Əhalini Pirallahıdan çıxarırlar (FOTOLAR)

Artıq bir neçə ev «qanunsuz» adıyla sökülüb

Evləri sökülənlər Prezident Administrasiyasına yürüş edib

Evlərin sökülməsi, camaatı yurdlarından didərgin salınması növbəsi paytaxtın ən ucqar rayonlarından birinə – Pirallahıya da çatdı. Yaxın günlərdə bu rayonda da saysız-hesabsız iritonnajlı yük maşınlarını, buldozerləri görəcəyik. Artıq bir-ikisi gözə dəyir…

“Hər yeri sökürlər”

Bir daha yada salaq ki, Ilham Əliyevin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılan Pirallahı rayonu Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında təşkil edilib. 3 inzibati-ərazi vahidi olan Pirallahı Bakının sayca 12-ci rayonudur.

Ötən gün metronun “Ulduz” stansiyasından 150 saylı marşurutla sözügedən ünvana getdik. Bir saatdan çox olan yolu avtobus 80 qəpiyə aparır. Pirallahıya qədər yollar normaldır, rahat getmək olur. Çünki qarşıda hava limanı var. Elə ki, hava limanını keçdin, AZAL-ın təyyarələrini arxada qoydun, sürücü sükanı rayona sarı istiqamətləndirdi çala-çuxurlar səni rəqsə dəvət edir. Sən də qol-qanad açmasan da, atılıb düşürsən.
Pirallahıya çatanda isə adam rahatlıq tapır, elə bizim kimi. Sonuncu dayanacaqda düşüb, yaxınlıqdakı çayxanaya gedirik. Domino oynayanalara “oyunçu aparsın” deyib, gəlişimizin məqsədini açıqlayırıq. Sökülən və söküləcək ünvanları soruşuruq. O dəqiqə “hər yeri sökürlər, hansı tərəfə istəsəniz gedə bilərsiniz” deyirlər: “Sökülən evlər parkla üzbəüzdür. Ancaq tezliklə burada çoxlu ev söküləcək. Ancaq sökülən evlər iki dayanacaq o tərəfdədir. Parkla üzbəüz olan yerdir”.

“Bələdiyyədən sənəd almaqla ev tikmişik”

Rayon sakinlərinin dediyi ünvana yollanırıq. Beş mərtəbəli yaşayış binalarının arxasında yeni məhəllə salınıb. 500-dən çox ev tikilsə də çox sakitçilikdir. Sonradan öyrəndik ki, sökülən 10-a yaxın mənzil və hasarın sahibləri Prezident Administrasiyasına gediblər. Küçədə yalnız uşaqlar gözə dəyir.
Bir az var-gəl edirik, heç kim bayıra çıxamadığı üçün məcbur olub, özümüz həyətlərə daxil oluruq. Bu yolla camaatı bir araya gətirə bilirik.
Sakinlər deyirlər ki, sözügedən ünvan yeni məhəllə sayılsa da buranın sakinləri 10-15 il öncə ərazidə torpaq alıblar.

“Heç kim icazəsiz iş görə bilməz. Indiki zamanda daşı daş üstünə qoyanda ”uçastkovı”, bələdiyyə gəlir. Biz də icazəylə, haqq verməklə torpaq almışıq, ev tikmişik”, – deyə sakinlər bildirir.
Onların sözlərinə görə, mənzillərinin heç birinin “kupça”sı yoxdur: “Ev tikmək üçün bələdiyyənin icazəsi var. Bir sözlə, heç kim icazəsiz burada ev tikməyib. Özbaşına torpaq zəbt etməmişik. Indi isə gəlib deyirlər ki, buradan çıxmalısınız. Biz etiraz etmirik. Ancaq çəkdiyimiz əziyyətin qarşılığını ödəsinlər. Kompensasiya versinlər ki, gedək özümüzə torpaqdan, evdən nəsə alaq. Imkanı olan burada ev almaz. Torpaq ucuz olduğu üçün almışıq. Pirallahıda varlı və aşağı təbəqinin nümayəndələri yaşayır. Orta təbəqədən heç kim bu rayonu seçmir. Kasıblar ona görə gəlib ki, torpaq ucuzdu, birtəhər alıb, ev tikirik. Varlı isə istirahət etmək üçün villa, bağ evi tikir”.

“Ev qurana qədər illərimizi itirmişik”

Rayon camaatı deyir ki, min bir əziyyətlə yaşamaq üçün minimum şəraitli ev qurublar. Indi isə…
“Heç bir xəbərdarlıq edilmədən bir neçə ev sökdülər. Qarabağ əlili güc-bəla ilə özünə torpaq almışdı, hasar çəkmişdi, qapı qoydurmuşdu. Fikri var idi ki, yay bitənə qədər balaca ev düzəltsin. Neçə illərdir kirayədə yaşayır. Onun hasarını uçurtdular, qapını qırdılar. Bu qədər haqsızlıq olmaz. Deyirlər ki, ərazi plana düşüb. Burada yaşayanların çoxu imkansızdır. Əllərinə pul düşəndən düşənə, yaxud təqaüd alanda taxta-şalban alıb zülmlə ev tikiblər. Ev qurana qədər illərimizi itirimişik” – sakinlər bildirir.
Qızına baş çəkməyə gələn Zərifə xanımın sözlərinə görə, icra nümayəndəliyi bir gün öncə evlərə bir-bir daxil olaraq üç günə mənzillərinin boşaltmasını əmr edib: “Camaat da icra hakimiyyətinə gedib. Məsələ yoluna qoyulub. Səhər hamı işə gedəndən sonra gəlib evləri, hasarları söküblər. Qızım da uşağını məktəbdən gətirmək üçün arxasınca gedib. Evdə də iki körpə uşağı yatıbmış. Bir az gec çatsaydı körpələr daşın altında qalacaqdı”.

Pirallahı Rayon Icra Hakimiyyətinin rəsmisi Manaf Manafov mətbuata açıqlamasında bildirib ki, rayon yeni yaradıldığından həmin ərazi plana görə mərkəz sayılır. O deyir ki, söküləcək ünvanda rayonun inzibati binaları tikiləcək. Sakinlərə də bu barədə əvvəlcədən şifahi məlumat verilib. Icra rəsmisinin sözlərinə görə, sökülən evlərin müqabilində, kompensasiya məsələsi də həllini tapacaq.
Sakinlər Manaf Manafovun dedikləri ilə razılaşmır: “Bizə pul veriləcəyi ilə bağlı heç nə deyilməyib. Soruşmuşuq ki, kompensasiya veriləcək. Deyiblər ki, o nə olan şeydir. Nə xəbərdarlıq edib evləri sökürlər, nə camaata pul verirlər”.

“Kirayədə qalmağa da razıyıq”

Rayonda olarkən məlumat aldıq ki, tezliklə Pirallahıda böyük söküntü bumu olacaq. Söküləcək evlərin yerində yalnız inzibatı binalar tikilməyəcək. Hökumət buranı həm də turizm zonasına çevirməyi də düşünür. Ancaq bütün bunlar marağında deyil. Onları yalnız mülkləri maraqlandırır. “Bizi düşündürən təkcə evlərimizdir. Nə tikirlər, nə sökülər, sağlıqlarına qismət. Heç nəyə qarışacağımız yoxdur. Ancaq pul iddamız var. Əgər pul yaxud ev verilməsə, vəziyyətimiz çox pis olacaq”, – rayon sakinləri deyirlər.
Onlar hətta bir il kirayədə yaşamağa da razıdırlar: “Əsas odur ki, ev verilsin”.

Ramin DEKO