Bilmirəm, “Qul bayramı” ifadəsini tapan kimdi, ama bu qədər dəqiq təyinat olmaz. Sonuncu “Gül bayramı”ndan sonra çəkilmiş yağmalama videosunu “yutub”da izləyənəcən həmin ifadənin kəm-kəsirli olduğunu düşünürdüm. Ancaq bu videodan sonra…
Gerçəkdən, elə bir məqam yetişir ki, hətta ateist olsan belə üzünü hansısa məchul bir nöqtəyə tutub bağırmaq istəyirsən: “Tanrım, sən özün bu millətə rəhm elə! Ilahi, sənin bu millətə yazığın gəlsin!”.
Əlbəttə, deyə bilərik ki, o videoda gördüyümüz insan sürüsü millət deyil. Sadəcə, siyasi rejimin əlil, zəlil, şikəst günə qoyduğu toplum üzvləridi və haçansa bu rejim dəyişərsə, yerinə normal biri gələrsə, bu toplumu dəyişib millətin özünə layiq yetişdirmək, tərbiyə eləmək olar.
Ancaq toplum demirsən, nə de, nə fərqi, həmin fərdlər də bu millətdən deyilmi? Damarlarından onun qanı axmırmı? Onun mədəniyyətinin, ləyaqətinin varisləri, daşıyıcıları deyilmi bu nə bilim nəyə bənzər məxluqlar?
Yox, nə qədər yanıb-yaxılsam, acıqlansam da, yenə də onları bu millətdən saymağı yaxın buraxmaq istəmirəm. Mənim millətim bu isə, onda boğazıma bir çatı salıb özümü asmalıyam. Ya belə millətin övladı olmaqdansa, it olub hürmək yaxşıdı. Barı onlara baxıb xəcalət çəkməzsən. Insanda zərrəcə qürur olar barı! Ona görə də məcburam o insancıqları qul adlandıram ki, xəcalət əzabından qurtulam. Çünki qulun əxlaqı olmaz deyirlər, əxlaqı olmayanın isə milləti yoxdu. Özümüzü bu yolla olsa da, aldadıb təskinlik tapmalıyıq.
Mənim nə demək istədiyim bəlkə də anlaşılmaz olacaq. Onsuz da qəliz yazdığımı deyirlər. Zənnimcə, o videonu izləmədən mənim ağrılarımı anlamaq mümkün deyil.
Demək, həmin o 120 milyon manata başa gəldiyi rəsmi etiraf olunan mənasız-məzmunsuz Qul bayramı bitib. Vətəndaşların qanı bahasına başa gələn tonlarla gül zibilə çevrilib. Bir sürü məxluq – kimi əynini soyunub özünü suya vurub, kimi banan toplayan meymunlar kimi qüllələrə dırmaşıb, ordan bacısına, qardaşına, anasına, sevgilisinə gül dəstələri atır. Tam mənasıyla qırğın gedir. Bir-birinin ətini didməyə çalışırlar ki, biri o birindən daha çox və daha çeşidli gül toplaya bilsin. Bütün qara-qışqırıqlar, hay-küy, iyrənc sevinc nidaları içindən bir uşağın səsi süjet boyu kəsilmək bilmir: “Birini də! Birini də!”. Biri isə ot-ələflə kifayətlənmək fikrində deyil: “Delfini götür, delfini…”.
Sürüdə yaşlı da var, cavan da. Hamısı da bir ağılda, bir şüurda, bir səviyyədə. Neynirsiniz o gülü? Yeyəcəksinizmi? Içəcəksinizmi? Gözəlliyindən həzz alacaqsınızmı? Axı siz gözəlliyin nə olduğunu bilmirsiniz! Gözəllik sizin haqqınızdı. Ancaq siz haqqınızı tanımırsınız, istəmiriniz, uğrunda səsinizi çıxarmırsınız.
Ətrafda polislər dolaşır və kimsəyə bir şey demir. Baxın, sizə güldən ağır söz demirlər. Sizi adam saymırlar – adam ot-ələfi neynir? Ama siz bu güllər üçün dağıdılan 120 milyonunuzun bir qəpiyi üçün bu cür savaşa qalxsaydınız, sizi yeyərdilər, çeynərdilər, çığnardılar, bitirərdilər, türmələrə doldurardılar, sizi antimilli ünsür elan edib, cibinizdən top, tank, narkotik çıxarardılar. Onların sizi nə yerə qoyduğunu anlamırsınızmı? Bu güllər sizin yeyilmiş haqqınızın maddələr mübadiləsindən sonra yerdə qalan p… kütləsidi. Sizə bu hakimiyyətin rəva gördüyü ancaq bu: maddələr mübadiləsindən sonra yerdə qalan kütlə…
Mən bu sürüdən qorxdum. Sabah bir inqilab olsa, onlar bu ölkəni də eyni vəhşiliklə dağıdacaq, talan eləyəcəklər. Çünki onları belə tərbiyə ediblər. Gəncədə, Sumqayıtda dövlət başçısının onlarla metrəlik tortları üstündə də belə qırğın düşmüşdü. Gözünüzü açın, o sürüyə yaxşı baxın. Onlar bir gün sizi ələ keçirsə, elə bu güllər kimi qüllədən qoparıb aşağı atacaqlar. Yazığınız gəlsin bu millətə. Yaxşı, millət cəhənnəm, özünüzə acıyın. Bəlkə hələ gec deyil?..

Gül rəzaləti
•
•