Əli Kərimli Əliyev rejiminə dərs keçdi
AXCP sədri Əli Kərimli hakimiyyətin ictimai fəallara qarşı repressiyanı gücləndirməsinə yazılı münasibət bildirib. Əli Kərimli bunu xalqı qorxutmaq cəhdi kimi qiymətləndirib. Bununla belə, fəalların, ictimai rəy liderlərinin qorxmadan mübarizəni davam etdirdiklərini xatırladan AXCP sədri hakimiyyətin bu qədər repressiyalarla cəmiyyətdə nədən qorxu yarada bilmədiyini anlamağa çətinlik çəkdiyini qeyd edir və… Azərbaycanın avtoritar rejiminə gerçək bir dərs keçir.
AXCP sədrinin Facebook səhifəsindən götürdüyümüz o yazını buyurub oxuya bilərsiniz:
Fəal gənclərdən İlkin Rüstəmzadəni də həbs etdilər. İqtidar beləcə seçkiyə hazırlaşır. Normal hökumətlər seçki ərəfəsi yarımçıq qalmış işlərini bitirmək, yeni xidmət və islahat proqramlarını xalqa təqdim etməklə seçkiyə hazırlaşırlar. Azərbaycan hakimiyyəti də cərimələrin miqdarını, inzibati həbs müddətini artırmaqla, internetdə senzura yaratmaqla, sifarişli həbslərlə seçkiyə hazırlaşır. Açıq-aşkar seçkidən, rəqabət mühitindən qorxduqlarını etiraf edirlər. Haqlı olaraq düşünürlər ki, xalq qorxu hissinə qalib gələcəyi zaman iqtidarlarını itirəcəklər. Xalqı qorxutmaq üçün isə daha çox gənc fəalları hədəf seçiblər. Hökumət xeyli “səy göstərsə” də fəallar, ictimai rəy liderləri qorxmurlar. Hökumət də başa düşə bilmir ki, niyə qorxmurlar. Onlara durumu bir az izah edək.
Hökumətin siyasəti nəticəsində ölkədə elə vəziyyət yaranıb ki, siyasi mübarizədən, ictimai fəaliyyətdən kənara çəkilib, adam kimi, ləyaqətlə yaşamaq imkanı yoxdur. Dilemma belədir: Ya ləyaqətli və risqlərlə müşaiyət olunan həyat yaşayaraq uğura, xoşbəxtliyə can atacaqsan, ya da özünə, ideyalarına, arzularına xəyanət edib, ölkəni sarmış çirkabın bir hissəsinə çevriləcəksən. Yaltaqlar, saxtakarlar ordusunun kiçik bir hissəsi olacaqsan. Zülm qarşısında susan dilsiz şeytan ömrü yaşayacaqsan. Ya qorxuna qalib gəlib, məhrumiyyətləri gülərək qarşılayacaqsan, ya da səni qorxudub, sındıra bilmiş rejimin bir gün övladlarını da beləcə sındıracağını göz önünə alacaqsan. Övladlarını düşünmək üçün hələ çox gəncsənsə, qorxuna da qalib gələ bilmirsənsə, ləyaqətli, qürurlu, azad yaşamaqla bağlı arzularına əlvida demiş olacaqsan, mənən şikəst olacaqsan. Daxili azadlığın nə qədər gözəl bir duyğu, vazkeçilməz bir dəyər olduğunu hələ hiss etməyənlər üçün yəqin ki, çətin seçimdi. Amma əminəm ki, azadlıq şərbətini içmişlər üçün bu, heç də çətin seçim deyil. Heç bir həbs, cərimə, böhtan, şantaj təhlükəsi belələrini durdura bilməz.