq edən boş sözlərlə deyil, konkret faktlarla çatdırıram: Bildirirəm ki, mənim Qaralova qarşı verdiyim şıkayətimə baxan Bakı Apelyasiya Məhkəməsinin hakimləri (Sərvət Hüseynov, Vidadi Məmmədov və Səriyyə Seyidova) dəridən-qabıqda çıxaraq açıq-aydın Qaralovun mövqeyini müdafiə etmiş, onun verdiyi həmin qanunsuz əmrin əsaslığını məhkəmədə araşdırmamış, cavabdehin qəbul etdiyi inzibati aktın əsaslığını sübut etmək vəzifə borcunun yerinə yetirilməsindən qəti yayınmış, iş üzrə əhəmiyyət kəsb edən faktlarının araşdırılmasını təmin etməmiş və Qaralovun xeyrinə qərar qəbul etmək üçün, hətta məhkəmə öz hüdudlarından kanara çıxaraq və səlahiyyətlərini belə aşaraq törətmədiyim inzibati xətanın tərədilməsində məni əsassız olaraq ittiham etmiş və üstəlik, kor-təbii olaraq ciddi prosessual qanun pozuntularına yol vermişdir: Belə ki, Qaralov verdiyi həmin əmrin əsassız və qanunsuz olduğunu bilərək, məhkəmə iclasında iştirtak etməkdən və nümayəndəsini göndərməkdən belə acıq-aydın qəti yayınmışdır, ona görə ki, həmin əmrin-inzibati aktin qanuna uyğun olmasını təsdiq etmək qeyri-mümkün olmuş, bu barədə heç bir sübut və dəlillər olmamış, əksinə, həmin əmrin qanunsuz olması tərəfimdən təqdim edilmiş yetərli sübut və dəlillərlə tam təsdiq olunmuşdur. Bununla da, əmrin qanuniliyini əsaslandırmaq və sübut etmək imkanı olmayan cavbabdeh öz nümayəndəsini nə 1-ci instansiya, nə də Bakı Apelyasiya Məhkəməsinə göndərməkdən bilərəkdən qəti yayınmışdır.
Məhkəmə isə, işə baxarkən Qaralov Baş prokuror vəzifəsinin tutduğuna görə onun tərəfini acıq aydın müdafiə etmiş, ədalət mühakiməsi aparılmasına dair zəruri olan çəkişmə prinsipini, eləcə də tərəflərin hüquq bərabərliyi, qərəzsiz, ədalətlə, faktlara əsasən və qanuna müvafiq prinsiplərini təmin etməkdən qəti yayınaraq işə baxmış və nəticədə qanuna zidd olaraq mənə qarşı ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məlum olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsinin təmin edilməsindən ötrü məhkəmə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının müddəlarında, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 11-ci maddəsində nəzərdə tutulan inzibati məhkəmə icraatı qanun və məhkəmə qarşısında bərabərlik prinsipi əsasında həyata keçirilməsi, eləcə də IPM-nin 15-ci maddəsində inzibati məhkəmə icratının çəkişmə (kontradiktor) pripsipləri əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası IPM-nin 14.1 maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
Lakin buna baxmayaraq, Qaralovun nümayəndəsi Azərbaycan Respublikası Baş prokurorluğunun Təşkilat-analitik Idarəsinin böyük prokuroru cənab Səyyaf Qubadov cavabdehin sübut etmək vəzifə borcundan yayınaraq, məhkəməyə “işim çox olduğuna görə məhkəmə prosessinə gələ bilmirəm” mətnində məktub göndərmiş, məhkəmə isə həmin məktubu özünə əsas götürüb, işi cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Diqqət yetirin, deməli, belə çıxır ki, Baş Prokurorluq məhkəməyə gəlib verdiyi əmrin əsaslandırmasını və qanuna uyğun olmasını sübut etmək özünə iş hesab etmir. Buna baxmayaraq, məhkəmə də onun bu absurd məktubunu əsaslı hesab edib qəbul edir və çəkişmə prinsipini pozaraq və cavabdehin sübut etmə kimi vəzifə borcunun yerinə yetirilməsini təmin etmədən, işi cavabdehin iştirakı olmadan baxmağa qərar qəbul etmişdir. Üstəlik, məhkəmə mənim bu barədə verdiyim əsaslı vəsatətimi də təmin etməmişdir. Görün məhkəmənin bu hərəkəti nə dərəcədə əsasslı və qanuna uyğundur?

Bundan başqa, məlum olduğu kimi, işin hallarının araşdırılması prinsipinə dair Azərbaycan Respublikası IPM-nin 12.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eləcə də, həmin IPM-nin 12.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakcılarının vəsatətlərinə əsasən digər zəruri sübutları toplamağa borcludur.
