Sahibkar icra başçısı ilə bağlı aksiya keçirəcək

Zərdabın rəhbəri Lütvəli Babayevin «65 min dollar qalmaqalı» beynəlxalq müstəviyə də çıxarılır

Zərdabın icra başçısı Lütvəli Babayev tərəfindən aldadıldığını bildirən sahibkar Fəqan Nəsibov dünən növbəti dəfə mətbuat konfransı keçirib. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) ofisində keçirilən mətbuat konfrasında sahibkarın nümayəndəsi Vüqar Poladov bildirib ki, artıq bu məsələni beynəlxalq müstəviyə çıxarmaq niyyətindədirlər: “Biz bu istiqamətdə ciddi iş aparırıq.
Artıq bir neçə xarici media quruluşu ilə danışıqlarımız olub. Bundan sonra sonuncu mətbuat konfransımız olacaq. Həmin media quruluşları da tədbirdə iştirak edəcək. Beləliklə də Lütvəli Babayevin qanunsuz əməli barədə bütün dünya xəbər tutacaq. Biz bunu istəmirdik. Lakin edilən müraciətlərə, mətbuatda gedən yazılara heç bir reaksiya verilmədiyi üçün məcbur olduq ki, məsələni beynəlxalq müstəviyə çıxaraq. Bu isə o deməkdir ki, bir icra başçısının tamahı üzündən etdiyi qanunsuz əmələ görə Azərbaycanın imicinə zərbə dəyəcək. Fikrimizcə, yuxarı orqanları bu barədə düşünməli və problemin qısa zamanda həllinə nail olmalıdırlar”.
Fəqan Nəsibov isə bildirib ki, o, iyunun 3-də Fəxri Xiyabandan Prezident Administrasiyasının qarşısına yürüş etmək niyyətindədir: “Bundan əvvəl mətbuat konfransı keçirib sonuncu xəbərdarlığımı edəcəm. Əgər Lütvəli Babayev dələduzluq yolu ilə məndən aldığı 65 min dollar pulu qaytarmasa o zaman dediyim kimi iyunun 3-də yaxınlarımla aksiya keçirəcəm. Mən başqa çıxış yolu görmürəm. Nə qədər müraciət etmək olar axı. Mən artıq müraciət etməkdən bezmişəm. Təsəvvür edin ki, təkcə ölkə başçısına 50 minə yaxın məktub yazmışam. Amma heç bir nəticəsi yoxdur. Lakin mən pulumu Lütvəli Babayevdən almaqda israrlıyam. Sona qədər mübarizəmi aparacam. Təkcə aksiya ilə kifayətlənməyəcəm. Lütvəli Babayevin plakatlarını hazırlayıb Bakıda yayacam. Bu plakatların üzərində onun qanunsuz əməlləri qeyd ediləcək”.
Xatırladaq ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən Fəqan Nəsibovun 65 min dollarını mənimsəyib. Sahibkarın sözlərinə görə, o zaman Mingəçevirdə trolleybus ləğv edilib. Lütfəli Babayev isə trolleybus xətlərini satmaq istəyib. Fəqan Nəsibov bu məsələ ilə bağlı icra başçısı ilə kabinetində görüşüb və sövdələşmə aparılıb. Sahibkar beh olaraq Lütfəli Babayevə əvvəlcə 30 min dollar verib. Daha sonra icra başçısı müxtəlif bəhanələrlə sahibkardan 35 min dollar alıb. Fəqan Nəsibov bir neçə ay gözlədikdən sonra icra başçısından səs-soraq gəlmədiyini görüb, yenidən onun qəbuluna gedib. Lakin Lütfəli Babayev onu qəbul etməyib.