«Dünya demokratiya məsələsində yekdil mövqedə olduğundan hakimiyyət narahatlıq keçirir»
«Hazırda Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə təklənmiş vəziyyətdədir»
İbrahim İbrahimli: «Iqtidar gözəl bilir ki, demokratik seçki keçirərsə, məğlubiyyətə düçar olacaq»
Seçkilər ərəfəsində hakimiyyət bir qayda olaraq özünü arxayın apararaq, seçkilərdə “asanlıqla” qələbə qazanacağını bəyan edirdisə, hazırda fərqli mənzərənin şahidiyik. Amma budəfəki seçkilərin digərlərindən tam fərqli ab-havada keçəcəyi hiss olunur. Prezident seçkiləri ərəfəsində hakimiyyət təmsilçilərinin verdikləri bəyanatlardakı təlaş aydın şəkildə sezilir. YAP sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın yerli strukturlarında son zamanlar dönə-dönə bir ifadəni səsləndirməkdədir: “Arxayınçılığa yol vermək olmaz”. Hazırda YAP rəhbərliyində müşahidə olunan inamsızlığın səbəbi nədir? Istiqlalçı deputat Ibrahim Ibrahimli ilə müsahibəmizin ilk sualı belə oldu.
– Bu ilk növbədə dünyada gedən proseslərin regionumuza təsirindən irəli gəlir. Eyni zamanda hakimiyyətin bu cür davranışlarına ölkə daxilində baş verənlər də təsir göstərir. Azərbaycanda gedən proseslər, dünyada gedən demokratiya mücadiləsinin tərkib hissəsidir. Bu baxımdan dünyada yeni daha aydın, şəffaf, ədalətli bir mərhələyə qədəm qoyulması istiqamətində səylər davam etdirilir. Hətta Yaxın Şərqdəki proseslərə nəzər salsaq, o zaman görərik ki, demokratiya mücadiləsi uğrunda bu günə kimi 150 min insan canını fəda edib. Söhbət Tunis, Liviya, Misir və Suriyadan gedir. Dünya dövlətləri demokratiya məsələsində yekdil mövqedən çıxış etdiklərinə görə avtoritar rejimlərin mövcud olduğu dövlətlərdə hakimiyyətlər narahatlıq keçirməyə başlayıb. Xüsusilə Azərbaycan hakimiyyəti dünyada gedən proseslərin kontekstində iqtidar daxilində ciddi narahatlıq yaranıb. Builki seçkilərin əvvəlkilərdən kəskin şəkildə fərqlənəcəyini bir çox məqamlardan, o cümlədən Qərbin demokratik seçkilərin keçirilməsiylə bağlı prinsipial mövqe nümayiş etdirməsindən görmək olar. Bundan başqa, əvvəlki illərdə Qərbin təzyiqlərinə qarşı Rusiyaya arxalanan, Kremlin idarəetmə və seçkiləri saxtalaşdırma metodlarından istifadə edən hakimiyyət hazırda oxşar addımlar atmır. Əksinə, hazırda Rusiya Azərbaycanla sonuncu əlaqəsini kəsdi. Dmitri Medvedevin Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlini dayandırması ciddi olaydır. Hazırda Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə təklənmiş vəziyyətdədir. Iqtidar gözəl bilir ki, demokratik seçki keçirərsə, məğlubiyyətə düçar olacaq. Rejim ölkə daxilində əhalinin 95 faizinin hakimiyyətə müxalifətdə olduğunun fərqindədir. Nəzərə alsaq ki, bu məsələlərdə hakimiyyət özü üçün müxtəlif daxili sorğular vasitəsilə dəqiq aydınlaşdırma edib. Hakimiyyət durumunun gərgin olduğunun fərqindədir.
Hakimiyyətin təlaşının başqa bir səbəbi isə iqtidar daxilində prezidentliyə namizədin müəyyənləşdirilməməsidir. Uzun müddətdir ki, hakimiyyət yəhudi lobbisinin vasitəsi ilə Qərblə danışıqlar apararaq, Ilham Əliyevə 3-cü dəfə prezident olmaq şansının tanınmasını istəyirdi. Amma aparılan bu danışıqlar nəticə vermədi. Bundan başqa, hakimiyyətin ailədən başqa bir şəxsə ötürülməsi planı da razılıqla qarşılanmayıb. Sülala hakimiyyətinin davamının təhlükə altında olması üzündən iqtidar çox narahat və gərgin vəziyyətdədir. Ona görə son zamanlar hakimiyyət təmsilçilərinin bölgələrə səfərlərinin təşkil olunması, YAP-çılarla görüşlərdə seçkidə “arxayınlaşmamağın” tapşırılması suda boğulan adamın əlini son ümid kimi saman çöpünə atmasına bənzəyir. Hakimiyyət son ümidlərdən də yararlanmağa cəhd göstərir.
