Sabiq icra başçısı aeroportda saxlanıldı

Axtarış zamanı Mehbalı Əliyevin çantasından bahalı saat çıxıb

Nizami rayon Icra Hakimiyyətinin keçmiş başçısı Mehbalı Əliyev dünən saat 14 radələrində Binə hava limanında saxlanılıb. Bu barədə məlumatı AzNews.az yayıb. Məlumata  görə, Gömrük əməkdaşları tərəfindən saxlanılan keçmiş icra başçısının çantalarında axtarış aparılıb. Axtarış zamanı isə sabiq icra başçısının çantasından gömrük bəyannaməsində qeyd olunmayan bahalı saat tapılıb.
Vəziyyətin gərginləşdiyini görən M.Əliyev gömrük əməkdaşlarının axtarışını “qanunsuz” adlandıraraq aeroportda möhkəm səs-küy salıb, kənardakıların diqqətini çəkib. 10-15 dəqiqə davam edən mübahisə, səs-küy yalnız polisin və digər təhlükəsizlik qüvvələrinin işə müdaxiləsindən sonra dayanıb. Sonda M.Əliyev gömrükdən buraxılıb.
M.Əliyevin Qətərin paytaxtı Doha şəhərindən gəldiyi bildirilir.
M.Əliyev 2009-cu ilin sentyabrın 23-də ölkə Prezidentinin sərəncamı ilə icra başçısı vəzifəsindən azad edilib. Bundan sonra M.Əliyevə məxsus obyektlərdə axtarış aparıldığı və hətta bağından külli miqdarda qızıl tapıldığı barədə məlumatlar yayılmışdı.