Hindistandan görünən Azərbaycan açılımı

III
Hindistanda 845 dildə danışılırdı. Ölkədə 200-dək xalq vardı. Üstəlik, kastalar, çoxlu sayda, daha doğrusu, irili-xırdalı saysız sosial qruplar istər-istəməz ölkədə Babil qülləsi sindromunu yaradırdı. Ingilis işğal rejimi “ayır-buyur” əski imperiya siyasətini işə salmaqla bu faktordan böyük ustalıqla yaralanırdı. Rejim eləcə də bir ovuc yerli adamı görəvləndirib varlandırmaqla özünə ölkədə güclü dayaqlar yaratmağa çalışırdı. Birincidə xalqı parçalamaqdan, ikincidə xalqın içindən xalqa düşmənlər yaratmaqdan yararlanılırdı. Xalqdan olan bu məmur-düşmənlər xalqın necə yaman gündə yaşadığını görərək işğal rejiminə, rejimin başında duranlara IT kimi bağlanır, xalqı soymaq bir yana, əzmək gərək olanda belə, onlar ağalarının bütün göstərişlərini artıqlamasilə yerinə yetirirdilər. Hindistanın Balqanqadxar Tilak, Qopal Krişna Qokxale, Mahatma Handi, Cəvahirləl Nehru kimi öndərləri belə bir durumda ortaya çıxmış, xalqı ingilis ağalığı – işğal rejimi ilə savaşa qaldırmışdılar.
Hindistan özgürlük öncüllərindən olan Mohandas Karamçand ölkədə sayca beşinci xalq olan qucaratlar arasından çıxmışdı (Qucaratlar Hindistanın türk soylu xalqlarından sayılır). O, Ingiltərədə hüququ öyrənib, Bombeydə vəkillik edib, Qucarat knyazlığının Güney Afrikadakı alış-veriş firmasının hüquq konsultantı işləyib, orada hindlilərin sıxışdırılmasına qarşı çarpışmaya başçılıq edib. Orada da dinc dirəniş taktikasını yaradıb. 1915-ci ildə Hindistana qayıdıb, o çağdan da 1885-ci ildə yaradılmış Hindistan Milli Konqresinin ideya liderinə çevrilib. 845 dildə danışan, min yerə parçalanan bir ölkəni bir araya gətirmək bacarığına görə xalq ona Mahatma Handi – böyük ruh adını verib. M.Handinin dinc dirəniş taktikası insana, insanlığa sayğı, sevgi fəlsəfəsindən qaynaqlanırdı. Özünün insana, insanlığa, başlıcası da, işğal rejimi altında əzilən, bütünlüklə hüquqsuz duruma gətirilən hindistanlı yurddaşlarına sonsuz sevgisilə, gündəlik dolanışığında, keçənəcəyində özünü milyonlardan ayırmaması ilə Handi öncə ölkə içində, sonralar ölkə dışında milyonların sevgisini, sayğısını qazanmışdı. Milli Konqresdə onun hər çıxışı-ideyası keçərli idi. Ancaq… üstün bir lider olaraq hərdən o, özü öz ideyasına keçərsizlik qazandırmağı da bacarırdı – realist düşüncə axarında, mili maraqlara üstünlük verməklə!
Handi sonadək özünün DINC DIRƏNIŞ taktikasına bağlı qalmışdı. Rejimin ağır basqıları, aşırı qanunsuzluqları qarşısında Konqres hərdən çox sərt qərarlar verməli olurdu. Belədə ortaya Handi idealizmi ilə realistlər arasında kəskin toqquşmalar çıxırdı. Idealından azacıq da geri durmayan Handi belədə durumu düzgün, realistcəsinə dəyərləndirərək gərəkən addımı atırdı: sözünü deyib, Konqresdən gedir, uzaqlaşır, bir ara – Konqres öz qərarını gerçəkləşdirənədək “yoxa” çıxırdı. Sonra Handi yenidən Konqresdə başlıca söz yiyəsinə çevrilirdi. Beləcə, liderlər böyük anlayışla bir-birini YOLA VERMƏKLƏ rejimlə barışmaz çarpışmanı sürdürür, hərdən bir-birindən uzaqlaşanda belə, ortaq ideyalara, ideallara bağlı qalmaqla, bu yolda dönməzlik göstərməklə Hindistanın bağımsızlıq, demokratiya dönəmini birlikdə yaxınlaşdırırdılar. Ambisiyasından keçməklə hamı Milli Konqresi qoruyur, bununla Milli Konqres milli birlik faktoru olaraq yaşarılıq qazanırdı. Işğalçı rejim MK-ni parçalamaq üçün “Müsəlman cəmiyəti” yaradır. Sonra da “Müsəlman cəmiyətinə” qarşı duran millətçi hind siyasi partiyasını (“Hindistanın böyük birliyi”) yaradır. Ancaq…
Rejimin bütün pozucu çalışmaları Konqres liderlərinin birgə işi, xalqın böyük gücü qarşısında boşa çıxır. Özgürlük, Demokratiya çarpışmalarının böyük yolçularından olan Cəvahirləl Nehrunun başçılığı ilə Hindistan işğal rejimindən qurtulur!