“Hakimiyyət çox çətin sınaq qarşısındadır”
– Hakimiyyətin seçki ərəfəsində seçki qanunvericiliyini sərtləşdirməsi, cəza tədbirlərini artırması, söz və fikir azadlığına, internetə qoyduğu qadağalar sübut edir ki, iqtidar islahatlar aparmaq niyyətində deyil. Belə olan təqdirdə hakimiyyətin bu cür siyasət aparması, köhnə üsul idarəni qorumaq üçün cəhdlər göstərməsi perspektivdə nə vəd edir?
– Hakimiyyət çox çətin, qəliz sınaq qarşısında qaldığının fərqindədir. Bu baxımdan da Rusiyadan, Qərbdən, Irandan, Türkiyədən mövqelərinin möhkəmləndirilməsi üçün dəstək gəzən hakimiyyət, vəziyyətin çətinliyini dərk edir. Hakimiyyət təmsilçilərinin ABŞ-a, Irana, Türkiyəyə səfərləri göstərir ki, rejim axtarışlarda olub. Hakimiyyət özünə yeni bir dayaq axtarır. Bu siyasi kurs iflasa uğradıqdan sonra hakimiyyət özü gücünə nəsə əldə etməyə çalışır. Bu isə təbii ki, repressiv siyasət taktikası ilə müşahidə olunmağa başladı. Hakimiyyət topluma qarşı yürüdülən aqressiv siyasətlə cəmiyyətin gözünü qorxutmağa, vətəndaş cəmiyyətinin fəallarını, gənclərin aktivliyinin qarşısını almağa çalışır. Bundan başqa, bölgələrdə lokal etiraz dalğalarının keçirilməsi dinamikasının aşağı salınması üçün hakimiyyət ona yaxşı tanış olan köhnə metodlardan istifadə edir. Azərbaycanı gözləyən yeni mərhələyə hazır olmayan hakimiyyət köhnə metodlarla dəyişiklikləri önləməyə çalışır. Bu isə nəzəri baxımından iflasa uğramalı bir praktikadır. Köhnə taktika bumeranq effektini verməlidir. Çünki artıq toplum və gənclik hakimiyyətin qara-qorxusundan çıxıb. Repressiyanı artırmaqla, təzyiqlərlə ölkə daxilində gedən proseslərin qarşısını almaq, hətta ləngitmək də mümkün deyil. Dünyada gedən proseslər buna imkan vermir. Qarşısıalınmaz bu proseslər sonda proqnozlaşdırılması çətin olan vəziyyətə gətirib çıxara bilər. Xalq inqilaba, hakimiyyət isə əks-inqilaba köklənib.
“Hakimiyyətdaxili gərginlik açıq hiss olunur”
– Hakimiyyətin özündə də bir qarşıdurma yaşanır. Amma maraqlısı odur ki, bu dəfə YAP-ı və hakimiyyəti daxili qruplaşmaların təmsilçiləri deyil, hakim partiyanı vaxtilə yaradanlar ittiham edir. Onlar partiyanın indiki rəhbərliyini heydərçiləri sıxışdırmaqda ittiham edirlər. Baş verən bu olayların seçki ilində cərəyan etməsi nəyin görsənişidir?