Qeyd etdiyim Qanunun bu tələblərinə əsasən, məhkəməyə vəsatət verib, əmrin qəbul edilməsi üçün əsas götürülmuş “xidməti yoxlama” materiallarının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun və “Prokurorluq işçiləri haqqında xidməti yoxlamalar aparılmasına dair” Qaydaların tələblərinə, eləcə də “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmasını və əsaslandırılmasını araşdırmağa, habelə iş üzrə əhəmiyyət  kəsb edən bütün faktların (faktiki halların) araşdırılmasını məhkəmədən tələb etsəm də, lakin məhkəmə iş üzrə qanuna uyğun və əsaslı qərar qəbul edilməsinə şübhəsiz öz təsirini göstərən həmin faktları (faktiki halları) yoxlamaqdan qəti imtina etmiş və heç bir əsas olmadan bu əsasslı vəsatətimi də bilərəkdən təmin etməmişdir.
Belə halda ortaya sual çıxır “Qanun pozuntusu ilə aparılmış yoxlama nəticəsində əldə edilən hallar və faktlar qanuna uyğun və əsaslı hesab edilə bilərmi”.  Təbii ki, YOX!!! Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin IV-ci bəndinin tələblərinə əsasən “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz”.
Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir subutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmə isə qanun pozuntusu ilə aparılmış həmin “xidməti yoxlama materialları”nın qanuna uyğun və əsaslı olmasını bilərəkdən araşdırmadan, onun qabaqcadan əsaslılığını göstərib iş üzrə mənə qarşı ədalətsiz qərar qəbul etmişdir.
Eləcə də, iş üzrə məhkəmə baxışının prinsiplərinə dair Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir.
Buna baxmayaraq, Bakı Apelyasiya Məhkəməsi bu qanunun tələblərini də ciddi pozaraq, tərəflərin təqdim etdiyi sübut və dəlilləri obyektiv və qərəzsiz araşdırilması üçün arbitr funksiyasını həyata keçirmək əvəzinə, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun mənim barəmdə qəbul etdiyi öz inzibati aktının qanuni və əsaslı olmasını sübut etməyə kifayət qədər təşəbbüs göstərməli olduğu halda, məhkəmə işdə birbaşa maraqlı olduğundan cavabdehin əvəzinə bu vəzifəni öz üzərinə götürmüş, nəticədə, iş materiallarına əlavə edilmiş sübutlara qeyri-obyektiv, qərəzli qiymət vermiş, sübutları hərtərəfli və tam araşdırmamış, eləcə də sübutların qiymətləndirilməsi zamanı hüquq normalarını düzgün tətbiq etməmişdir.
Azərbaycan Respublikasında olan müvafiq qanunvericiliyin tələblərinə əsasən (Cinayət Prosessual Məcəlləsinin 7.0.32. və 7.0.33-cü maddələrinin  tələblərinə əsasən) Fərda Qədirov mənə qohum sayıla bilməz. Məhkəmə isə bu qanunun tələblərini pozaraq Fərda Qədirovu mənə qohum sayıb.
Göstərdiklərimdən əlavə, məhkəmə cavabdehin xeyrinə qərar qəbul edilməsi məqsədi ilə hətta ciddi prosessual qanun pozuntusuna yol verərək, (MPM-14.2-ci mad) cavabdehin, apelyasiya şikayətimə qarşı irəli sürdüyü tələbindən və hüdudlarından kanara çıxaraq, öz səlahiyyətlərini də aşmış və faktiki olaraq mənim tərəfimdən törədilməyən intizam xətası əməlinin törədilməsində məni qanunsuz ittiham etmişdir. Belə ki, Baş prokuror barəmdə verdiyi əmrində göstərmədiyi halda, məhkəmə öz səlahiyyətlərini belə aşaraq, qərarında mənim prokurorluğa məlumat verməməm faktını guya “Azərbaycan Respublikası prokurorluq işçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozduğum kimi əsassız göstərmiş və faktiki olaraq törətmədiyin inzibati xətanın törədilməsində məni əsassız ittiham etmişdir.
Bundan əlavə, əsassız və qanunsuz qəbul etdiyi həmin qərarını inandırıcı göstərmək məqsədi ilə, məhkəmə hətta əsassız olaraq Avropa Məhkəməsinin qərarlarına istinad edib, ona faktiki olaraq böhtan da atmışdır. Belə ki, göstərdiyim arqument və dəlillərimə münasibət bildirməmək üçün Bakı Apelyasiya Məhkəməsi Avropa Məhkəməsinin “Oferta Plus S.R.L  Moldovaya qarşı” 19 12.2006-cı il tarixli qərarına istinad edərək, Avropa Konvensiyasın 6-cı maddəsnin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsinin qoyulmasını göstərmişdir. Eyni zamanda, məhkəmə Avropa Məhkəməsinin “Van de Hunk Niderlanda qarşı” 19.04.1994-cu il tarixli qərarına istinad edib, məhkəmələrin  (olduğu kimi yazıram) “əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmli deyildirsə”, hər bir suala cavab verməyə borclu olmadığı göstərmişdir.
Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin Avropa Məhkəməsinin qərarlarına istinad etdiyi ən azı gülünc və absurd bir hall olmasını təsdiq etmişdir, ona görə ki, mənim Bakı Apelyasiya Məhkəməsi qarşısında qoyduğum dəlil və arqumentlər iş üzrə birbaşa əhəmiyyət kəsb edən fakt (faktiki hallar) olmuş və onun nəticələri də heç bir şübhə doğurmadan iş üzrə qanunauyğun və ədalətli qərar qəbul edilməsindən ötrü önəmli olmuşdur. Apelyasiya Məhkəməsi isə, həmin dəlil və arqumentlərin təkzib edilməsi üçün heç bir əsas və inandırıcı cavab tapmadığından, ümumiyyətlə, onlara münasibət bildirməkdən də bilərəkdən yayınmışdır.
Diqqətinizə çatdırıram ki, məhkəmə qarşısında qoyduğum əhəmiyyətli sayda həmin faktların (faktiki halların) məhkəmədə araşdırıldığı halında, məhkəmə cavabdehin qəbul etdiyi həmin əmrin əsaslı və qanuna uyğun olmasını təsdiq etmək və bununla da, cavabdehin xeyrinə qərar qəbul etmək hüquq və imkanından məhrum edilmiş olardı.
Sadaladığın qanun pozuntulardan başqa, Bakı Apelyasiya Məhkəməsi işdə birbaşa maraqlı olduğundan, açıq-aydın cavabdehin xeyrinə qərar qəbul edilməsi məqsədi ilə mənə qarşı qərəzli olaraq, hətta məhkəmə şifahi-baxış iclası zamanı mənə sərbəst çıxış etmək və öz hüquqlarımı müdafiə etmək imkanı da verilməmiş və bununla da, mənim proses iştirakçısı kimi dinlənilmə hüququm da təmin olunmayıb. Hətta, məhkəmə özünün bu və yuxarıda göstərdiyim digər qanun pozuntusuna yol verdiyi faktı ört-basdır etmək məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 271, 272-ci maddələrinin tələblərini ciddi pozaraq bu barədə məhkəmə protokolunda müvafiq qeydləri bilərəkdən aparmamış, əksinə, məhkəmə prosessində həyata keçirilmədiyi, iş üzrə istədikləri qərarın qəbul edilməsinə yönəldilən, özləri istədiyi formada qeydlər apararaq saxtakarlığa da yol vermişdir.
Bakı Apelyasiya Məhkəməsinin hakimləri göstərdiyim bütün bu ciddi qanun pozuntularına yol verdiyi faktlarını müşahidə edən ATƏT-n Azərbaycan Respublkasında olan nümayəndəliyinin əməkdaşları – Gülşən Məmmədova və Ruslan Əliyev görmüş və yəqin ki, təsdiq edərlər.
Yuxarıda qeyd etdiyim kimi, cavabdeh – Baş prokuror Qaralovun mənə qarşı törətdiyi bu ədalətsizliyin səbəbi yalnız Qaralovun mənə qarşı şəxsi-qərəzli münasibətin olmasıdır. Qaralovun mənə qarşı şəxsi-qərəzli münasibətlərinin olması faktı barədə hazırda prokurorluq orqanlarında işləyən əməkdaşlarının əksəriyyəti, eləcə də Respublikada digər hüquq-mühafizə orqanlarında çalışan və məni tanıyan əməkdaşların, habelə həmyerlilərimin, hətta Qaralovun özünün qohumlarının da məlumatı vardır. Bu faktı gizlətmək artıq qeyri-mümkündür (Bu faktı təsdiq edən yüzlərlə çoxsaylı vətəndaşın imzalarını AŞ PA-ya və Avropa Məhkəməsinə təqdim edəcəm). Məhz bu səbəbə görə də Qaralov Baş prokuror vəzifəsinə təyin olunandan dərhal sonra heç bir əsas olmadan məni 2 dəfə ən ağır intizam məsuliyyətinə qanunsuz olaraq cəlb etmişdir. 1-ci dəfə Sabunçu rauon prokurorunun müavini vəzifəsindən əsassız azad etmiş, 2-ci dəfə isə mənim prokurorluq orqanlarından, ümumiyyətlə, xaric edilməyim barədə qanunsuz əmr vermişdir. Cavabdehin mənə qarşı bu şəxsi-qərəzi bizim onunla birgə Sabunçu rayon prokurorluğunda işlədiyimiz zaman başlamışdır. Lakin göstərdiyim bütün bu faktlara və əsaslı arqumentlərə baxmayaraq, Bakı Apelyasiya Məhkəməsi işdə maraqlı olduğuna görə bunları da bilərəkdən araşdırmamış, bundan qəti yayınmış və əsassız olaraq mənim iddamı təmin etməmişdir. Ali Məhkəmə isə bütün bunları görməkdən belə açıq-aydın yayınmış və kortəbii Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvəsində saxlamışdır.
