Qocaman YAP-çıdan həmkarlarına ağır ittihamlar

maksim-musayevMaksim Musayev Əli Əhmədovu satqın adlandırdı, Eldar Ibrahimovun haqqında isə sərt ifadələr işlətdi

YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar Ibrahimov hakim partiyanın qurucularından olan Maksim Musayevin ittihamlarına cavab verib. Eldar Ibrahimov əvvəlcə Maksim Musayevin 1992-ci ildə Naxçıvana gəlişi barədə danışıb. O, modern.az saytına müsahibəsində qocaman YAP-çının həqiqətən də həmin ildə Naxçıvana gəlib Heydər Əliyevlə görüşdüyünü təsdiqləsə də, bildirib ki, eks-dövlət başçısı Maksim Musayevi tanımayıb:
“O zaman Maksim Musayev Naxçıvana gəlmişdi və məndən xahiş etdi ki, danışıb, Heydər Əliyevə deyim, onu qəbul etsin… Mən də Heydər Əliyevə dedim, Heydər Əliyev də dedi, kimdir, tanımıram onu. Dedim ki, bəs sizin vaxtınızda Qaxın birinci katibi olub. Dedi ki, yaxşı, nə olar, qoy gəlsin, görüşək”.
Eldar Ibrahimov daha sonra deyib ki, Maksim Musayev YAP-ın yaranması ilə bağlı Naxçıvanda keçirilən konfransda iştirak etsə də, orada çıxış etməyib: “Düzdür, Maksim Musayev də digər yoldaşlar kimi, o zaman  konfransda iştirak etdi, amma düzünü deyim ki, heç bilmədim Maksim Musayev konfrans salonunda harada əyləşmişdi. Çünki adam çox idi. Indi söhbət heç də bundan getmir, söhbət ondan gedir, daha doğrusu,  Maksim Musayev müsahibəsində deyir ki, konfransda o, eləcə də, mərhum Samur Novruzov çıxış edib… Düz demir, onların heç bir çıxış etməyib, konfransda kimlər çıxış edib, o da bilir, mən də bilirəm. Yəni, o bu məsələdə düz və ədalətli danışmır”.
YAP-çı deputat Maksim Musayevin “91-lər”in müraciətinə imza atmamasını isə bu cür şərh edib: “Axı, Maksim Musayevin şəxsən özünə müraciət olunmuşdu, eyni zamanda, adını çəkmək istəmədiyim bir şəxsə – çünki dünyasını dəyişib -, o cümlədən, başqa bir neçə nəfərə də mən özüm  təklif etmişdim ki, Heydər Əliyevlə bağlı müraciətə, indi ”91-lər” adlandırılanların müraciətinə qol çəkin, bunlar isə  demişdilər ki, bizdən uzaq edin”.
Maksim Musayev isə “Azadlıq”a bildirib ki, Eldar Ibrahimov doğru danışmır: “Necə yəni, Heydər Əliyev məni tanımırdı. Heydər Əliyev 1982-ci ildə məni Qaxın icra başçısı təyin edib. Təyinatdan əvvəl mənimlə görüşüb məsləhətlərini verib. Bu halda necə ola bilər ki, o məni tanımasın. Bundan başqa Zərifə xanım rəhmətə gedəndə mən Qaxın icra başçısı idim, amma buna baxmayaraq dəfnə getdim. Rəfael Allahverdiyev də orada idi. Yeri gəlmişkən, qeyd edim ki, mənim atamla rəhmətlik Əziz Əliyevin yaxşı münasibətləri olub.
Indi Eldar Ibrahimov nəyə görə belə danışır? Heydər Əliyev Naxçıvanda məni qəbul edib, bir saatdan artıq söhbətləşmişik”.
YAP-ın konfrasında çıxış etməməsi barədə Eldar Ibrahimovun dediklərin gəlincə, Maksim Musayev deyib: “Həmin çıxış ”Naxçıvan” qəzetində dərc edilib. Mən niyə yalan danışmalıyam axı? Mən YAP-ın tarixindən danışıram, hər şeyi olduğu kimi. Mən orada çıxış etmişəm. Özü də tələbkar çıxış etmişəm. Heydər Əliyevə bildirmişəm ki, ölkədə vəziyyət ağırdır, sizin siyasi proseslərdən imtina etməyə haqqınız yoxdur. Bunlar mənim tələbkar çıxış etdiyimə görə həmin qəzeti üzə çıxarmırlar”.
Qocaman YAP-çının “91-lər”in müraciətinə imza atmaması barədə Eldar Ibrahimovun fikirlərinə münasibəti isə sərt olub: “Bunu deyən qələt edib, başını daşa döyür. Mən xahiş edirəm ki, bunu belə də yazın. Ayıb olsun Eldar Ibrahimova, utansın. Xalan oğlu Siyavuş Novruzov cavandır bilmir nə danışır, sənə nə olub, ay Eldar Ibrahimov?! Mən ”91-lər”in müraciətinə imza atmamamığın səbəbini demişəm. Bir daha deyim. Mənə o zaman Rəfael Allahverdiyev dedi ki, belə bir müraciət var. Mən də soruşdum ki, kimlər imza atıb. O, bir neçə nəfərin adını çəkdi. Dedim məmuniyyətlə imza ataram. Amma sonra Əli Əhmədovun adını orada görəndə imtina etdim. Çünki Əli Əhmədov satqındır. Əli Əhmədov bir neçə partiya dəyişmiş adamdır”.
Maksim Musayev sonda əlavə edib ki, hazırda hakim partiyanın  rəhbərliyində təmsil olunanlar onun kimi YAP-ın qurucularını sıxışdırmaq, Heydər Əliyevə qarşı çıxmağa sövq etməyə cəhd edirlər: “Onlar istəyirlər ki, mən də Sirus Təbrizli də Heydər Əliyevdən üz döndərək. Bizə müxalifətçil damğası vurmaq istəyirlər. Lakin istəklərinə nail ola bilməyəcəklər”.

Azad