– Bu, hakimiyyətdaxili gərginliyi çılpaqlığı ilə göstərir. Təbii ki, oyundankənar vəziyyətə salınmış “91-lər”, keçmiş partiya funksionerləri də bu gərginlikdən qurtulmağa çalışır. Bu, əslində qrupdaxili münaqişədə revanş götürmək, yenidən nüfuz sahibi olmağa çalışmaqdır. Heç təsadüfi deyil ki, “91-lər” maraqlı bir fikir səsləndirdilər ki, əgər Ilham Əliyevin prezidentliyə namizədliyi olmayacaqsa, Mehriban Əliyevanın namizədliyi irəli sürüləcək. Bu fikir hakimiyyət daxilində olan qruplaşmaya istinad etməsindən irəli gələ bilər. Hazırda iqtidar daxilindəki münasibətlər özünün pik həddinə çatıb. Seçki dövrü yaxınlaşdıqca namizədin qeyri-müəyyən qalması qruplaşmaların aqressivləşməsinə səbəb olacaq. Amma belə görünür ki, hakimiyyətin seçkiylə bağlı “a”, “b” və “c” variantı var. Birinci variant Ilham Əliyevin namizədliyinin 3-cü dəfə irəli sürülməsidir. Ikinci variant Mehriban Əliyeva idi ki, bunu da Azərbaycanda marağı olan dövlətlər qəbul etmədilər. Sülala hakimiyyətinin qəbul olunmadığını Yaxın Şərqdə baş verən proseslər təsdiq etdi. Bəzi ehtimallara görə, hakimiyyət hazırda sonuncu “c” variantı üzərində işləyir ki, bu da Rusiya və Qərbin razılaşdığı bir namizədin müəyyənləşdirilməsidir. Bu namizədin də Paşayevlərdən ola biləcəyi ehtimal olunur. Ona görə Hafiz Paşayevin hakimiyyətin namizədi kimi ortaya çıxmaq ehtimalı var.
– Milli Şuranın yaradılmasıyla bağlı prosesləri cəmiyyət diqqətlə izləyir. Gözləntiləriniz nədən ibarətdir? Təşkilatın yaradılmsı ölkədə baş verən proseslərə necə təsir edə bilər?
– Milli Şuranın yaradılması artıq sosial sifarişə çevrilib. Ölkə daxilində gedən proseslər toplumu elə vəziyyətə gətirib ki, artıq cəmiyyətin bütün qurumları hakimiyyət dəyişikliyi üçün bir araya gəlməyi zəruri sayır. Hakimiyyətin hazırkı repressiv siyasəti, əks-inqilabi hərəkətləri onu göstərir ki, qarşıda çox ciddi, kəskin məqamlar gözlənilir. Toplumun istəklərini reallaşdırmaq üçün bütün qüvvələrin bir araya gələrək, geniş müxalif siyasi spektoru təmsil etməsi vacib məqama çevrilib. Yalnız belə bir birlik avtoritarizmdən demokratiyaya keçid üçün prosesləri sürətləndirə bilər.
– Hazırda müşahidə olunan maraqlı məqamlardan biri özünü müxalifət adlandıran bəzi partiyaların da Milli Şuranı hədəf seçməsidir. Bu addımlar nədən qaynaqlanır?
– Düşünmürəm ki, Azərbaycanın taleyüklü məsələsində Milli Şuranı hədəfə çevirmək mümkün olacaq. Milli Şura ideyası bir sosial sifariş olduğuna görə bu ideyaya köklənən cəmiyyət birləşmiş müxalifətin belə bir birliyinə qəbul etməyənləri, onu hədəfə götürənləri ictimai qınağa məruz qoya bilər. Bu baxımdan Milli Şura ideyasının qarşısını almaq mümkün deyil. Avtoritarizmdən demokratiyaya keçidin bütün dünyada tətbiq olunan modeli bu tipli qurumlar olub. Misirdə, Suriyada, Liviyada da belə olub. Bütün maraqlı tərəflərin mənafelərinin birləşdiyi bir qurum yaradılır. Ona görə Azərbaycanda birləşmiş müxalifətin modeli ola biləcək Milli Şura sınaqdan çıxarılmış bir modeldir. Ona görə düşünürəm ki, Milli Şura Azərbaycana verilən tarixi fürsətdən yararlanaraq avtoritarizmdən demokratiyaya keçidi mümkün edə biləcək təşkilatdır. Belə bir birliyi hədəfə götürənlər yalnız qınağa məruz qalacaqlar. Digər tərəfdən, hətta bu cür qüvvələr belə Milli Şuranın qapısı açıq olduğuna görə bir müddətdən sonra təşkilatın fəaliyyətini görüb, ora daxil olmaq üçün müraciət edəcəklər. Çünki Milli Şura qapalı deyil, cəmiyyətə açıq qurum kimi fəaliyyət göstərəcək. Bu təşkilatda ictimaiyyətin tanınmış şəxsləri, siyasi liderləri fərd şəkilində təmsil olunacaqlar. Ona görə bu təşkilatda nə partiya, nə qrup məqamları əks olunur.
Xəyal