Budur bu gün Azərbaycan Respublikasında hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi və ədalət mühakiməsinin aparılmasına dair Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin təminatı. Budur bu gün Azərbaycan Respublikasında “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının təmin edilməsi.
Hörmətli oxucular! Qaralovun belə münasibəti tək mənə qarşı olmamışdır. Bu kimi ədalətsizlik və qanun pozuntusu hərəkətləri nəticəsində, vicdanla öz vəzifə borcunu yerinə yetirən, digər prokuror əməkdaşlarının da insan və vətəndaş hüquqları pozulmuşdur.
Bütün bunlar dövlət başçısını, PA-nı, eləcə də MM-də Baş prokurorun hesabatına qiymət verən MM sədrini və millət vəkillərini maraqlandırmırmı??? Təbii ki, yox!!!
Buna sübut odur ki, hamımıza bəlli olan Hacı Məmmədov və “Gülərgeyt”, eləcə də ABU-nun sabiq rektoru Elşad Abdullayevin ictimaiyyətə məlumat verdiyi cinayət hadisələri bir daha onu təsdiqlədi ki, Baş prokuror vəzifəsini tutan Qaralov ölkədə törədilmiş cinayət hadisələrinin açılması əvəzinə, onları ört-basdır etməklə məşqul olmuşdur.
Hacı Məmmədovun törətdiyi cinayət hadisələrinin vaxtında açılmaması səbəbini araşdırarkən, dövlət başçısı ictimaiyyətə məlumat vermişdir ki, “Qaralov DIN-nə məktub göndərmiş və onu günahı yoxdur”. Deməli, belə çıxır ki, Azərbaycan Respublikasında cinayət hadisələrinin yalnız əməliyyat-axtarış yolu ilə açılması mümkün hesab edilmişdir??? Qaralov Hacı Məmmədovun törətdiyi həmin çoxsaylı cinayətlərin açılmamasında bilavasitə məsuliyyət daşıdığı halda, məsuliyyətdən kanarda qalmışdır.
Bundan əlavə, bildirirəm ki, ADNA-da törədilmiş cinayət hadisəsi üzrə Qaralovun prosessual rəhbərliyinin həyata keçirtdiyi istintaqla müəyyən edilmişdir ki, guya həmin cinayət hadisəsinin təşkilatçısı Gürcüstan Respublikasının vətəndaşı, aşbaz, çörək bişirən, kartof becərən milliyyətcə erməni olan Mardun Qumaşyandır. Hətta Qaralov ictimaiyyətə məlumat da vermişdir ki, guya M.Qumaşyan barəsində interpola axtarış verilib. Ən acınacaqlı fakt odur ki, “ədalət mühakiməsi” aparan məhkəmələr də Baş Prokurorluğunun M.Qumaşyan barəsində məhkəməyə göndərdiyi qondarma ittiham aktı üzrə hökm cıxarmışdır. Halbuki Mardun Qumaşyanın təqsirini təsdiq edən heç bir sübut və dəlillərin olmadığına görə (bunu Gürcüstan Respublikası bildirmişdir) o, hazırda da göstərdiyim ünvanda azadlıqda sərbəst gəzir və çörək bişirməklə məşğul olur.
Bundan əlavə, onu da bildirirəm ki, 2010-cu ildə Azərbaycan Respublikasında ANS TV-də aparılan “Xəbərin izi” adlanan verilişdə həmin hadisə zamanı zərərçəkmiş olan 2 nəfər şəxs bütün Azərbaycana, hətta bütün dünyaya bildirdilər ki, “onlara silahdan atəş açan və xəsarətlər yetirən Fərda Qədirov olmamış, başqa bir şəxs olmuşdur. Həmin şəxsi istintaq bu günədək müəyyən etməyib… Bu o demək deyildirmi ki, həmin cinayət hadisəsi Qaralovun prosessual rəhbərlik etdiyi istintaq tərəfindən tam açılmamış qalmış və cinayəti törədən bütün şəxslərin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması təmin edilməmişdir.
Yəqin ki, yuxarıda göstərdiyim bütün bu “müsbət” fəaliyyətinə görə də dövlət başçısı Qaralovun döşünə “medallar” asmışdır.
Budur Azərbaycan Respublikasında Insan hüquqlarının və azadlıqlarının dövlət tərəfindən “səmərəli” müdafiəsinin təminatı.

Tofiq Ağacanov