Seçim edə bilməmək rəsmi Bakıya nələr vəd edir?
Rusiya baş nazirinin sərəncamı ilə Bakı-Novorossiysk kəmərinin fəaliyyəti dayandırılıb. Əsaslandırma hissəsində göstərilib ki, Azərbaycan tərəfi bu layihə üzrə götürdüyü öhdəliklri tam yerinə yetirməyib.
Kremlin belə bir addım atmasının iqtisadi amillərlə bağlı olduğunu düşünmək mümkündürmü? Yaxud, belə bir vəziyyətin yaranmasının başqa hansı səbəbləri ola bilər?
Mediada yayılan başqa məlumatlarda isə deyilir ki, NABUCCO layihəsi yenidən gündəmə gəlib və Yunanıstandan başqa bütün tərəfdaşlar artıq layihənin işə düşməsinə imza atırlar. Bütün bunların ardıcıl təsadüf olduğunu demək olarmı?
Bakı-Novorossiysk iqtisadi layihə deyildi…
Rusiyanın Azərbaycandan enerji asılılığı ola bilərmi? Əlbəttə, bu sual yersiz deyil. Amma özü tam cavab mahiyyətlidir. Avropanın mühüm enerji deposu rolunu oynayan Rusiya Bakıdan sadəcə, ona görə neft alırdı ki, bu layihə ilə Azərbaycan hakimiyyəti Kremlə sədaqətini göstərirdi. Bunun mənası həm də onunla açıqlanır ki, Azərbaycan eyni zamanda Qərb şirkətlərilə tam əməkdaşlıq tablosunu bu ştrixlə pozmaq istəyirdi. Kreml isə Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək, bu müqaviləni dayandırır. Yəni, rəsmi Bakının bu sədaqət sövdələşməsindən imtina edir.
Bu layihənin siyasi mahiyyətinin başqa bir ifadəsi isə odur ki, Rusiya əslində, Qəbələ RLS ətrafındakı qalmaqala münasibətini bu addımla tamamladı. Azərbaycan hakimiyyəti isə bütün bu olanların sadəcə, tamaşa olmadığını anlayır. Amma imkanlarının üzərində olan bir oyunu başlamadığı üçün onu yönləndirmək imkanı da yoxdur.
NABUCCO gündəmə gəlibsə…
Belə bir mülahizə ola bilər ki, Azərbaycan hakimiyyəti Rusiya ilə dil tapa bilmədi. Bununla da regionda “ən azı, bir etibarlı qonşu” tapa bilmədi. Ramiz Mehdiyevin Irana səfəri də bu mənada xeyli qeyri-məhsuldar keçdi. Hətta məhsul xeyli zərərli oldu – iki vətəndaşımız bu ölkədə casusuluqda ittiham edilərək həbs olundu.
Qərb isə bütün hallarda öz işlərinin sırasını yaddan çıxarmır. NABUCCO – Orta Asiya enerji resurslarını Avropaya çıxarmaq üçün yeganə ciddi alternativ kimi qalır. Indi bu layihənin həyata keçməsinə dair ciddi addımlırın səsi eşidilməyə başlayıbsa, deməli, söhbət həm də Xəzər regionunun yenidən gündəmə gəlməsindən gedir. Bakı isə bu vəziyyətdə sadəcə olaraq qapı rolunu oynayır. Həm də nümunəvi qapı…
Assosiasiya müqaviləsindən qaçış
Əslində, belə bir versiya da tam mümkündür ki, rəsmi Bakı bu ilin payızına doğru Ukrayna, Moldova və Ermənistanın Avropa Ittifaqı ilə Assosiasiya müqaviləsinə qoşulması fonunda pis görünməmək üçün belə bir addım atır. Əslində, indi müşahidə etdiklərimiz status-kvonun fonunda inqilabi təəssürat yaratsa da, baş verəcək hadisələrin müqayisəsində daha Rusiyameylli görünür. Çünki ərazisində iki rus hərbi bazası olmasına baxmayaraq, Ermənistan Assosiasiya müqaviləsinə qoşulmağa razılıq versə də, Azərbaycan hakimiyyəti bunu hansısa digər addımlarla spekulyasiya edir. Bu, təbii ki, təkcə Kremlmeyllilik deyil, həm də oliqarxların maddi marağını, həmçinin Əliyevlərin hakimiyyət marağını qarantiyalamaq üçün atılan bir addımdır. Amma bir məsələ də var ki, rəsmi Bakı birmənalı seçim edə bilmədiyindən özünü yenidən məngənə arasına atdı. Görək bu dəfə də Ilham Əliyevin balanslı sıxışdırılması nə ilə nəticələnəcək.
Seymur Həzi