Külək və şam məsələsi

Biz repressiyaların Şərə qarşı mübarizə əzmini sındıra bilməyəcəyini düşünürük.
Biz qanunsuz həbslərlə bir yerə varılmayacağını, rejimin ayağındakı cinayətlərin, suçların sırasını bir az da genişlətməkdən başqa bir şeyə yaramayacağına inanırıq.
Biz bu şərləmələrin, basqıların nəticəsiz qalacağını, prosesə yeni insanların qoşulmasına gətirib çıxaracağını hesab edirik.
Amma bəlli ki, Ilham Əliyev və yanındakılar fərqli düşünürlər.
Repressiyaların qaçılmaz sonu gecikdirəcəyini düşünürlər.
Həbslərlə toplumun müqavimətini qıracaqlarına, ölkəni qəbiristan sükutuna qərq edəcəklərinə inanırlar.
Şərləmələrə, basqılarla, təzyiqlərlə heç bir Şər rejiminin öz istəyinə çatmadığını bilə-bilə, özləri ilə bağlı bu acı təcrübənin təkrarlanmayacağını, məqsədlərinə çatacaqlarını hesab edirlər.
Belə düşünürlərsə, düşünsünlər.
Buna inanırlarsa, inansınlar.
Amma unutmasınlar:
Bu gün ölkədə repressiya küləkləri əsdirənlərin sabah fırtına biçəcəkləri öz yerində.
Ancaq daha önəmlisi var:
Külək şamı söndürür, yanğını isə alovlandırır.
Artıq bu ölkədə Şərə müqavimət ruhu, dəyişiklik arzusu, azadlıq, demokratiya istəyi küləyin asanlıqla söndürə biləcəyi bir şam deyil.
Yanğıdır.
Və yanğındır – irtica küləkləri, repressiya rüzgarları ilə daha da alovlanan!
O yanğını Qubada gördük. Ismayıllıda gördük.
O yanğını sıraları günbəgün genişlənən, böyüyən gəncliyin gözlərində görürük.
Bunlar necə görmürlər, anlamaq mümkün deyil.
Hər qanunsuz, sifarişli həbslə xalqla və tərəqqipərvər dünyayla aralarındakı uçurumun daha da dərinləşdiyinin necə fərqində deyillər, anlamaq çətindir.
Qaçılmaz olan, gec-tez qurulacaq ədalət divanı qarşısında suçlarını, günahlarını bir az da ağırlaşdırdıqlarını necə anlamaya bilərlər, cavablandırmaq müşküldür.
Bir Anar klassikası
Üzərində 37-nin qorxunc repressiyasının ləkələrini daşıyan…
Əli o “qırmızı qaranlıq” illərində onlarca dəyərli Azərbaycan aydınının qanına bulaşan Yazıçılar Birliyi qurultayının zamanını açıqladı: 15 sentyabr 2013.
Oysa qurultay 4 il öncə keçirilmədi.
Ən çeşidli bəhanələrlə yubadıldı, gecikdirildi və bu ilin payızına saxlanıldı.
“Bunda nə var ki?” deyib keçməyin.
Bunda yaranışından bəri ədəbi köləliyin simvolu olan, ədəbiyyatı partiya və hökumət işinin vintciyi və təkərcəyinə çevirmək missiyasına üstlənən bir AYB hiyləsi var.
Bunda seçimini həmişə haqlıdan deyil, güclüdən yana edən, ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb həyatda pis padşaha xidmətə üstünlük verən xalqsız xalq yazıçısı Anar Rzayev klassikası var.
Necəmi? Çox sadə:
AYB-nin qurultayından bir ay sonra ölkədə prezident seçkisi keçiriləcək.
Və o qurultayda hakimiyyət namizədini yekdilliklə dəstəkləmək bəyanatı qəbul olunacaq.
Azərbaycan yazıçılarının hakimiyyət namizədinin ətrafında sıx birləşməsinə dair gözümüzün çox öyrəşdiyi növbəti şou səhnələşdiriləcək.
Hakimiyyətdən pay ummayanda, sistemə qarşı olanda, müxalif fikir səsləndirəndə “Yazıçı siyasətə qarışmamalıdır!” deyənlərin, eyni sözləri niyə yazıçı hakim gücün buyruqquluna, aftafadaşıyanına çevriləndə söyləmədikləri isə yenə də qaranlıq qalacaq.
Odun haqqında
Ünlü türk şairi Nəcib Fazil “Tumurcuq dərdində olmayan ağac odundur” yazırdı.
Və bəzən insan da odundur.
Azadlıq dərdində deyilsə…
Ədalət dərdində deyilsə…
Bilgi dərdində deyilsə…
Uyğarlıq dərdində deyilsə…
Dəyişiklik, yenilik dərdində deyilsə, insan da insan deyil, odundur.
Tumurcuq dərdində olmayan ağac kimi!..