Məzahir Pənahovun yenidən MSK sədri olması hakimiyyətin demokratiyaya yönəlik bircə addım belə, atmaq istəmədəyini göstərir
Azərbaycan hakimiyyəti Məzahir Pənahovu yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri təyin etməklə bir daha göstərdi ki, hər hansı islahat aparmaq niyyəti yoxdur. Ərəb ölkələrində inqilabi proseslərin baş verdiyi, dünyanın demokratik ölkələrinin avtoritar hökumətlərə Tunis və Misir hadisələrini nümunə gətirərək islahatların vacibliyindən danışdığı bir ərəfədə Ilham Əliyevin belə bir addım atmasını başqa cür dəyərləndirmək mümkün deyil.
Məzahir Pənahovun yenidən MSK-ya sədr təyin edilməsi seçkilərin yenidən saxtalaşdırılması, saxtakarlığa etiraz edənlərə qarşı repressiya maşınının işə düşəcəyi, xalqın iradəsinin zorlanacağı deməkdir. Ilham Əliyev bu addımı ilə nümayiş etdirdi ki, o da Hüsnü Mübarək, Bin Əli və Qəddafi kimi islahatlar yolu seçməkdən uzaqdır.
Ilham Əliyevin bu addımını siyasilər də birmənalı qarşılamır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Məzahir Pənahovun yenidən MSK-ya sədr təyin edilməsini qarşıdakı seçkilərin saxtalaşdırılmasına hazırlıq kimi dəyərləndirib: “Məzahir Pənahov hakimiyyətin sifarişi ilə bir neçə seçkini saxtalaşdırıb. Əslində bu adam məhkəmə qarşısında cavab verməlidir. Lakin Azərbaycandakı avtoritar hakimiyyət yenidən ona etimad göstərib. Çünki bu hakimiyyətə çirkin niyyətlərini həyata keçirmək üçün Məzahir Pənahov kimi saxtakarlar lazımdır”.
Fuad Qəhrəmanlı həmçinin bildirib ki, Ilham Əliyevin bu addımı Qərbə və Azərbaycan xalqına meydan oxumaqdır. “Bu addım onu göstərir ki, Azərbaycan hakimiyyətindən islahat gözləntisi əbəsdir. Bu hakimiyyət demokratik islahatlar aparmaq niyyətindən uzaqdır”,- deyə AXCP yetkilisi əlavə edib.
Azad



