Fransa prezidentinin fikrincə, Türkiyə daha çox Şərqlə Qərb arasında körpü rolunu oynamalıdır
Elxan Şahinoğlu: «Türkiyə Sarkozinin dediyi kimi, belə mühüm rola sahibdirsə, o zaman çalışmaq lazımdır ki, Türkiyə Avropa Birliyinin üzvü olsun»
Ötən gün Fransa prezidenti Nikola Sarkozi bir daha Türkiyənin Avropa Birliyinə üzvlüyünün mümkün olmadığını dilə gətirib. Sarkozi bu dəfə məlum fikirlərini “G20″nin fəaliyyətdə olan sədri kimi Türkiyəyə 6 saatlıq səfəri zamanı deyib. Səfəri müddətində Fransa dövlət başçısı Türkiyənin tanınmış jurnalisti, analitik, ”Kanal D” televiziyasının ana xəbər bülleteninin aparıcısı və “Posta” qəzetinin baş yazarı Mehmet Əli Birandın bəzi suallarına cavab verib. Türkiyəli jurnalistin sözlərinə görə, Sarkozi ancaq seçdiyi suallara cavab verib.
Fransa prezidenti müsahibə zamanı nəyə görə Türkiyənin AB-yə üzvlüyünə qarşı çıxdığını əsaslandırmağa çalışıb: “Bu məsələ Türkiyənin regional və beynəlxalq rolundan asılıdır. Bu, olduqca iri dövlətdir və Şərqlə Qərb arasında körpüdür. Bizim hazırda daha çox ehtiyacımız olduğu bu öhdəlikləri isə hansısa başqa bir ölkə çətin ki, öz üzərinə götürə bilsin. Bu o deməkdir ki, Türkiyə əvəzedilməz ölkə rolunu saxlamaqda davam edir. Elə məhz buna görə də Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv olması nə Türkiyəyə, nə də Avropa Birliyinə sərfəli ola bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, əgər Türkiyə Sarkozinin dediyi kimi belə mühüm rola sahibdirsə, o zaman çalışmaq lazımdır ki, Türkiyə bu quruma üzv olsun. Türkiyənin regiondakı rolunun həqiqətən də böyük olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, ərəb dünyasında baş verən proseslər bunu bir daha sübut edir: “Qərbdə hazırda düşünürlər ki, ərəb dünyasındakı diktatorlar devriləndən sonra onların yerində necə rejimlər qurulmalıdır. Burada ilk ağıla gələn məhz Türkiyə modelidir. Türkiyə müsəlman dövləti olsa da burada dünyəvi idarəetmə möcuddur. Qərb də ərəb dünyasında məhz belə modelin qurulmasında maraqlıdır. Əslində bu baxımdan Türkiyənin dəyəri Qərb üçün artıb. Ona görə Sarkozinin Türkiyəni körpüyə bənzətməsi anlaşılmır. Əksinə Türkiyə Avropa Birliyinə yaxın olmalıdır ki, bu ölkənin modeli ərəb dünyasına daha tez təsir etsin”.
E.Şahinoğlu hesab edir ki, bir gün ola bilər ki, Türkiyə AB-yə üzv olmaq niyyətindən imtina edərək Yaxın Şərqə üz tutsun.
Xəyal