Azərbaycanın dövlət başçısı Ilham Əliyev üç dəfə Irana rəsmi dəvət alsa da, bu dəvətlərdən heç biri reallaşmayıb. Buna səbəb iki ölkə arasında uzun müddətdir davam edən soyuq münasibətlərdir. Hazırda Iranla ziddiyyətlərin pik həddinə çatdığını söyləmək olar. 2013-cü il seçkiləri ərəfəsində Azərbaycan hakimiyyəti bu narazılığı bir neçə dəfə aradan götürməyə çalışıb.
Amma bununla belə Azərbaycan hakimiyyəti bu kampaniyanı aparmaqla yanaşı Qərblə də təbliğatını dayandırmayıb və Iranın Azərbaycan üçün potensial təhlükə olduğunu dilə gətirib. Iranla münasibətlərin normallaşmasına bu yaxınlarda əvvəlcə Əli Həsənov səviyyəsində cəhd göstərildi. Amma Azərbaycan nümayəndə heyətinin Irana səfəri bir nəticə vermədi. Daha sonra Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində Irana səfər təşkil olundu. Amma bu səfər də uğursuz alındı. Hətta bu səfərdə bir sıra xoşagəlməz məqamlar da yaşandı. Belə ki, R.Mehdiyevin konfidensial danışıqlarda istifadə etdiyi bir sıra fikirlər dərhal Iran mətbuatında yer aldı. Səfərin baş tutmamasını R.Mehdiyevin Azərbaycana qayıtmasından sonra azərbaycanlı alimin Iranda həbs olunması da sübut edir.
Hazırda isə Azərbaycan tərəfi Iranla münasibətləri normallaşdırmaq üçün daha bir adım atmaq niyyətindədir. Bu, Şeyxülislam, Qafqaz Müsəlmanları Idarəsinin sədri Hacı Allahşükür Paşazadənin Irana nəzərdə tutulan səfəridir. Artıq heç kimin şübhəsi yoxdur ki, bu səfərdə də məqsəd dövlətlər arasındakı münasibətlərin normallaşmasına xidmətdir. Budəfəki səfərin əvvəlki səfərlərdən fərqli cəhəti isə ondan ibarətdir ki, Hacı Allahşükür Paşazadənin Iranı hazırda faktiki idarə edən Xamneyi ilə görüşü nəzərdə tutulub. Şeyxin Iranın dini elitasında yaxşı əlaqələrinin olması bəzi ekspertləri bu məsələdə nikbin edir. Eyni zamanda Azərbaycanın dini rəhbərinin bu elitada əleyhdarları da kifayət qədərdir. Politoloqlara ünvanladığımız sual da elə bundan ibarətdir: Şeyxülislam və Qafqaz Müsəlmanları Idarəsinin sədri Azərbaycanla Iran arasında münasibətləri normallaşdıra biləcəkmi?
«Kimliyindən asılı olmayaraq səfərlərlə, görüşlərlə Iranla münasibətləri normalaşdırmaq çox çətindir»
Politoloq Vəfa Quluzadə hesab edir ki, kimliyindən asılı olmayaraq səfərlərlə, görüşlərlə Iranla münasibətləri normalaşdırmaq çox çətindir: “Iran Azərbaycanda konkret addımların atılmasını, gözləntilərinin doğrulmasını istəyir. Azərbaycan isə bu addımları atmaq iqtidarında deyil. Azərbaycanın son zamanlar Qərblə, xüsusilə Israil ilə əlaqələri dərinləşdirməsi Iranı narahat edir. Iran bu münasibətlərin dərhal sona çatdırılmasını tələb edir. Məhz bu üzdən Iran Azərbaycana qarşı sərt siyasət sərgiləyir. Ona görə mən Hacı Allahşükür Paşazadənin də səfərinin nəticə verəcəyinə inanmıram”.
«Hacı Allahşükür Paşazadənin səfərinin Tehran tərəfindən heç bir dəyəri yoxdur»
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Azərbaycan Iranla münasibətlərin normallaşmasına dəfələrlə cəhd göstərsə də sonda Tehran bunda maraqlı görünməyib: “Təsəvvür edin, son günlər Iran Qarabağla bağlı yaydığı məlumatlarda bu ərazini mübahisəli ərazi kimi göstərir. Azərbaycan Qarabağ ətrafında hərbi təlimlər keçirdiyi bir zamanda Iran mətbuatı belə bir yazı dərc edir ki, Ermənistan Azərbaycanın bu addımına yaxın günlərdə cavab verəcək. Mən Ermənistan mətbuatını izləsəm də, belə bir yazıya rast gəlməmişəm. Əksinə, Azərbaycanın keçirdiyi təlimlərdən Ermənistanda təşviş var. Iransa hər ötən gün Azərbaycana qarşı yeni təxribatlar icad edir və özünün antiAzərbaycan mövqeyini göstərir”.
Iran-Azərbaycan münasibətləri fonunda Hacı Allahşükür Paşazadənin səfərinin Tehran tərəfindən heç bir dəyərinin olmadığını deyən M.Əhmədoğlu vurğuladı ki, hər şey Şeyxin şəxsi bacarığından asılıdır: “Əgər Hacı Allahşükür Paşazadə Iranlıları alimimizi buraxmağı, münasibətləri normalaşdırmağı bacaracaqsa, bu uğur olacaq. Iranı qıcıqlandıran odur ki, nəyə görə Azərbaycanda Qafqaz Müsəlmanları Idarəsi var. Iranın imkanı olsa, bu idarəni hətta ləğv edər”.
Xəyal